7 Avropa ölkəsindən yaşıl addım

14 Aprel 2021 11:57 (UTC+04:00)

Avropanın ən böyük iqtisadiyyatları da daxil olmaqla yeddi ölkə, fosil yanacaq sektorunda ixrac kreditlərinə dövlət dəstəyini dayandırmağı qərara alıb. SİA fransız mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamanı Fransa maliyyə naziri Bruno Le Maire verib.

Fransız nazir, "Hər bir ölkənin sənaye ehtiyaclarını və bunların məşğulluğa təsirlərini nəzərə alaraq, fosil yanacaqlara dair bütün ixrac kredit zəmanətlərini dayandırmağa qərarlıyıq”- deyə bildirib.

Qərara uyğun olaraq, Almaniya, İngiltərə, Fransa, İspaniya, Hollandiya, Danimarka və İsveç bu gündən etibarən ekoloji cəhətdən təmiz layihələrə fokuslanaraq ixrac siyasətlərində daha şəffaf olacağını vəd ediblər. Dövlət ixrac kredit agentlikləri portfelinin böyük bir hissəsini kömür və yanacaq təşkil edir. Dövlətin dəstəklədiyi bu təşkilatlar, şirkətlərə xaricdəki zərərlərə qarşı kredit zəmanəti ilə sığorta xidmətləri göstərirlər.

Reutersin xəbərinə görə, Yeddi ölkə arasında İngiltərə, Fransa və İsveç fosil yanacaqlarla əlaqədar yol xəritəsini artıq müəyyənləşdirib, digər 4 ölkə isə hələki heç bir plan qurmayıb.
Fransa Maliyyə Naziri Le Maire Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin də qrupa qoşulacağına ümid etdiyini dilə gətirib.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin ixrac maliyyəsinin yüzdə 40-ı ABŞ bazarıdır.