Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir - Hikmət Babaoğlu

13 Aprel 2021 14:55 (UTC+04:00)

"Azərbaycanda şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı ən yüksək səviyyədədir. Dövlət başçısı səviyyəsində bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərilir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, qazilərin müalicəsinin təmin olunması, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istər dövlətin müvafiq qurumları vasitəsilə, istərsə də müxtəlif fondlar vasitəsilə çoxsaylı tədbirlər həyata keçirilir.

Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı hallarda şəhid ailələrinə və qazilərə qarşı hansısa məmurların səhlənkarlığı varsa, bu əsla dövlətin siyasəti ilə əlaqələndirilməməlidir: "Dövlətin siyasəti birmənalıdır, Azərbaycan Prezidentinin mövqeyi dəqiqdir. Bu məsələdə hər bir məmur, deputat, eləcə də vətəndaş öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir".

"Şübhəsiz ki, XXI əsr həm də informasiya müharibələri əsridir. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi davam etdirilməlidir. Ona görə də, yeni informasiya resurslarının yaradılması, milli informasiya ehtiyatlarımızın fəaliyyətinin koordinasiya edilməsi aktualdır. Hazırda "Media haqqında" yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi təqdim olunanda bir daha aydın olacaq ki, bu sahədə nə qədər böyük işlər görülməlidir. Hesab edirəm ki, hazrkı qlobal çağırışlara cavab verəcək bir qanun layihəsi hazırlanacaq və müzakirəyə çıxarılacaq. Yəni dövlətin informasiya siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması siyasəti qanunla əsaslandırılmaqla kompleks şəkildə fəaliyyətin daha da optimallaşdırılmasını təmin edəcək. Azərbaycan Prezidenti bütün çıxışlarında erməni informasiya müharibəsinə qarşı çox əsaslandıırlmış cavablar verir. Bu gün dövlət Başçısı ADA Universitetində xarici media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycan Prezidenti regionda baş verən proseslərlə bağlı fikirlərini bildirdi, dövlətimizin mövqeyi ilə bağlı mesajlar verdi", - deyə deputat vurğulayıb.