Dastana dönmüş cəngavər ömrü...

13 Aprel 2021 16:24 (UTC+04:00)

Şəhid Vasifin həyat hekayəsi...

Vətənpərvərlik anlayışı, özü-özlüyündə Vətən uğrunda canını fəda etməyə əsaslanan böyük bir hiss, ona qarşı olan dərin, saf məhəbbət və mənəvi bağlılıq deməkdir. Eləcə də, bu qırılmaz bağlılığı, həmin xalqın mənsub olduğu genetik xüsusiyyətlərini özündə birləşdirən milli ruh, milli qürür və milli əxlaq kimi də qiymətləndirmək olar. Təbii ki, yalnız sağlam milli şüura malik olan xalq öz haqqını, öz hüququnu qoruya bilər!.

Zəngin mənəviyyata sahib olan hər bir vətənpərvər insanı daim ümummilli vəhdət, azadlıq və müstəqillik arzusu birləşdirir. Bu da öz növbəsində, milli mənsubiyyətin dərindən dərk edilməsinə şərait yaradır və əsl vətəndaş əqidəsinin formalaşmasına səbəb olur.

Vətən uğrunda mübarizə aparmaq isə, öz növbəsində, vətənpərvərlik məfhumunu şərtləndirən ən mühüm amildir!. Tarixin ən ağır sınaqlarından, bütün çətinliklərindən şərəflə, mərd-mərdanə çıxmış xalqımızın, özünü bir xalq kimi təsdiq etməsinin kökündə, onun doğma Vətəninə məhəbbəti və dövlətinə olan sadiqliyi faktorunun durması hər birimizə məlumdur.

Milli mənliyi, şəxsi ləyaqəti olan istənilən bir şəxs, Vətəni və dövləti ilə bağlı mühüm, taleyüklü məsələlərə heç vaxt laqeyd qala bilməz!. Barəsində çox böyük qürur hissi ilə söz açacağım gözəl ürəkli bir insan, əsl şəxsiyyət, adını şanlı hərb tariximizin daş salnaməsinə qızıl hərflərlə yazdıraraq özünü təsdiq edən, xalqımızın qeyrətli oğlu, qəhrəmanımız, hər birimizin fəxr yeri olan şəhidimiz, gizir Vasif Üzeyir oğlu Məhərrəmov kimi...

Vasif Üzeyir oğlu Məhərrəmov, 08 fevral 1989-cu ildə Beyləqan rayonunun Milabad qəsəbəsində, sadə həyat tərzi sürən, öz halal zəhməti ilə yaşayan bir ailədə dünyaya göz açmış, böyüyüb boya-başa çatmışdır. O, 1995-ci ildə şəhid Vilayət Cəfərov adına Milabad qəsəbə tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2006-cı ildə isə, həmin məktəbin 11-ci sinfini müvəffəqiyyətlə başa vurmuşdur.

Nəhayət, Vətənə xidmət zamanı gəlir və Vasif 2006-ci il oktyabr ayında Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır. Xalqımızın vətənpərvər övladı öz xidmətinə Fövqəladə Hallar Nazirliyinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsindən başlayır. Vasif xidmət etdiyi dövrdə Vətənə ləyaqətlə xidmət etdiyinə, nümunəvi davranışlarına, intizamına, yüksək əxlaqi keyfiyyətlərinə görə, dəfələrlə yuxarı komandanlıq tərəfindən diplom, fəxri fərman və müxtəlif mükafatlarla təltif edilmişdir.

Vasif, doğma Vətənə olan borcunu layiqincə yerinə yetirdikdən sonra, 2008-ci ilin aprel ayında Ordu sıralarından tərxis edilir.

Erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın düşmən əsarətindən azad olunması, bu yolda özünü qurban vermiş şəhidlərimizin qisasının alınması və ümumiyyətlə, hərb sahəsinə olan marağı, hədsiz sevgisi onu rahat buraxmır, yenidən peşəkar hərbi qulluqçu kimi, şərəflə Vətənə xidmət etmək qərarına gəlir.

O, 2009-cu ilin yanvar ayında Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində müddətdən artıq hərbi xidmət keçmək üçün kursa qəbul olmuşdur. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra isə, 2009-cu ilin mart ayından etibarən, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində, Beyləqan rayonu ərazisində, düşmənlə ən yaxın təmas xəttində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir.

Vasif Üzeyir oğlu Məhərrəmov, hərb tariximizə “Dörd günlük müharibə” kimi düşmüş məlum aprel savaşında düşmənlə mübarizədə xüsusi qəhrəmanlıq göstərmiş və qazanılmış olan möhtəşəm qələbəyə öz töhfəsini vermişdir. Aprel döyüşlərinin qələbə rəmzi olan Lələtəpə yüksəkliyinin düşməndən azad olunmasında və müqəddəs üçrəngli bayrağımızın orada dalğalanmasında,Vasifin də müstəsna xidmətləri olmuşdur. Məhz, bunun nəticəsidir ki, Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyev Lələtəpə yüksəkliyində möhtəşəm qələbə münasibətilə əsgərlərimizlə birlikdə olduğu zaman Vasiflə şəxsən görüşmüş, qol saatı hədiyyə etmiş və göstərdiyi misilsiz şücaətlərə görə ona öz dərin minnətdarlığını bildirmişdir!

