Biz Ermənistanla bacarmışıq və bacarırıq - MÜSAHİBƏ

14 Aprel 2021 16:19 (UTC+04:00)

SİA “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir.

- İrəvandan Bakıya uçan təyyarədə “erməni əsirlər”in geri qaytarılacağı iddiası yayıldı. Amma sonra bildirildi ki, təyyarə Ermənistanın paytaxtına boş dönüb. Bu baş verənlər haqda sizin fikriniz nədir, nə baş verir? Əvvəlcə Moskvaya Ermənistanın baş naziri Nikol Paşinyanın əsas rəqibi Köçəryanı çağırıb, Rusiyanın əsas dövlət kanalına çıxartdılar. Həmin gün də Rusiya prezidenti Vladimir Putinlə bir saat onlayn görüşü oldu. Belə olduqda, Paşinyan fikirləşdi ki, Rusiya Köçəryanı əlində dəyənək kimi tutub. Daha sonra Paşinyan görüşə getdi. Görüşdə də çox maraqlı hadisə baş verdi. Görüşdən qabaq televiziyalar çəkəndə Paşinyan belə bir ifadə işlətdi ki, “əsirlər məsələsində Rusiya və Ermənistanın baxışları üst-üstə düşür”. Halbuki, Putin əsirlər mövzusunda heç bir fikir söyləmədi. Paşinyan İrəvana qayıtdıqdan sonra Rusiya prezidenti baş prokuroru İqor Krasnovu bölgəyə göndərib. Ola bilsin Krasnovu əsirlərlə bağlı göndərib. Amma Moskvada anlamalı idilər ki, Paşinyanla dərhal görüşdən sonra biz heç zaman onların “əsir” adlandırdığı divertsanları təhvil verə bilmərik. Onda belə çxacaqdı ki, biz təzyiq qarşısında geri addım atmışıq. İkinci bir məsələ isə bizim şərtlərimizi onlar hələ də yerinə yetirməyiblər. Minalanmış ərazilərimizin xəritələrini verməyiblər. Bununla yanaşı, İskəndərlə bağlı Rusiya bizə açıqlama verməyib. Bütün bunlar yoxkən həmin təyyarə təbii ki, boş qaytarılmalı idi.

- Paşinyan Moskvada qeyd edib ki, Dağlıq Qarabağ məsələsi hələ tam həll olunmayıb. Bu fikir nədən qaynaqlanır?

Ümumiyyətlə, diplomatların məşhur bir sözü var. Şeytan detallarda gizlənir. Adətən belə görüşlərdən əvvəl tərəflər media üçün çıxış edir. Daha sonra isə görüş qapalı şəkildə olur. Media üçün çıxışda bəzi fikirlər söylənilib. Hansı ki, o fikirlər erməni cəmiyyətinə ünvanlanıb. Çünki parlament seçkiləri gündəmdədir. Paşinyan göstərmək istəyir ki, Rusiya onu Moskvaya dəvət edib və onunla hesablaşıb. Baxmayaraq ki, onu qərbpərəst kimi qələmə verirlər. Əsirlər mövzusu Ermənistanın əsas mövzusudur. Onu Paşinyan gündəmdə saxlayır. Guya məsələsin həll edib. O ümid edir ki, status məsələsi gündəmə gələ bilər. Çox təəssüf ki, Rusiyadan biz biraz mənfi siqnallar aldıq. Mən bir yazı oxudum Rusiya xarici işlər nazirliyinin keçmiş müavini o da bir mövzu atıb ki, ortaya "bəs yaxşı olardı ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Minsk qrupunun həmsədrləri ilə görüş keçirsinlər". Bizim üçün o məsələ bitib. Möhtərəm Prezident İlham Əliyev də onlarla son görüşündə də qeyd etdi ki, mən sizi çağırmamışam. 26 ildi bir məsələni uzatdılar. BMT-nin 4 qətnaməsi var. Onlar heç birini həll etmədilər. Azərbaycan ordusu özü həll etdi. Sonda nə baş verdi bəs? Guya Rusiya və Amerika bütün məsələlərdə fikir ayrılığı var. Amma Qarabağ məsələsində isə ortaq baxışları var. Bu günlərdə keçmiş Amerika sədri Hoqlan ifşaedici məqalə ilə çıxış etdi ki, "biz 5 ulduzlu otellərdə qalırdıq. Bahalı restoranlarda nahar edirdik". Rusiyanı da Lavrov planı ilə bağlı faş etdi. Onun bu yazıları Rusiyanın xoşuna gəlməyəcək. Artıq Minsk qrupu çərçivəsində Rusiya və Amerikada fikir ayrılığı olacaq.

