Əməkdaşlıq protokolu imzalanıb

13 Aprel 2021 14:52 (UTC+04:00)

Ölkəmizə səfəri çərçivəsində İtaliya Senatının Xarici işlər və emiqrasiya daimi komissiyasının sədri, senator Vito Petroçelli, Matera şəhərinin meri Domeniko Bennardi və Matera Şəhər Şurasının sədri Antonio Materdomini aprelin 13-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərovla görüşüblər.

SİA-nın məlumtına görə, görüşdə iki ölkə arasında mədəniyyət və incəsənət, mədəni irsin qorunması və idarə olunması sahələrində əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, növbəti beş il ərzində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İçərişəhər və Matera şəhəri arasında əməkdaşlığın yaradılması məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Matera Şəhər Bələdiyyəsi arasında “Dostluq və Əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Protokolun imzalanmasında əsas məqsəd İçərişəhər və Matera şəhəri arasında dostluq münasibətlərini genişləndirmək, iqtisadi, sosial və mədəni əlaqələri daha da gücləndirmək, ortaq fəaliyyət sahələrini müəyyən etməkdən ibarət olub.

Eyni zamanda, sənəddə incəsənət, mədəniyyət, turizm, elm və tarix sahələrində birgə fəaliyyət, proqram və layihələrin təşkilinə, eləcə də təcrübə və informasiya mübadiləsinə qarşılıqlı dəstəyin verilməsi, mədəni irsin qorunması, bərpası və inkişafı sahələrində əməkdaşlığı sürətləndirmək və digər məsələlər öz əksini tapıb.

Görüşdən sonra jurnalistlərə açıqlama verən “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova bildirib ki, bu il ölkəmizdə “Nizami Gəncəvi İli” kimi qeyd olunur və bu protokolun qədim Şirvanşahlar Sarayında imzalanması heç də təsadüfi deyil: “Dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması məhz Şirvanşah I Axsitanın sifarişi ilə yazılıb və bir neçə əsrlərdən sonra da qərbdə bu poemanın oxşarı olan dünyaca məşhur Şekspirin “Romeo və Culyeta” əsəri yazılıb. Buna görə də biz əminik k, muzey sahəsində də bizi davamlı əməkdaşlıq gözləyir”.

Görüşdən sonra qonaqlar İçərişəhərin tarixi abidələri ilə tanış olublar.