Şəhid qardaşım hərbçi kimi xidmətdə olduğu müxtəlif vaxtlarda, ardıcıl olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin imzaladığı 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının “95 illiyi”, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident, cənab İlham Əliyevin 26 iyun 2018-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının “100 illiyi” münasibətilə təsis edilmiş “Yubiley” medallarına layiq görülmüşdür. Bütün bunlardan əlavə olaraq bildirmək istəyirəm ki, Vasif Məhərrəmov nizam-intizamına, təlim-tərbiyəsinə və qüsursuz xidmətlərinə görə, digər hərbi qulluqçulardan seçilirdi. Məhz, bunun nəticəsi idi ki, o, yuxarı komandanlıq tərəfindən 09 fevral 2019-cu il tarixdə "10 illik qüsursuz xidmətə görə" medalı, eyni zamanda, xeyli sayda diplom və fəxri fərmanlarla da təltif edilmişdir!. Bütün bunlardan əlavə olaraq qeyd edim ki, xidmətdə fərqləndiyi üçün, yuxarı komandanlıq tərəfindən Vasifin valideynlərinə “Təşəkkür” məktubu da göndərmişdir!

Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il tarixdə erməni quldurlarının təxribatı nəticəsində hərb tariximizə ən şanlı səhifə kimi daxil olan Vətən müharibəsi başladı. Bütün hərbçilərimiz kimi, Vasif Məhərrəmov da döyüş əmri verilən andan düşmənlə mübarizəyə qatılmış və döyüş meydanında əsl qəhrəmanlıq göstərmişdir. Çox sayda erməni əsgər və zabitini məhv edərək, öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Yuxarı komandanlıq tərəfindən ona verilən əmr və tapşırıqları vaxtında icra etməklə, seçilmiş bir hərbçi olduğunu bir daha sübut etmişdir. Düşmənin məğlub edilməsində və qazanılmış olan Qələbədə Vasifin də xüsusi rolu olmuşdur!

Cəmi 44 gün sürən Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə, ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdi!. Bu qürurverici Qələbəni isə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin düzgün strategiyası, güclü iradəsi, hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, milli ruhu, texniki təchizat və sarsılmaz xalq-iqtidar birliyi şərtləndirdi!. Nəticə etibarı ilə, müstəqil Azərbaycan dövləti Şanlı Qələbə qazanmaqla, həm pozulmuş olan tarixi ədaləti, həm də, öz ərazi bütövlüyünü bərpa etmiş oldu!

Vasifin xidmət etdiyi hərbi hissəyə yuxarı komandanlıq tərəfindən neytral ərazidə bir nəfər şəhidimizin olması və onun həmin yerdən çıxarılması barədə əmr gəlir. Bütün hərbçilər arasında bu əmrin dərhal icrasına könüllü olaraq, məhz Vasif razılıq verir və vaxt itirmədən əməliyyat yerinə yollanır. Çox təəssüflər olsun ki, ürəyi Vətən eşqi ilə alışıb-yanan, xalqımızın qeyrətli, qorxubilməz igid oğlu, 01 yanvar 2021-ci il tarixdə Qubadlı rayonu ərazisində yerləşən Qantəpə yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş döyüş yoldaşını həmin ərazidən çıxarmağa gedərkən minaya düşmüş və qəhrəmanlıqla şəhidlik məqamına yüksələrək, haqqa qovuşmuşdur!

Vasifin şəhid olmasından dörd gün sonra, onun döyüş yoldaşları həmin şəhidimizi neytral ərazidən çıxara bilmişdir!

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Vasif Üzeyir oğlu Məhərrəmov 02 yanvar 2021-ci il tarixdə Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində yerləşən kənd qəbirstanlığında, digər şəhidlərimizin də uyuduğu, xüsusi olaraq şəhidlərimizin dəfn edilməsi üçün nəzərdə tutulmuş Şəhidlər Xiyabanında torpağa tapşırılıb!

Həmin gün kənd sakinləri, Beyləqan rayon ictimaiyyəti, ziyalılar və demək olar ki, sosial təbəqənin bütün nümayəndələri bu dəfn mərasimində iştirak edirdi!. Məhz, bu müqəddəs məkanda, hər kəs öz şəhidini hörmət və ehtiramla son mənzilə yola salan xalq sevgisinin canlı şahidi oldu!. Çox böyük, ardı-arası kəsilməyən insan izdihamının, sürəkli alqışların, haqqında deyilən fəxarət dolu, qürurverici sözlərin və “ağlayan” minlərlə ürəyin müşayiəti ilə dəfn edildi mənim şəhid qardaşım!

Əlbəttə ki, yaşamış olduğumuz bu cür tarixi hadisələrin birbaşa iştirakçıları kimi, göz yaşları içində milli birliyimizlə, həmrəyliyimizlə, qeyrətli xalqımızla, müstəqil dövlətimizlə, zirvələrdə dalğalanan müqəddəs üçrəngli bayrağımızla fəxr etməmək və bir azərbaycanlı olduğumuza görə ürəkdən qürur duymamaq mümkün deyil!...

Daim xalqın, sadə insanların arasında olan adi bir vətəndaş kimi, eləcə də, işim ilə əlaqədar olaraq, hər kəsin yanında xüsusi hörmət və ehtirama layiq olan şəhidlərimizin ailə üzvlərini tez-tez ziyarət edir və onların halal süfrəsinin qonağı oluram. Bu növbəti səfərimdə isə, doğma Beyləqanımızın fəxri, tanınmış el şairi Etibar Süleymanlı və çox dəyərli insan, keçmiş döyüşçü, məşhur kəşfiyyatçı-zabit, ən yaxın dostlarımdan biri olan Əyyam Əliyev ilə birgə, Milabad qəsəbəsində yaşayan bir şəhid ailəsində, mənim üçün çox əziz şəxslərdən olan Üzeyir dayımın və Züleyxa xalamın evində qonaq oldum!

Gözəl ürəkli insanların əhatəsində olduğum bu müddət ərzində onlarla saatlarca birlikdə səmimi söhbət etdim. Şəhid qardaşım Vasifin əziz xatirəsi ilə bağlı, onun keçdiyi ömür yolu barəsində bitib-tükənməyən, ürəyimizə silinməz iz salan, qürur dolu yeni məlumatlar əldə etdim. Övlad nisgilinə bürünən, həyatı boyu özlərini oda-közə vuraraq, halal zəhmətlə, min bir əzab-əziyyətlə oğul böyüdən valideynləri diqqətlə dinlədikcə, onların şəhidimizə olan sonsuz sevgisinin bir daha şahid oldum!

Hərdən mənə elə gəlirdi ki, bir zamanlar Vasiflə bağlı sevinc gətirən o keçmiş anları təkrar xatırlamaq onlara daha çox əzab verir və vaxtılə yaşanmış olan həmin ülvi xoşbəxtlik də, bu gün heç birinin dadına çatmır. Şəhid valideynlərinin üzündə möhtəşəm Qələbəmiz səbəbindən sevinc ifadəsi olsa da, oğul itkisi onların çöhrəsində qəribə bir süstlük, əzginlik və çarəsizlik yaratmışdı. Bütün bunların nəticəsidir ki, həyat onlara mənasız görünür, məcburən bu ağır kədər yükü ilə barışır və qismətlərinə yazılmış ömür payını yaşamaqda davam edirlər. Mən isə, şəhid valideynlərinin kədər dolu baxışlarında qoca zamanın əbədi, dəyişməz hökmə sahib olduğunu, insanları cənginə alıb necə aldatdığını gördüm və bu reallığı şəxsimdə bir daha acizanə şəkildə qəbul etdim!

Onu da vurğulamağım gərəkdir ki, bu vətənpərvər ailənin ən kiçik üzvü Yasif Məhərrəmov da hərbçidir. O, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçdiyi kursu müvəffəqiyyətlə başa vuraraq, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 06 yanvar 2014-cü il tarixdən Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. Yasif, doğma Vətəninə şərəflə xidmət etdiyi bu illər ərzində hərbi hissə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılmış, nümunəvi hərbçi olduğu üçün bir çox Fəxri Fərman, diplom və həvəsləndirici digər mükafatlarla təltif edilmişdir. Hətta, yuxarı komandanlıq tərəfindən Yasifin valideynlərinə “Təşəkkür” məktubu da göndərilmişdir!

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində Yasifin də özünəməxsus xidmətləri olmuşdur. O, Silahlı Qüvvələrimizin tərkibində düşmənə qarşı əks-hücum əməliyyatlarında yaxından iştirak etmiş və torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərmişdir!

Qeyd etmək istərdim ki, Məhərrəmov Yasif Üzeyir oğlu qanlı döyüşlərdə göstərdiyi igidliyə və xüsusi fəallığa görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamları ilə, müvafiq olaraq, 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” və 29 dekabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir!

Qəhrəman döyüşçümüz, hal-hazırda düşməndən azad etdiyimiz tarixi torpaqlarımızda öz xidmətini yüksək əhvali-ruhiyyə ilə davam etdirir!. Biz isə öz növbəmizdə Yasifə möhkəm can sağlığı və tutduğu bu şərəfli yolda uğurlar arzulayırıq!

Şəhidimizin atası Üzeyir Məhərrəmovun xatirələri: Vasif, ailəmizdə böyüyən, dünyaya gəlişi ilə bizə çox böyük bir sevinc bəxş edən ilk övladımız idi. O, uşaqlıqdan mehriban, alicənab, olduqca sakit xarakterli və qohumcanlı biri kimi hər kəsin hörmətini qazanmağı bacarmışdı. Vasif, həmişə bir çox xüsusiyyətlərinə görə, həmyaşıdlarından fərqlənib. İstiqanlı insan olması, onu illər ötdükcə mənim ən yaxın dostuma, ən sadiq sirdaşıma çevirmişdi. Ətrafında olan insanlar Vasifin yüksək əxlaqi keyfiyyətlərindən, tərbiyəsindən ürək dolusu danışar, onunla ünsiyyətdə olduqlarından məmnun qaldıqlarını bildirərdilər!. Təbii ki, ona verilən bu qiymət, biz valideynləri sevindirər, övladımızla qürur duymaqdan həzz alardıq!

Bütün bunlardan əlavə, onu da qeyd edim ki, sözün hər mənasında, Vasif doğma Vətəninə, dövlətinə və xalqına çox bağlı bir insan idi. Demək olar ki, Vasif xidmətini mənfur düşmənlərimizin yerləşdiyi mövqelərə ən yaxın məsafədə yerləşən səngərlərdə keçirmişdi. Tanıyanlar çox yaxşı bilir ki, oğlum qorxmaz, mərd və vətənpərvər bir insan idi! Bax, elə bu cür xarakterlərinə görə, Vasif həmişə yuxarı komandanlığın diqqət mərkəzində olmuş və onların yanında şəxsən xüsusi hörmət qazanmışdı!. Övladım Vasifin də, xalqının azadlığını, dövlətinin müstəqilliyini, onu müdafiə etmək cəsarətini, milli təəssübkeşliyini və məsuliyyətini öz üzərində hiss edərək, Vətən sevgisini fəxrlə ürəyində daşıyan qeyrətli oğullar sırasında yer alması, mənim üçün çox qürurverici bir haldır!

Artıq, bu gün Vasifli günlərimizə, o keçmişdə yaşadığımız gözəl illərə, yalnız kövrək xəyallarımızın “qucağında” qayıda bilirik!. Oğlum, cismən aramızda olmasa da, ruhən bizimlədir! Ailəmiz buna inanır və hər günümüzü Vasifi yanımızda hiss edərək yaşayırıq!

Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, dəmir iradəsi və Ordumuzun gücü sayəsində biz Zəfər qazandıq. Bu gün xalqımızın, dövlətimizin və Ordumuzun birliyi sayəsində işğaldan azad edilən tarixi torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır!. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Şanlı Ordumuz düşmənə öz yerini göstərdi!

Bu tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, nə qədər vətənpərvər, iradəli və əzmli bir xalq olmasını bütün dünyaya göstərdi. Uzun illər boyu yaşadığı çətinliklər qəhrəman xalqımızın qələbə ruhunu qırmadı və hətta, cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin təxribatları belə onu əzəli, tarixi torpaqlarından bir qarış da olsa uzaqlaşdıra bilmədi!

Mən də, bütün şəhid valideynləri kimi dövlətimizlə, xalqımızla və azadlığımız uğrunda canından keçən bütün şəhidlərimizlə fəxr edirəm!

Allah, cəmi şəhidlərimizə rəhmət etsin və qazilərimizə şəfa versin!. Dövlətimiz, Vətənimiz və Xalqımız daim var olsun!

Şəhidimizin anası Züleyxa Məhərrəmovanın xatirələri: Uşaqlığından şəhid olduğu günə qədər Vasiflə bağlı şirinli-acılı, sonsuz sayda xatirələrim var. Oğlum mənim ümid yerim, həyatımın mənası, ömrümün sevinc payı idi! O, hər kəsə qarşı hörmətlə yanaşan, böyük-kiçik yeri bilən, mədəni, bir sözlə, seçilmiş bir insan idi. Vasif uca boyu, şux qaməti, gülər üzü ilə həmyaşıdlarından çox fərqlənərdi. Onun bütün varlığı, mehriban çöhrəsi, hələ də, gözlərimin önündədir. Dilimdə vaxtında ona deyə bilmədiyim sözlərim, ürəyimdə ona aid, həyata keçirə bilmədiyim çoxlu nakam arzularım qalıb. Oğlumu demək olar ki, hər gün yuxuda görürəm və yuxudan ayılanda hər şeyin bir xəyal olduğunu anlayır, uzun zaman bu boşluğun təsiri altında qalıram. Bütün yaxınlarım bilir ki, Vasif məni həyata bağlayan “ümid çırağım” idi!. Əfsuslar olsun ki, fələk bu “çırağı” tez “söndürdü” və məni dünyanın qaranlığında onsuz yaşamağa məcbur etdi!. Günlər bir-birini arxada qoyduqca, zaman keçdikcə, Vasif üçün daha çox darıxıram! Onun səsi üçün, gülüşü üçün, hətta nəfəsi üçün belə, çox darıxıram!

Yaşadığım əzablara rəğmən, oğlumla fəxr edirəm!. O, qısa ömür payını ləyaqətlə yaşadı və öz qəhrəmanlığı ilə bir tarix yazdı!

Bu gün döyüş yoldaşları onun cəsarəti, igidliyi və səmimiyyəti haqda xatirələrini bizimlə bölüşür, birgə keçdikləri xidmət yolundan söz açır, bu barədə qürurla danışırlar!. Hətta, komandiri dəfələrlə mənə Vasifin yoxluğu ilə barışmadığını, onun hələ də, hərbçilər arasında yerinin göründüyünü bildirib!

Sözsüz ki, Vətənimizə vurulan yaranı da, övlad itkisi qədər hər birimiz ürəyimizin dərinliyində hiss edir və bir ömür boyu bu əzabla yaşamağa davam edirik!. Bütün valideynlər övladlarını Vətən üçün böyüdür, onun azadlığı naminə yetişdirir və onu bu yolda qurban verməyə hər zaman hazır olur!. Biz də, həmçinin, oğullarımızı Vətən üçün böyütdük!

Təki, Vətən sağ olsun!. Allah şəhidlərimizə rəhmət etsin!. Xalqımız, müstəqil dövlətimiz və Müzəffər Ordumuz var olsun!

Şəhidimizin bacısı Yaqut Məhərrəmovanın xatirələri: Vasif məndən yaşca böyük olan qardaşım idi. O, mənim üçün həm qardaş, həm də, ən etibarlı bir dost idi. O, uşaqlıqdan olduqca mülayim, sakit təbiətli, çox tərbiyəli, dəqiq və məsuliyyətli biri olduğu üçün, hər kəs tərəfindən çox sevilirdi. Vasif heç zaman ailəsinə qarşı laqeyd qalmayıb, tam əksinə, bizimlə tez-tez maraqlanar, hər hansı bir çətinliyimiz yaranarsa, onu aradan qaldırmaq üçün əlindən gələni edərdi. Vasif bütün uğurlarına öz zəhməti hesabına nail olmuş və ətrafındakı insanların, onu sevənlərin yaddaşında mübariz, zəhmətkeş bir insan kimi qalmışdır!

Qardaşımın qeyri-adi xüsusiyyətləri onun hər kəs yanında hörmət qazanmasına səbəb olmuşdur. İşində məsuliyyətli olmasının, hərbçilər arasında olan səmimi münasibətinin nəticəsi idi ki, Vasif xidmət yerində hərbi hissə rəhbərliyin inam və etibarını qazana bilmişdir. Yuxarı komandanlıq gizir rütbəsində Vətəninə şərəflə xidmət edən qardaşımın işini hər zaman diqqət mərkəzində saxlayar və ona layiq olduğu qiyməti verərdi. O, həmişə ən çətin yerlərdə, düşmənlə daha yaxın ərazidə yerləşən mövqelərdə xidmət etmişdi. Vasif öz sənətini ürəkdən sevən və xalqına, Vətəninə çox bağlı, vətənpərvər bir insan idi. Mən, Vasiflə və bütün şəhid qardaşlarımla qürur duyuram! Uca Allah bütün şəhidlərimizə rəhmət etsin! Təki, Vətən yaşasın!

Şəhidimizin qardaşı Yasif Məhərrəmovun xatirələri: Əlbəttə ki, Vasif qardaşımla bağlı xatirələrim olduqca çoxdur. Biz, ömrümüzün ən gözəl anlarını birlikdə keçirmişik. Həmişə idmanla məşğul olar, ev işlərində valideynlərimizə kömək edər, əyləncəli oyunlar oynayar və münasib vaxtlarda balıq ovuna gedərdik. O, həvəskar bir balıqçı idi və bu işdə məndən xüsusi bacarığı ilə seçilərdi. Vasif təbiət vurğunu olduğundan, məni də özü ilə tez-tez təbiət qoynuna aparar, birlikdə gəzib-dolanardıq. İkimiz də bütün bunlardan böyük bir zövq alardıq!

Qardaşım, mənim ən sadiq dostum, ən etibarlı sirdaşım olub! Tale elə gətirmişdi ki, ikimiz də eyni sənəti-hərb sənətini seçmişdik. Biz hətta, bir neçə il hərbçi kimi birlikdə iş yoldaşı da olmuşuq. O, öz dövlətinə, Vətəninə və xalqına bağlı olan, vətənpərvər bir hərbçi kimi hər kəsin hörmətini qazanmışdı!. Vasifin güclü şəxsiyyətə malik bir insan olaraq özünə hörmət qoymağı bacarması, düzgünlüyü və səmimiyyəti onu hər kəsdən ciddi şəkildə fərqləndirirdi!

Bu gün isə, həmişə dərdimə məlhəm, axan göz yaşlarıma ortaq olan can dostumdan-qardaşımdan uzaq bir dünyada yaşamağa davam edirəm!. “Əgər yanınızda güvənəcəyiniz bir qardaşınız varsa, əsla bu həyatda yaşamaqdan qorxmayın!” deyib kamil insanlar!. Həyatda heç nədən qorxmasam da, artıq qardaşsız yaşamaq qorxusu mənə üstün gəlir və bu ağır tale “yükü” altında özümü çox aciz, gücsüz hiss edirəm!..

Bir sözlə, Vasiflə bərabər bütün xoşbəxtliyimi, gəncliyimi və demək olar ki, hər bir şeyimi itirdim!. Vasif haqqında, onunla birlikdə yaşadığımız o bəxtəvər günlərdən saatlarla, günlərlə danışa bilərəm, lakin onu gözəl bir şəkildə vəsf etməkdə çətinlik çəkirəm!...

Mən, qardaşım Vasiflə və azadlığımız uğrunda özünü qurban verən bütün şəhidlərimizlə fəxr edirəm! Allah onlara rəhmət etsin!. Şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır!...

Şəhidimizin dayısı Əyyam Əliyevin xatirələri: Bəzən, sonu görünməyən yollara dikilən nisgilli gözlərin daşıdığı “həsrət yükü”, ürəyin daşıdığı bir ömürlük “qəm yükü”ndən ağır olur. Vasif haqqında danışmaq mənim üçün həm çətin, həm də, çox qürurvericidir. Çətindir ona görə ki, mən ən yaxın dostuma, sirr ortağıma, ən sevimli qohumuma və ən əziz ailə üzvümə bir ömür boyu həsrət qaldım. Qürurvericidir ona görə ki, bacım oğlu digər şəhid oğullarım kimi düşmən tapdağı altnda qalan torpaqlarımızı özümüzə qaytardı, ləkələnmiş namusumuzu təmizlədi və bizi başıaşağı yaşamaqdan birdəfəlik azad etdi!

Vasiflə məni bir-birimizə bağlayan təkcə qohumluq telləri deyildi. Mən özüm də keçmiş döyüşçü olmuşam və hal-hazırda ehtiyatda olan kapitanam. 1992-1998-ci illərdə, 1-ci Qarabağ müharibəsində peşəkar kəşfiyyatçı zabit kimi Füzuli və Xocavənd rayonları uğrunda gedən qanlı döyüşlərdə birbaşa iştirak etmişəm. Xidmətdə olduğum bu illər ərzində kəşfiyyatçı əsgərlərimlə birgə yüzlərlə erməni hərbi qulluqçusunu məhv etmiş, onlarla bərabər bir çox strateji yüksəklikləri almışam. Bizim kəşfiyyat qrupu Silahlı Qüvvələrimizin döyüşçüləri arasında çox məşhur idi. Tabeçiliyimdə erməniləri qorxuya salan çox sayda qəhrəman əsgərlərim vardı!...

Vasif də mənim kimi hərb sənətinin vurğunu idi. Ali Hərbi Məktəbdə oxumaq onun ən böyük arzusu idi. Bu arzusu haqda Vasif dəfələrlə mənə danışmışdı. Çox heyif ki, o, bu arzusuna çata bilmədi!...