- Ümumiyyətlə, Rusiyanın son günlərdəki fəallığı nə ilə əlaqədar ola bilər?

Müharibəyə qədər Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllinə marağı olmayıb. Amma müharibə dövründə aktivliyini artırdı. Çünki iki bəyanat Moskvanın vasitəçiliyi ilə imzalanıb. Belə deyək Rusiya özünü bu məsələnin sahibi kimi sayır. Bircə Türkiyə ilə məsləhətləşmələr olur. Ona görə də deyir ki, bu məsələ mənlikdi. Bu məsələ onluq olsa da İskəndər məsələsinə hələ də aydınlıq gətirmək istəmirlər. Əslində Bizim üçün aydındır. Ruslar o raketlərdən bizə qarşı istifadə edir. Biz qalıqları göstəririk, videoları göstəririk ki, raket Şuşaya atılıb. Bu raketi Rusiya heç kimə vermir. Faktlar, dəlillər onların əleyhinədi. İzahat vermək əvəzinə yalan danışırlar. Biz də bundan nəticə çıxartmalıyıq. Bir məsələyə də toxunum ki, rus hərbiçiləri Dağlıq Qarabağa gəlmiyənə qədər bizim Rusiya ilə aramızda bu qədər problem yox idi. Özləri istədilər ki, Qarabağda mövzu olsunlar. Amma indi münasibətlərə o qədər zərbə vurdular ki, ona görə də biz seçimimizi etməliyik. Mənə elə gəlir ki, Şuşada Türkiyənin hərbi qarnizonu olmalıdır. Bu iki səbəb üçün bizə lazımdır. Birinci səbəb son yüz ildə Şuşa ilə bağlı erməni seperatçıları bizə problemlər yaşatdı. İşğal etdilər, yandırmağa, dağıtmağa çalışdılar. Əlbəttə biz müharibədə qələbə çaldıq. Biz Şuşanı qoruyacayıq, amma türk qarnizonu olsa Şuşanın təhlükəsizliyi daimi olacaq. İkinci səbəb isə biz istəyirik ki, bu təxribatları görəndən sonra Rusiya hərbiçiləri ən az 5 ildən sonra bölgəni tərk etsin. Hadisələrin gedişatı ona doğru gedir ki, erməni seperatçıları ilə birləşərək, bölgəni tərk etmək istəmiyəcəklər və ən pis halda bizim üçün hərbi baza yarada bilərlər. Əgər bizim Şuşada türk hərbi qarnizonumuz olsa, Rusiya və erməni seperatı etiraz edəcək. Biz təklif edə bilərik ki, əgər istəmirsinizsə, Dağlıq Qarabağda türk hərbi qarnizonu olsun onda Rusiyanın da olmasın.

- Rusiyanın bu aktivliyi qarşısında Azərbaycanın əli nə qədər güclüdür, daha doğrusu, bizi güclü edən əsas amillər nələrdir?

Bizi güclü edən əsas amil Türkiyə ilə hərbi tittifaqdır. Müharibə dövründə bütün dünya gördü ki, Türkiyə bölgədə söz sahibidir. Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və Dağlıq Qarabağda var. Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik və bu istiqamətdə ciddi addımlar gedir. Dövlət başçısının da önəmli bir fikri var ki, Azərbaycan ordusu türk ordusunun kiçik bir modeline çevrilib və bu istiqamətdə ciddi addımlar atılır. Azərbaycan ordusu artıq Türkiyə və Nato standartları ilə inkişaf edir. Bəs nəyə görə biz müharibədə qələbə çaldıq? Çünki ermənilər keçmiş sovet ordusunun texnikası ilə silahlanmışdı, o sistemi mənimsəmişdi. Biz isə müasirləşdik. Doğrudur, biz müharibədə qələbə çaldıq. Amma bizim ordumuz daima güclü olmalıdır. Çünki son 100 ildə ermənilər tərəfindən hər dəfəsində arxadan zərbə aldıq. Biz deyirik ki, 30-40 il müharibə edəcək halları yoxdu. Amma rövanş hissi ilə yaşayırlar.

- Qardaş ölkə olan Türkiyə hazır ki, situasiyada, bölgədəki proseslərə münasibətdə hansı pillədə dayanıb?

Məncə ən yüksək pillədə dayanıb. Mən xatırlamıram ki, biz Türkiyə ilə bu qədər strateji anlamda yaxın olaq. Hətta keçmişdə müəyyən suallar da yaranırdı. 2010-cu ildə Türkiyənin keçmiş Xarici İşlər Nazirinin ermənilərlə münasibətləri nizamlamaq istəyirdi. Biz də buna narazılıq etdik. Xoşagəlməyən müəyyən hadisələr baş verdi. Daha sonra Ərdoğan Bakıya gəldi və parlamentdə çıxış edərək dedi ki, məsələ həll olunmayana qədər sərhədlər açılmayacaq.
Mənə elə gəlir ki, biz hətta konfederasiyaya doğru gedirik. Əlbəttə biz Ermənistanla bacarmışıq və bacarırıq. Gələcəkdə də müharibə çıxsa yenə bacararıq. Amma bizim qarşımızda başqa güclər də var. İskəndər raketlərini bizə atırlar. Cənubda müəyyən dairələr var ki, Azərbaycanın müstəqilliyini istəmirlər. Bu təhlükələrdən özmüzü qorumaq üçün Türkiyə ilə hərbi siyasi ittifaqı daha üst səviyyəyə qaldırmalıyıq ki, bizə qarşı hansısa planlar qurmaq istəyənlər qarşıda tək Azərbaycanı deyil, Azərbaycan-Türkiyə ittifaqını görsün.

- Bəs nə üçün indiyədək bu məlumatı aşkara çıxarmaq mümkün olmayıb? Əgər müharibə hər bir şey qeydə alınırdısa, niyə yalnız martın 15-də axtarış zamanı “İskəndər M”raketinin qalıqlarının tapılmasından sonra bu raketdən istifadə edildiyi üzə çıxarıldı?

Ola bilsin ANAMA-nın bu məsələni faş etməsindən öncə ola bilsin qapalı görüşüblər olub. Azərbaycan və Rusiya rəsmiləri arasında ki, bu məsələdir. Bizim əlimizdə ola bilsin ki, başqa faktlar da var. Sadəcə rəsmilərimiz bunu açıqlamırlar. Bizim kosmik izləmə sistemlərimiz var. Sadəcə biz Rusiyaya imkan yaradırıq ki bu məsələyə aydınlıq gətirsin. İstəyirlər ki, biraz zaman keçsin biz “İskəndər” məsələsini unudaq. Biz bunu unuda bilmərik. Bu raketlər faktiki bizə atılıb. Bizim əlimizdə başqa faktlar da var. Əgər Rusiya bu məsələdə susqunluğunu qorusa biz iki addım atmalıyıq. Birincisi Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq bəyanat hazırlayıb, yayınlamalıdı. İkincisi Rusiyanın Azərbaycandaki səfirini nazirliyə çağırıb ona nota verilməlidir. Rusiya böyük dövlətdir, bizim qpnşumuzdur. Münasibətlərin normal olmasını biz də istəyirik. Amma Rusiyadan Azərbaycana qarşı təxribat edilibsə, biz buna səssiz qala bilmərik. Biz bu addımları atmalıyıq. Əgər atmasaq, Rusiya elə biləcək ki, biz ondan qorxuruq və bu məsələni ört-basdır etməyə çalışacaqlar.

Arzu Elsevərqızı