Azərbaycan idman ölkəsidir

13 Aprel 2021 16:34 (UTC+04:00)

Prezident İlham Əliyev futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb. Əlbəttə ki, müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir.

Respublikamızın artan potensialı nəticəsində son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları keçirilmişdir. Belə ki, Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Aprelin 13-də Prezident İlham Əliyev 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, oyunlarla əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mayın 1-dən iyulun 5-dək Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər.

Oyunların təşkili və keçirilməsi ilə bağlı Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd, Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir.

Sərəncamda qeyd olunur ki, Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir. Onların "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

İLİN BÜTÜN FƏSİLLƏRİNDƏ YERLİ VƏ BEYNƏLXALQ YARIŞ VƏ MƏŞQLƏRİN KEÇİRİLMƏSİ ÜÇÜN İDEAL MƏKAN

İdman ölkəsi kimi tanınan ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bakı Tennis Akademiyasının ərazisində idman hovuzu və məşq zalı da istifadəyə verilib. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür.

Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycana "Bakı- 2017" İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandıran amillər, bu sahədə qazanılan zəngin təcrübənin özünü doğrultduğunu göstərdi. MDB ölkələri zəhmətkeşlərinin beynəlxalq V İdman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl,12 gümüş və 16 bürünc medal qazandılar.

Paytaxtımızda start götürmüş elit yarışmalarından olan "Formula-1"-ə ölkəmizin ev sahibliyi etməsi dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini bir daha dünyaya nümayiş etdirmiş oldu. Xatırladaq ki, Formula 1 yarışları Bakıda 2016-cı ildən keçirilir. Bakının "Formula-1" kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləmiş oldu. Formula-1" yarışlarının Bakı mərhələsi dünyada böyük maraq yaratdı. Uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometr olan Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir.

Bildiyimiz kimi, Formula 1 Azərbaycan Qran-Prisinin təqvimi artıq bəllidir. İyunun 4-6-da 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi Bakı şəhər halqasında start götürəcək.

Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi də bu sahənin, eləcə də həmin idman növlərinin inkişafına, idmanın kütləviliyinin təmin olunmasına xidmət edir.

Nəzakət ƏLƏDDİNQIZI