O, israrla istənilən an Vətənimizin müdafiəsi naminə əlindən gələn hər şeyi etməyə hazır olduğunu bəyan edərdi. Ürəyində olan Vətən sevgisi, düşmənə olan sonsuz nifrəti və güclü idmançı olaraq özünəgüvəni Vasifi həmişə gözümdə ucaldardı!. Bacım oğlu uşaqlıqdan mülayim xarakterli və olduqca mehriban biri kimi yaddaşıma həkk olunub. Həmişə mənə qarşı çox diqqətli, nəzakətli və səmimi olub bacım oğlu. Şəhid olduğu günə qədər ondan xətrimə dəyəcək hər hansı bir söz eşitməmiş və hər hansı bir yersiz hərəkət görməmişəm. Çox alicənab, həddən artıq qonaqpərvər idi Vasif. Hər zaman məni axtarar, evlərinə dəvət edər və qulluğumda durardı. Bax, bu cür xüsusiyyətləri digər insanların çoxunda tapa bilmirəm. Yaranmış olan bu boşluğu doldura biləcək kimsənin olmadığı səbəbindən, hər keçən gün Vasifin yoxluğu məni daha çox incidir və nəhayətsiz əzablar qarşısında özümü çox aciz hiss edirəm!

Məlum 44 günlük Vətən müharibəsinin gedişi zamanı Vasif düşmən tərəfdən atılan minatan mərmisinin yanında partlaması nəticəsində ağır yaralanmış və 12 gün ərzində hərbi hospitalda müalicə alaraq, yenidən xidmət yerinə, qanlı döyüşlərin getdiyi mövqelərə qayıdaraq düşmənlə mübarizəyə aparmağa başlamışdır!.

Demək olar ki, hər gün Vasiflə telefon əlaqəsi saxlayırdım və hər dəfə də onunla danışanda mənə: “Dayı, narahat olma, hər şey yaxşı olacaq!. Yaxınlarda Qələbə qazanacağıq!. Buna əmin ola bilərsən!. Bacın oğlu ermənilərdən bütün şəhidlərimizin qisasını alıb, mənimlə fəxr edə bilərsən!. Əgər torpaqlarımızı geri qaytarmaq istəyiriksə, şəhidimiz də olacaq, qazimiz də!. Narahat olmağa dəyməz!” deyərdi!.

Hətta, Vasif bir gün mənə dedi ki, dayı: “Hər dəfə erməniləri cəhənnəmə vasil edəndə Xocalı şəhərində ermənilərin günahsız insanlara qarşı törətdiyi qətliyam yadıma düşür, xalqımızın fəxr yeri olan, qorxmaz jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin həmin qətliyam faktlarını lentə alarkən çəkdiyi əzabları, hönkürtü ilə ağlaması, döyüş yerini yarımçıq qoyub qaçan hərbçilərimizi hayqıraraq geri qaytarmağa cəhd göstərməsi anları gözümün önündə canlanır və məni düşməndən daha çox qisas almağa ruhlandırırdı!” dedi!.

Yaxşı yadımdadır, günlərin bir günü xalqımızın qəhrəman oğlu, şəxsiyyətinə dərin hörmət bəslədiyim insan, Vasifin komandiri olmuş, hərb sahəsində xüsusi nüfuza malik olan general-mayor Mais Bərxudarov bacımgilə qonaq gəlmişdi. Onu şəxsən qarşıladım və birlikdə Vasif haqqında xatirələrimizi bölüşdük. Hörmətli generalımız söhbət əsnasında mənə: “Əyyam müəllim, Züleyxa anamın əllərindən öpmək istəyirəm!. Vasif kimi igid, qorxmaz bir oğul böyütdüyü üçün ona minnətdaram!. Vasif mənim ən seçilmiş hərbçilərimdən idi!. Vasif digər döyüş yoldaşları kimi tarix yazdı!. Mən, onunla fəxr edirəm!.” dedi və şəhid anasının əllərindən öpərək, onu qarşısında baş əydi!...

Həyat nə qədər gözəl, nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Allah qatında elə seçilmiş insanlar vardır ki, onlar heç zaman ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi, haqqa qovuşmaq xoşbəxtliyi də deyirlər bu gedişə. Əlçatmaz olan bu məqam müqəddəs şəhidlik zirvəsidir ki, o da hər kəsə qismət ola bilmir!.

Əlbəttə ki, ömür, yalnız yaşanmış illərin sayı ilə ölçülmür. Şərəflə başa vurulmuş bir ömür, həmin insanın üzərinə düşən vətəndaşlıq məsuliyyətini ləyaqətlə qoruya bilməsini yaşadır özündə. Canından çox sevdiyi Vətəninə, dövlətinə və xalqına təmiz vicdanla xidmət etmək amalı ilə coşub-çağlayan Vasif də, yarımçıq qalan həyatının mənasını, məhz bu şərəfli yol üzərində qurmuşdu. Bu yol, heç şübhəsiz ki, çox insanın qət edə bilmədiyi əsl kişilik, mərdlik yoludur!. Vasifin keçdiyi bu şərəfli ömür yolu, ucu-bucağı görünməyən, sonsuzluğa doğru uzanan qəhrəmanlıq adlı yoldan başlayıb, şəhidlik məqamı kimi ən uca mərtəbəyə qədər uzan müqəddəs bir yoldur!...

Vətənimizin azadlığı, dövlətimizin suverenliyi uğrunda canını fəda edən bütün şəhidlərimizə Uca Allahdan rəhmət diləyirəm!. Təki, müstəqil dövlətimiz var olsun, müqəddəs üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın!...

