Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı

14 Aprel 2021 19:42 (UTC+04:00)

Dünya tarixi qanlı savaşlar, müharibələr və döyüşlərlə zəngindir. Bəşər tarixi yaranan gündən insanlar, dövlətlər daima konflikt mənbəyi axtarmış, bir-birlərinə iddialar irəli sürmüş və bütün bunların sonu savaşlara gedib çıxmışdır. Amma bütün bunların içində ən şərəflisi, dəyanətlisi Vətən uğrunda aparılan savaşdır. Şükürlər olsun ki, Azərbaycan öz payına düşən bu sınaqdan üzü ağ çıxmışdır. 44 günlük Vətən müharibəsi də bunun sübutudur. Biz heç vaxt başqasının torpağına, ərazisinə göz dikməmişik, əksinə hamının nəfsi həmişə bizim doğma yurdumuzda, bərəkətli torpaqlarımızda olub.

Yaşanmış hadisələrin tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan dövlətçiliyi son otuz illik dövr ərzində apardığı mübarizənin nəticəsində formalaşaraq müasir vəziyyətə gəlmiş, çoxsaylı faciələr, qanlı-qadalı hadisələrdən keçmiş və itkilər vermişdir. XX yüzilliyin sonları Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ölkə, daxili və xarici düşmənlərin əli ilə parçalanmaqda idi. Azərbaycanı güclənməkdə olan fəlakətdən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü Heydər Əliyev onilliyidir. Məhz bu dövrdə "müvəqqəti atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuşdu. Ən əsası dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar həyata keçirilmiş, qlobal layihələrə imza atılmış və respublikamız tədricən dünya birliyinin sıralarında yer alaraq, sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdır. Sonda illərdir aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını düşmən tapdağından azad etmiş və ərazi bütövlüyünü nəhayət bərpa etmişdir.

Şübhə yoxdur ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra hələ çox danışılacaq, kitablar yazılacaq, filmlər çəkiləcəkdir. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik döyüşçülərimizin ruh yüksəkliyi və beynəlxalq müstəvidə aparılan uğurlu və məqsədyönlü siyasət idi. Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, hər günü dastan olan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Biz bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ordusunun hərbi uğurları, düşünülmuş strategiya, reallaşdırılan taktikalar, əməliyyatlar bir çox ölkələrin hərbi qüvvələri üçün nümunədir. Hələ müharibə dövründə müxtəlif xarici media nümayəndələri, agentliklər bu barədə dəfələrlə yazmışdılar, reportajlar hazırlamışdılar. Biz bunuda bilirik ki, gələcəkdə Azərbaycan ordusunun hərbi nəaliyyətləri barədə dərsliklər, tədris vəsaitləri bütün dünyada geniş yayılacaqdır. Artıq dünyanın bir çox hegemon dövlətləri bizim hərb strategiyamızı incələyir, özləri üçün yeniliklər kəşf edirlər.

Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Hərbi Qənimətlər Parkı inşa edilmişdir. Əlbəttə ki, bu çox əlamətdar bir hadisədir. Parkın salınmasında məqsəd 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və qazandığı möhtəşəm tarixi Zəfər barədə dolğun təsəvvür yaratmaq və Azərbaycanın qürur səhifəsi olan Şanlı Zəfərini əbədiləşdirməkdir. Beləliklə, Azərbaycanın qəhrəmanlıq tarixi ilə maraqlanan vətəndaşlarımız və ölkəmizə qonaq gələn əcnəbilər burada açıq səma altında maraqlı və unikal bir muzeylə tanış olmaq imkanı qazanacaqlar.

Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus 150-yə yaxın qismən istifadəyə yararlı və ya tam yararsız döyüş texnikası parkda öz yerlərini tutmaqdadır. Düşmənin həmin döyüş texnikasının bir qismi ötən il dekabrın 10-da keçirilən Zəfər paradında xalqımıza və eləcə də dünyaya nümayiş etdirildi. Həmçinin parkda düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görəcəklər. Avtomobillər, zirehli texnikalar, artilleriya qurğuları açıq səma altında qonaqlara nümayiş etdiriləcək. Eyni zamanda, Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti Hərbi Qənimətlər Parkında öz əksini tapacaq. Burada Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası da olduğu kimi qurulmuşdur. Parkı ziyarət edən hər kəs Azərbaycan əsgərinin keçdiyi çətin döyüş yolunu, hansı maneələrdən keçərək doğma torpaqlarını işğaldan azad etdiyini görəcəklər. Gələcək nəsillər üçün də miras mahiyyəti daşıyan bu Park Azərbaycanın şərəfli döyüş yolunun əyani nümayişi olacaq. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İskəndər M” raketinin qalıqları da var.

Parkı ziyarət etdikdən sonra Prezident İlham Əliyev Silahlı Qüvvələrin təltif olunan hərbi qulluqçuları ilə görüşdü və burada geniş nitqlə çıxış etdi. Çıxışı zamanı bir çox vacib açıqlamalar verən və münaqişənin gedişatı ilə bağlı fikirlər səsləndirən ölkə başçısı bildirmişdir ki, Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Qarşında vəhşi varkən xeyirxah olmaq olmaz.

Sonda, ölkə başçısı öz əsgərinə təşəkkür etdi. Çünki, onlar Azərbaycan xalqının, dünya azərbaycanlılarının və ümumilikdə türk dünyasının üzünü ağ etdilər. Onlar döyüşərək, qan tökərək torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Dövlət başçımız cənab İlham Əliyevin də dediyi kimi, “Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”.

Vüqar Nəsirov

YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi