"Hərbi Qənimətlər Parkı düşmənə və onun havadarlarına növbəti dərs oldu" Jalə Əliyeva

14 Aprel 2021 17:50 (UTC+04:00)

"Xalqımız ötən ilin sentyabr ayından bu günə kimi həyəcan dolu günlər yaşayır. Hər günümüz, hər anımız yaddaqalan hadisələrlə zəngindir. Növbəti tarixi və yaddaqalan hadisə isə Prezident, Müzəffər Ali Baş Komandan, qalib sərkərdə, xalqının xilaskar oğlu İlham Əliyevin iştirakı ilə Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra düşmənə və onun havadarlarına verilən növbəti dərs oldu". Bunu SİA açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, düşmən uzun illər bu dərsi unutmayacaq, özlərinə gələ bilməyəcəklər: “Bəli, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ermənilərə verdiyi dərsdir, Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”udur! Bunu ancaq Qalib Xalqın Qalib Lideri edə bilərdi və etdi də.

Prezident İlham Əliyev böyük Zəfərimizdən, eləcə də dekabrın 10-da keçirilən Zəfər Paradından sonra Ermənistana və onun havadarlarına Hərbi Qənimətlər Parkının açılışı ilə növbəti məğlubiyyət acısı yaşatdı. Bir daha nümayiş etdirildi ki, Azərbaycan gücü, qüdrəti ilə özünü təsdiqləmiş, öz imzasını qoymuş, öz möhürünü vurmuş Qalib Məmləkətdir! Artıq onunla zor, təhdid, diktə dili ilə danışmaq olmaz, o özü oyun qaydalarını müəyyənləşdirir, özü istiqamət verir. Artıq Azərbaycanın gücü qarşısında heç nə dayana və onun növbəti qələbələrə gedən yolunu kəsə bilməz!”

Jalə Əliyeva qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi təkcə bizim xalqımızın qələbəsi deyil, bütün türk dünyasının qələbəsidir: “Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, “dəmir yumruq” yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər”.

Deputat bildirib ki, Hərbi Qənimətlər Parkında nümayiş etdirilən hərbi texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. Vətən müharibəsi zamanı 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilib, qənimət götürülüb. Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək. Bu Qələbəni əldə etmək nə qədər çətin olsa da, Azərbaycan hərbçiləri düşməni məğlub edərək torpaqlarımızdan qovmağı bacarıb.

Onun sözlərinə görə, indi işğaldan azad edilmiş torpaqlara gedən insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görür, erməni vandallarının törətdikləri vəhşiliklərin canlı şahidləri olurlar. Biz bu vəhşiliyi, bizə edilənləri unutmayacağıq: “Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi, bu gün Ermənistanda baş qaldıran bəzi revanşist qüvvələr bilsinlər ki, “dəmir yumruq” yerindədir və lazım olarsa, başlarını elə əzərik ki, hər şeyə birdəfəlik son qoyular və son da qoyulacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından cəmi bir gün sonra, aprelin 13-də ADA Universitetində təşkil edilmiş beynəlxalq konfransda çıxışı zamanı növbəti və qətiyyətli mövqeyi ilə revanşist qüvvələrə son xəbərdarlıq etdi. Azərbaycan öz Qalib Lideri ilə daha böyük uğurlara addımlayır və addımlayacaq! Çünki bizim yolumuz haqq yoludur və həqiqət bizim tərəfimizdədir”.