Şəhidimizin döyüş yoldaşı Sahib Nəsibovun xatirələri: Mən, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin Kəşfiyyat Bölüyünün tərkibindəki Xüsusi Təyinatlı Bölükdə əlbəyaxa döyüş təlimatçısı kimi, gizir Vasif Məhərrəmova və digər hərbçilərimizə əlbəyaxa döyüş sənətinin sirrlərini öyrətmişəm. Vasif, sözün həqiqi mənasında əsl qəhrəman idi. O, qorxu nə olduğunu bilməz, xüsusi əməliyyatlar zamanı rəşadət göstərərək, düşmənə qan uddurardı. Vasif döyüş meydanında verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə, xüsusi peşəkarlıqla gəldiyi üçün, yuxarı komandanlıq tərəfindən daim qiymətləndirilər və onun döyüş taktikası digər hərbçi yoldaşlarına nümunə olaraq göstərilərdi!. Uşaqlıqdan idmanla məşğul olması, ona bu işində çox kömək edərdi. Sağlam ruha, təmiz bədən quruluşuna, xüsusi fiziki gücə sahib olan Vasif, ermənilərin qorxulu kabusuna çevirilmişdi. Vasifin adını eşidəndə hamısı bir nəfər kimi qorxuya düşərdi. Erməni quldurlarının bu xofla yaşadıqlarını çox gözəl bilirdik. Vasif kifayət qədər erməni cəlladını cəhənnəmə vasil etmişdi!. Qürurla deyə bilərik ki, Vasif Vətən Müharibəsində ermənilərin anasını ağlar qoydu!. O, öz işini artıqlaması ilə gördü və Vətənə olan borcunu lazım olan formada yerinə yetirdi!. Vasif əvəzsiz bir oğul idi! O, həm mahir döyüşçü, həm gözəl insan, həm də, çox etibarlı bir dost idi!. Heyif ona və onun kimi qəhrəman oğullarımıza!. Allah, Vasif ilə bərabər, bütün şəhid qardaşlarıma rəhmət etsin!.

Allah, müstəqil dövlətimizi, Şanlı Ordumuzu və Silahlı Qüvvələrimizin Ali Baş Komandanını qorusun!...

Hörmətli oxucular, bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, şəhidimiz Vasif Üzeyir oğlu Məhərrəmovun idman müəllimi olmuş Nəsibov Sahib Cəmil oğlu, karate-do idman növü üzrə avropa və dünya çempionu, dəfələrlə dünya kubokunun sahibi, bir çox beynəlxalq turnirlərin qalibi olmuşdur. O, əməkdar məşqçi, taekvon-do idman növü üzrə beynəlxalq dərəcəli 2-ci DAN qara kəmər və karate-do idman növü üzrə 5-ci DAN qara kəmər ustasıdır!.

Məlumat üçün qeyd edim ki, Nəsibov Sahib Cəmil oğlu hal-hazırda gizir rütbəsi ilə Silahlı Qüvvələrimizin tərkibində, düşməndən azad etdiyimiz əzəli torpaqlarımızda Vətənimiz Azərbaycana ləyaqətlə xidmət edir!. O, qanlı döyüşlərdə göstərdiyi xüsusi fəallığa, igidliyə görə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin Sərəncamları ilə, müvafiq olaraq, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” və 29 dekabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir!.

Məlumdur ki, hər kəs dünyaya gələn andan qismətinə düşən, Uca Allahın ona bəxş etdiyi bir ömür payı yaşayır. Lakin yaşanan bu ömür payının insanların yaddaşında hansı formada iz qoyması isə, həmin şəxsin özündən asılıdır. Seçilmiş elə insanlar da vardır ki, onların həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün örnək, maraqlı bir həyat məktəbi olur. Adətən, bu əqidə sahibləri xalqının, dövlətinin xoş gələcəyi naminə, ümumi məqsədlərə çatmaq üçün mübarizə aparır və bütün ömürlərini bu bu müqəddəs amala həsr edirlər. Təbii ki, insanın ən böyük üstünlüyü yüksək mənəviyyata sahib olmasıdır. Heç şübhəsiz ki, yalnız mübariz, nikbin, güclü iradəyə malik insanlar qarşılarına çıxan çətinliklərə rəğmən məqsədə doğru uğurla addımlamağı bacara bilirlər. Bu cür güclü xarakter sahibi olan insanlar, Vətən qarşısında mənəvi cavabdehliyi öz ömürlərinin ən ali mənası hesab edirlər!. Bax, elə bu müqəddəs cavabdehlik hissi də, Vasif Məhərrəmov şəxsiyyətinin daxili aləminə, müqəddəs ruhuna hakim kəsilmiş, onu tanıyanlar və sevənlər üçün ucalıq rəmzinə çevrilmişdir!. Vasif Üzeyir oğlu Məhərrəmovun timsalında, bütün qəhrəmanlarımızı xalqımızın və dövlətimizin mənəvi siması hesab etmək olar!...

Xalqımızın qürur yeri olan müqəddəs şəhidlərimiz haqqında fikir bildirmək, hər hansı bir formada münasibət göstərərək, onların keçdiyi şərəf dolu həyat hekayəsini dəyərli oxucuların diqqətinə qüsursuz şəkildə çatdırmaq, mənim üçün sözün əsl mənasında çox çətin, ağır və məsuliyyətli bir işdir. Mənim üçün çox əziz olan hörmətli oxucular, elimizin igid oğlu, gizir Vasif Üzeyir oğlu Məhərrəmovun keçdiyi fəxarət dolu ömür yolu haqqında bu məqaləni yazmaqla igid eloğlumuz barəsində formalaşdırdığım fikirlərimi Sizinlə bölüşmək istədim!. Əgər ölməz qəhrəmanımızın real obrazını diqqətinizə lazımi şəkildə çatdıra, onun vüqarlı simasını gözünüz önündə canlandıra bildimsə, bunu özümə böyük bir şərəf sayardım!...

