Qarabağdakı vəziyyəti müzakirə ediblər Putin və Lukaşenko

15 Aprel 2021 13:53 (UTC+04:00)

Rusiya dövlət başçısı Vladimir Putin Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə telefonda danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, liderlər ikitərəfli gündəliyi və Qarabağdakı vəziyyəti müzakirə edib, müttəfiqlik münasibətlərini gücləndirmək niyyətlərini dilə gətiriblər.

"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus Respublikasının prezidenti Aleksandr Lukashenko ilə telefon danışığı aparıb. İkitərəfli gündəliyin bəzi vacib məsələləri müzakirə edilib. Rusiya-Belarus müttəfiq münasibətlərinin hərtərəfli möhkəmləndirilməsi üçün qarşılıqlı inam ifadə edilib", - deyə Kremldən verilən məlumatda deyilir.

Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya və Belarus prezidentləri Belarus liderinin Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağdakı nizamlanmanı da müzakirə ediblər.

Nəzərə çatdıraq ki, Lukaşenko 13-14 aprel tarixlərində Bakıda işgüzar səfərdə olub və burada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.

"Aleksandr Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağ nizamlanması mövzusuna da toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib", deyə Kremlin də məlumatında qeyd olunur.

Xatırladaq ki, 2020-ci il sentyabr ayının sonunda Ermənistan tərəfinin növbəti təxribatları nəticəsində Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlayıb və 44 gün davam edən müharibə Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya sənədini imzalaması ilə, təbii ki, Ermənistanın məğlubiyyəti ilə nəticələnib. Atəşkəs üçün bir neçə dəfə cəhd edilsə də, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəq olduğu ortaya çıxıb. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin, ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.