Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

15 Aprel 2021 12:33 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gədəbəy rayonunda Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar Gədəbəy Aşıq Məktəbində ustad dərsləri, rayondakı Heydər Əliyev Mərkəzində isə aşıq sənətinə həsr olunmuş beynəlxalq onlayn elmi konfrans keçirilib.

SİA-nın məlumatına görə, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2021-ci ilin birinci yarımillik İş Planına əsasən gerçəkləşib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının baş müəllimi, Mehdiabad Uşaq Musiqi Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Aşıqlar Birliyinin üzvü Hafiz Kərimovun iştirakı ilə xüsusi karantin rejiminə ciddi riayət olunmaqla təşkil edilən ustad dərslər Gədəbəy Aşıq Məktəbinin muzeyində keçirilib. Ustad dərsləri çərçivəsində iştirakçılara notlarla bağlı zəruri məlumatlar verilib. Eyni zamanda, aşıq sənətində notlardan istifadə olunması və öyrənilməsi mövzusunda ustad dərslərinin davam etdirilməsinə dair fikirlər səsləndirilib.

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində beynəlxalq onlayn elmi konfrans isə aprelin 14-də baş tutub.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli, Urmiya Universiteti Ədəbiyyat İnstitutunun Türk dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirəli Rizai, Türkiyə Respublikası Konya Mədəniyyət Turizm Birliyinin üzvü, Konya Aşıqlar Bayramının təşkilatçısı Arif İnan Yıldırım, L.N.Gumilev adına Eurazya Milli Universiteti, “Otırar kitabxanası” Elmi Tədqiqat Mərkəzinin baş elmi işçisi Erkegül Arykkarkızı, Qırğızıstan-Türkiyə Manas Universitetinin Təsviri incəsənət fakültəsinin müəllimi Sebahattin Sivrikaya, Azərbaycan Aşıqlar Birliyinin Qazax bölgəsi üzrə aşığı Hüseyn Dəryahquliyev, Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölgəsi üzrə sədr müavini, Gəncə Musiqi Kolleci və Z.Qayıbov adına Uşaq Musiqi Məktəbinin Saz ixtisası üzrə müəllimi İlqar Nəcəfov, Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Azərbaycan Aşıqlar Birliyinin üzvü Hafiz Kərimov, Gədəbəy Aşıq Məktəbinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü Etibar Əliyev, Əməkdar mədəniyyət işçisi, ustad aşıq İmamverdi Mustafayev, Gədəbəy ziyalılarının nümayəndəsi, Arısu kənd məktəbinin direktoru Rauf Əliyev, Gədəbəy Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına vermiş olduğu töhfələr, habelə türk dünyası aşıq sənətinə təsiri haqqında fikir mübadiləsi aparılıb. Konfrans iştirakçıları aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı çıxışlar edilib. Aşıq sənətinin türk dünyasını mənəvi bağlarla birləşdirən ən önəmli amillərdən biri olduğu xüsusilə vurğulanıb.

Sonda konfrans iştirakçıları göstərilmiş dəstəyə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.