Əminliklə deyə bilərəm ki, Vasiflə bərabər Vətənimizin bütün qəhrəman oğullarının əziz xatirəsi və Vətən Müharibəsində göstərdiyi fədakarlıqlar xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaqdır!...

Ey nur üzlü, Vətən sevdalı şəhidim, Sənə Allahın salamı olsun!.

Şəhidlik məqamın mübarək qeyrətli Vətən oğlu!.

Torpağı Vətən edən, qələbə əzmli, zəfər müjdəli şəhid qardaşım, Səninlə qürur duyuram!.

“Mərdlik – ruhun bədən üzərində qələbəsidir!” deyiblər!. Qalib ruhunun qarşısında baş əyirəm əziz qardaş!.

Şərəflə, ləyaqətlə əsl kişi ömrü yaşayan məğrur insan, ruhun şad olsun!.

Siz şəhidlərin sayəsində həmişə zirvələrdə dalğalanan müqəddəs, üçrəngli bayrağımız və müstəqil dövlətimiz daim var olsun!.

Xalqımızın xoş, firəvan gələcəyi naminə canından keçən bütün şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyirəm!...

Bu gün isə, öz istəkli, şəhid oğlunun qoxusunu onun əşyalarından, yeganə təsəlli yeri olan şəkillərindən alan, oğul həsrəti çəkməkdən xəstə yatağına düşən Üzeyir dayımın qarşısında baş əyir, övladının yoxluğunu hələ də qəbul etməyən, hər an həsrətlə onun yolu gözləyən, bir ömür boyu gözü yolda, qulağı səsdə yaşamağa məhkum olan, nəvələrinin hər gün ona verdiyi: “Nənə, atam nə vaxt evə qayıdacaq?!” sualı qarşısında şam kimi “əriyən”, oğul nisgilli Züleyxa xalamın əllərindən öpür, hər dəfə bacısı oğlu haqqında söz açılarkən göz yaşlarına hakim ola bilməyən və: “Vasifin nakam gedişi bütün həyatımı məhv etdi! O, mənim ürəyim, özü boyda bir dünyam idi!” deyərək, bu gün ən yaxın sirdaşının yanında olmadığına acıyaraq hönkürtü ilə ağlayan Əyyam qardaşıma sonsuz hörmət və ehtiramımı bildirirəm!...

Bu faktı qeyd etmək mənim üçün çox ağır olsa da, xatırlatmalıyam ki, şəhid qardaşım Vasif Üzeyir oğlu Məhərrəmov ailəli idi. Ondan bizə Aysu və Əli adlı iki körpə övladı yadigar qalıb!. Aysunun 5, Əlinin isə, 2 yaşı var!. Hal-hazırda anaları Nabat xanım ilə birlikdə Vasifin ata evində yaşayırlar!...

Məlumat üçün qeyd etmək istəyirəm ki, Məhərrəmov Vasif Üzeyir oğlu döyüşlərdə göstərdiyi igidliyə görə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezidentimiz, cənab İlham Əliyevin Sərəncamları ilə, müvafiq olaraq, 24 dekabr 2020-ci ildə “Cəbrayılın azad olunmasına görə”, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə” və 29 dekabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir!...

Dahi türk şairi, yazıçı və dramaturq Nazim Hikmətin qələmindən çıxan və özündə böyük bir həyat fəlsəfəsi yaşadan bu qüdrətli kəlamı, cənnət qoxulu şəhidimiz Vasif Üzeyir oğlu Məhərrəmovun mübarək dilindən deməyim, yəqin ki, yerinə düşər:

“Mən yanmasam, sən yanmasan, biz yanmasaq, Necə çıxar qaranlıqlar aydınlığa?!”...

Qeyd: Yazının ərsəyə gəlməsində, işıq üzü görməsində və geniş oxucu kütləsinə təqdim edilməsində mənə yaxından kömək edən şəxslərə: Şəhidimizin ailə üzvlərinə, qohumlarına, dostlarına,”Beyləqan” Ədəbi Birliyinin fəal üzvü, tanınmış el şairi, cənab Etibar Süleymanlıya, şair, cənab Tahir Hüseynə, Şəhidimizin dayısı, cənab Əyyam Əliyevə, Şəhidimizin idman müəllimi, cənab Sahib Nəsibova, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri, cənab Suliddin Əsgərova, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü, cənab Müşfiq Əliyevə, “SƏS” İnformasiya Agentliyinin rəhbərliyinə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, cənab Şamil Sabirogluna, “Yeni Xilaskar” qəzetinin rəhbərliyinə, “Quruluş” qəzetinin təsisçisi, cənab Elman İsrafiloğluna, “Paralel” qəzetinin təsisçisi, cənab Tapdıq Abbasa, “Ekspress” qəzetinin rəhbərliyinə, “İctimai.az” saytının rəhbərliyinə, digər mətbuat nümayəndələrinə və zəhməti keçən hər bir insana öz səmimi minnətdarlığımı bildirirəm!...

Xüsusi qeyd: Müqəddəs Şəhidlərimizin Respublikamızda, eləcə də, bütün dünyada lazımınca tanıdılması və təbliğ edilməsi istiqamətində bizə münbit şərait yaratdığına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm!!!...

Sabit Mehdiyev