Ermənilər İlham Əliyevi dinləməli və nəticə çıxarmalıdırlar ANALİTİK+AKTUAL

14 Aprel 2021 11:54 (UTC+04:00)

Ermənistanın daha ağır duruma doğru yuvarlanması prosesinin qarşısını ala biləcək yeganə gerçəklik - regional və iqtisadi əməkdaşlığa doğru addım atmaq, o cümlədən, Zəngəzur dəhlizinin yaradılmasında yaxından iştirak etmək

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər ərazilərini birləşdirəcək tarixi vilayətimiz – hazırda Ermənistanın ərazisinə daxil olmuş Zəngəzurun üzərindən nəqliyyat dəhlizinin yaradılması mümkünlüyü ikinci Qarabağ müharibəsindən sonra regionun sülhlə təmin olunması məsələsində mühüm amillərdən biridir. Belə ki, ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: postmünaqişə dövründə inkişaf və əməkdaşlıq” konfransında çıxış edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin yaradılması əhəmiyyəti barədə danışarkən, Ermənistan da daxil olmaqla regional ölkələrin bu faktordan tam şəkildə yararlana biləcəklərini vurğulayıb.

Zəngəzur dəhlizi üzərində normal münasibətlərin qurulması isə Ermənistana niyə sərf etmir?

Lakin o da məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin yaradılması prosesini gecikdirir. Özü də yalnız müxalifət düşərgəsində deyil, həmçinin hakimiyyət dairələrində dəhlizin yaradılmasının yalnız Azərbaycana və Türkiyəyə səmərə verəcəyi barədə əsassız iddiaların səsləndirilməsi qarşı tərəfin konstruktivlikdən uzaq olmasını göstərir. Daha dəqiq desək, dəhlizin yaradılması prosesi ətrafında sırf erməni düşüncəsi belədir – ondan düşmənlər (yəni Bakı və Ankara) yararlanacaqlar bu kimi apriori, yəni Zəngəzur dəhlizi üzərində normal münasibətlərin qurulması isə Ermənistana sərf etmir.

Beləliklə, bu cür mağara təfəkkürü ilə türk ölkələrinə və xalqlarına qarşı nifrətini nümayiş etdirən Ermənistanın eyni xətdə davam edəcəyi halda inkişaf etməsi mümkünsüzlüyü daha da artmağa başlayır. Ölkənin daha ağır duruma doğru yuvarlanması prosesinin qarşısını ala biləcək yeganə gerçəklik - regional və iqtisadi əməkdaşlığa doğru addım atmaq, o cümlədən, Zəngəzur dəhlizinin yaradılmasında yaxından iştirak etmək. Ancaq türkofobiya xəstəliyi Ermənistanı elə bir həddə qədər gətirib-çıxarıb ki, indi də, müharibədən aldığı ölümcül zərbələrdən sonra da bu xəstəlikdən xilas olmağı bacarmır.

Daha doğrusu, postmüharibə reallığındakı erməni millətçiliyi ideologiyası revanşçılıq hisslərinə qapılıb və guya onlar tərəfindən “yaradılmış” saxta dövlətin “bərpası” daha önəmliymiş. Bu baxımdan, regiona mütləq inkişaf və tərəqqi verə biləcək layihələrin həyata keçirilməsinə imkan verməmək, ya da müxtəlif bəhanələrlə yaxalarını kənara çəkmək onların təbirincə doğru seçimiymiş...

İrəvanın çıxış yolu var!

Aydındır ki, Ermənistanın xilasının yeganə çıxış yolu qonşu Azərbaycana və Türkiyəyə ərazi iddialarından geri çəkilməsindədir. Yalnız bu olarsa, Ermənistan təcrid vəziyyətindən çıxa bilər. Xüsusilə, Azərbaycan Silahlı Qüvvələrnin uğurlu hərbi əməliyyatları nəticəsində azad etdiyi əraziləri geri qaytarılmasından sonra Ermənistan tərəfinin yenidən ərazi iddialarında bulunması, ya da qisasçılıq hissini qüvvədə saxlaması məntiqsizlikdir.

Digər tərəfdən, Prezident İlham Əliyev Türkiyə hökumətinin Ermənistanla sərhədlərinin açılması perspektivində konstruktiv addımlara hazır olmasından məlumatlı olduğunu vurğulayıb. Lakin bu addımlar adekvat reaksiya verməlidir və Ermənistanın birinci atacağı addımı Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi ilə bağlı olmalıdır. Azərbaycan Prezidenti bu məsələ ilə bağlı erməni tərəfinə müvafiq cavabını verib. SİTAT: “Öz konstitusiyanızdan Türkiyəyə qarşı ərazi iddialarınızı ləğv edin. Mən bilmirəm, başqa ölkələrin konstitusiyalarında digər ölkələrin ərazilərinə qarşı tələblər varmı? Mənim baxışımca, unikal situasiyadır”.

Prezident İlham Əliyev: “Ermənistan rabitədə məsələsində çətinliklərə son qoymaq istəyirsə, tranzit ölkəyə çevrilmək imkanı əldə etmək istəyirsə, ona bu məsələdə yalnız Türkiyə kömək edə bilər”

Beləliklə, Azərbaycan dövlətinin rəhbəri Türkiyənin növbəti fəaliyyətinin Ermənistanın mövqeyindən asılı olduğunu bildirib. Ancaq diqqət çəkən məqamlardan biri də budur ki, İlham Əliyev hər kəsə açıq şəkildə aydın edib – Zəngəzur dəhlizi 10 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatların tərkib hissəsidir və proses Türkiyənin iştirakı, razılığı olmadan həyata keçirilə bilməz.

“Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda təmsil olunmasa da, danışıqların gedişi barədə Türkiyəni məlumatlandırdıq. Ermənistan rabitədə məsələsində çətinliklərə son qoymaq istəyirsə, tranzit ölkəyə çevrilmək imkanı əldə etmək istəyirsə, ona bu məsələdə yalnız Türkiyə kömək edə bilər. Bildiyim qədəri ilə Türkiyə hökuməti buna hazırdır. Top indi yenə də Ermənistan tərəfindədir ”, Prezident İlham Əliyev vurğulayıb.

Bu mənada, Azərbaycan dövlətinin rəhbəri bir daha aydınlaşdırdı ki, Zəngəzur dəhlizi ideyasını dəstəkləyir, eyni zamanda Bakı və Ankaranın maraqlarının eyni olduğunu, regional faktordakı açar rolu aldıqlarını, siyasi, hərbi və iqtisadi məsələlərdə strateji müttəfiq olduqlarını sübuta yetirdi. Bu reallıqlar məhz 44 günlük müharibənin nəticələri ilə möhkəmlənib. Konkret olaraq isə müharibədən sonra Ermənistanın nümayiş etdirdiyi kaprizləri artıq onun üçün heç nəyi həll edə bilməz. Bu baxımdan, Ermənistanın Zəngəzur dəhlizi layihəsində köhnə və xəstə təfəkküründən əl çəkməklə inkişaf, tərəqqi məqsədli addımlara doğru getməsi bu ölkənin xilası, regionda sabitliyin, sülhün bərqərar olmasına dəstəyi hesab oluna bilər. Təbii ki, ağıllı olarsa...

Rövşən RƏSULOV