Azərbaycan Belarusla əməkdaşlığı davam etdirməlidir - MÖVQE ÖZƏL

14 Aprel 2021 10:13 (UTC+04:00)

“Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıdadır. Lukaşenko təbii ki, ölkəmizə yardım almaq üçün gəlib. Hər halda Azərbaycanın dostunu əliboş geri qaytarmaq olmaz. Etiraf etmək lazımdır ki, A.Lukaşenko KTMT və Avrasiya İttifaqında Ermənistanın qarışısına Azərbaycanın əvəzinə çıxıb”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Lukaşenko Azərbaycanla sıx siyasi-iqtisadi və hərbi-təxniki əməkdaşlığa üstünlük verib: “Məhz 2016-ci ildə Rusiya Ermənistana "İsgəndər E" raketləri ixrac edəndə, Azərbaycanda silah paritetini qorumaq üçün Belarusdan "İsgəndər"in analoqu olan "POLONEZ" raketlərini idxal etdi. A.Lukaşenkonun ölkəsi daxilində nə kimi problemleri və Qərblə arasında qarşıdurmalara baxmayaraq, Azərbaycan birbaşa Belarus dövləti və xalqı ilə bu əməkdaşlığı davam etdirməlidir. Belarusa qarşı sanksiyalar bu ölkədə iqtisadi vəziyyəti ağırlaşdırır. Azərbaycan Belarusun Azərbaycana verdiyi dəstəyi unutmur və ən çətin məqamında bu ölkəyə kredit verib”.

M.Əsədullazadə vurğulayıb ki, A.Lukaşenkonun növbəti səfəri məhz Azərbaycanla yeni iqtisadi müqavilələr bağlamaq və yeni kredit xətti açmaqdır: “Qərb Belarusa kredit vermir. Əgər, bu ölkəyə kredit veriləcəksə, Azərbaycan bu ölkədən yeni silah və raketlərin alışını, həmçinin birgə kənd təsərrüfatı texnikası birgə müəssisələri aça bilər. Hər halda A.Lukaşenko ölkəsinə ümidsiz dönməyəcək. Məhz 2016-ci il Aprel döyüşləri və sonrakı proseslərdə Azərbaycana görə Belarus KTMT çərçivəsində Ermənistana yardım etməyi qadağan edib. Belarus və Azərbaycan müstəqillik illərindən bəri qarşılıqlı etimada əsaslanan əlaqələri inkişaf etdirir. Bu əməkdaşlığ istənilən hakmiyyətlə davam etdirməlidir”.