"QARABAĞ DİRÇƏLİŞ FONDU" MƏQALƏ

13 Aprel 2021 14:01 (UTC+04:00)

2020-ci il tarixdə Ermənistanın məğlubiyyəti, Azərbaycanın isə İkinci Qarabağ Müharibəsində qalibiyyəti ilə yadda qaldı. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu başda Ali Baş Komandan İlham Əliyev olmaqla erməni qəsbkarları üzərində parlaq qələbə çalaraq itirilmiş ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan xalqı 2021-ci ilə möhtəşəm tarixi qələbə ilə qədəm qoydu. Təqribən 30 illik bir dövrdə işğal altında olan torpaqlarımızda erməni vandalları tərəfindən misli bərabəri görünməyən vəhşiliklər törədilmişdi. Onlar Azərbaycanın qədim memarlıq abidələrini, məscidləri, ictimai binaları, yaşayış binalarını dağıtmış, 30 il ərzində daşı daş üstünə qoymamışdılar.

Ölkənin ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan dövləti bir daha beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyi pirinsiplərinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bütün çıxışlarında işğaldan azad olunmuş ərzilərə qayıdacağımızı, həmin əraziləri dirçəldəcəyimizi geniş quruculuq abadlıq işləri görəcəyimizi bildirmişdi. İlham Əliyev deyirdi ki, biz öz torpaqlarımızı şəhidlərin qanı bahasına azad etdik. Bu gün isə həmin torpaqları alnımızın təri ilə yenidən dirçəltməyə başlayırıq. Qarşıda bizi irimiqyaslı quruculuq bərpa işləri gözləyir və bu işlərdə öz payı olduğunu görmək hər kəsin arzusudur.Bu məqsədlə Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” yaradılmışdı. ”Qarabağ Dirçəliş Fondu”nun yaradılmasının əsas məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata malik regiona çevrilməsi istiqamətinədə həyata keçirilən tədbirlərə maliyyə yardımı göstərməkdir. Fondun vəsaitləri qrantlar, fiziki və hüquqi şəxslərin iaənələri və digər yardımlar hesabına formalaşır. ”Qrabağ Dirçəliş Fondu“ həmçinin könüllülük və bərabər hüquqluluq pirinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün yaradılmış vahid inistitutdur. Digər tərəfdən yaradılan fond 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təmintçısı olacaq.

2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcəkdir. Qarabağın yenidən qurma proqramı beynəlxalq maliyyə qurumlarının, yerli və xarici investorların, kommersiya banklarının vəsaitlərinin bu prosesə cəlb olunmasını tələb edir. Beynəlxalq təcrübə göstərir ki, beynəlxalq təşkilatlar, özəl sektor, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və s. kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edirlər. ”Qarabağ Dirçəliş Fondu" 2021-ci ildə Azərbaycan xalqının birlik və həmrəylik rəmzlərindən birinə çevriləcək və məhz bu Fondun dəstəyi ilə işğaldan azad edilmiş rayon və bölgələrimiz ən qısa zamanda respublikamızın inkişaf etmiş regionları sırasında öz layiqli yerlərini tutacaqlar.

Dövlət Qarabağın bərpası ilə bağlı baza tədbirlərinə-ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təminatı, ilkin mərhələdə zəruri infrastrukturun qurulması, yolların çəkilməsi, kommunikasiya xətlərinin bərpası və s. kimi proseslərə hələ müharibə tam bitmədiyi günlərdən başlayıb. İşğaldan azad olunmuş ərazilərin yenidənqurma proqramı yalnız dövlətin iqtisadi resursları hesabına edilməsi bu prosesi uzada bilər. Ona görə də işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması prosesində dövlət-dövlət, dövlət-özəl, dövlət-vətəndaş əməkdaşlığı zəruridir.

Qarabağda və ətraf rayonlarda həyata keçiriləcək quruculuq-abadlıq işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını da möhkəmləndirilməsinə xidmət edəcək. Əlbəttə ki, bu quruculuq işlərinə dəstək vermək hər bir azərbaycanlının arzusu və şərəf borcudur. Çünki bu dəstək həm də bizim hər birimizin qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

Gülmirə Hüseynova

Xəzər rayonu 230 nömrəli tam orta məktəbin tarix müəllim