Hərbi Qənimətlər Parkı – Qalib Azərbaycan ordusunun məğlub Ermənistan üzərində qələbəsinin nümayişi

13 Aprel 2021 13:46 (UTC+04:00)

Prezident İlham Əliyev: “Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək”

Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 17 il ərzində Azərbaycanı görünməmiş Qələbəyə – 30 ilin həsrətinə 44 gün ərzində son qoyaraq haqqın, ədalətin, ərazi bütövlüyümüzün bərpasına, Qarabağ Azərbaycandır və nidasını qoyaraq Qələbə Zəfərinə nail oldu.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu deyib. Dekabrın 10-da Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb və aprelin 12-də açıq səma altında nadir park - Hərbi Qənimətlər Parkının açılışı olub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Hərbi Qənimətlər Parkının ilk ziyarət bileti təqdim edilib.

«Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi. Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində Vətən sevgisidir».

Bu fikirləri Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra təltif olunan hərbi qulluqçularla görüşündə söyləyib.

«Bu Hərbi Qənimətlər Parkının açılışını bu gün etdim. Orada düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü göstərir, bir daha düşmənin məğlubiyyətini göstərir. Burada nümayiş etdirilən texnika məhv edilmiş və qənimət götürülmüş düşmən texnikasının kiçik bir hissəsini təşkil edir. 125 artilleriya topu, 366 tank, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını və digər texnikalar məhv edilmişdir və qənimət kimi götürülmüşdür», - deyə dövlətimizin başçısı bildirib.

Prezident vurğulayıb ki, Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək. Görəcək ki, bu qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.

“Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?”

Bunu Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıq zamanı deyib. Dövlət başçısı bildirib: «Bu «İsgəndər-M» raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

“Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib: «Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq»,-deyərək bildirib: «Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi. Bu, yenilik idi, inkişaf idi, bu, bizim gücümüzün təzahürü idi. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik».

«İnkişaf bizim Qələbəmizin əsasıdır»

Dövlət başçısı onu da vurğulayıb ki, inkişaf bizim Qələbəmizin əsasıdır: «Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə bu təntənəli mərasimin burada keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc – bunlar əsas amillərdir. Bir də Vətən sevgisi. Çünki bax, bu bulvarın ərsəyə gəlməsində, bunun təməlində Vətən sevgisidir. Çünki bu zona əvvəllər sənaye zonası idi və burada bir çox köhnəlmiş, sıradan çıxmış müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı. Sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürülüb».

Azərbaycan Prezidenti bildirib ki, 30 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmırdı: «Ancaq bizim problemlərimiz ondan daha əvvəl başlamışdı, daha dəqiq desəm, 1987-ci ildə. Çünki 1987-ci ildə Heydər Əliyevin bütün vəzifələrdən, o cümlədən Siyasi Büronun üzvü vəzifəsindən uzaqlaşdırılması ilə ermənilərin əlinə fürsət düşdü və onlar bu fürsətdən istifadə etdilər»,-deyən dövlət başçısı Dağlıq Qarabağ ətrafında baş verənləri xatırladaraq deyib: «Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi - Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heç vaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heç vaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın. Necə ki, 1970-1980-ci illərdə Azərbaycana rəhbərliyi dövründə bütün separatçı meyillərin qarşısı elə yerindəcə alınırdı. İndi tarixə baxın, sanki heç nə dəyişilməyib. Sovet vətəndaşı, özünü akademik sayan Fransada bu açıqlamanı verir və artıq bu mövzu ortalığa atılır. Biz yaxşı xatırlayırıq ondan sonra hansı proseslər baş vermişdi. Faktiki olaraq Dağlıq Qarabağı Azərbaycandan ayırmışdılar. Xüsusi idarəetmə komitəsi yaradılmışdı. Moskvadan bir adam göndərilmişdi. O da sırf ermənipərəst bir adam idi. Faktiki olaraq bizim problemlərimiz o vaxtdan başlamışdır».

Azərbaycan Prezident qeyd edib ki, Azərbaycana qarşı o vaxt çirkin informasiya kampaniyası aparılırdı: «Müstəqillik əldə olunandan sonra nələr baş verdi? Müstəqillikdən dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət törətdi, vəhşilik törətdi. Dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar vardı. Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımını rəsmən tanıyıbdır. Xocalı soyqırımından üç ay keçəndən sonra Şuşa və Laçın işğal altına düşdü».

“Bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil”

“Məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir»,- deyən Prezident İlham Əliyev ondan sonra nələr baş verməsi ilə bağlı bildirib: «Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Heydər Əliyev imkan vermədi ki, ermənilər blokada şəraitində olan Naxçıvanı işğal altına salsınlar, halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər”, -deyə dövlətimizin başçısı qeyd edib.

O vaxt baş vermiş bu və digər xəyanətləri xatırladan Prezident deyib: «1993-cü ilin aprelində Kəlbəcəri düşmənə verdilər. Ondan sonra təşvişə düşdülər, qorxuya düşdülər, depressiyaya düşdülər. Bu günə qədər də bu depressiyadan çıxa bilmirlər. Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar. Onların dar ağacı hazır idi. Azərbaycan xalqı bunlara cəmi bir il dözdü. Amma görün, bir il ərzində nə qədər böyük ziyan vurdular – torpaqlarımız əldən getdi, ordunu məhv etdilər, vətəndaş müharibəsinə start verdilər, qardaş qanını tökdülər. Ona görə, mən deyəndə ki, bunlar xəyanətkardırlar, satqındırlar, düşməndirlər, bax, buna əsaslanaraq deyirəm. Tarixi faktlara əsaslanaraq deyirəm. Onların mənfur xisləti bu gün də özünü büruzə verir. İkinci Qarabağ müharibəsi zamanında da altdan-altdan bizim ordumuza şər ataraq, haqq işimizə şər ataraq düşmənin dəyirmanına su tökdülər. Ona görə bu tarixi bilmədən bugünkü reallığa düzgün qiymət vermək mümkün deyil».

“Danışıqlara paralel olaraq, eyni zamanda, hazırlıq işləri gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu».

Bunu Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə bildirib.

«Nə demişəmsə, onu da etmişik. Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır”.

Azərbaycan Prezidenti Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri olduğunu söyləyib: "Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi”.

Prezident vurğulayıb ki, hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir.

Azərbaycan Prezidenti deyib: «Biz danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdıq. Bütün bu 17 il ərzində bizim əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Biz bir ölkədən asılı olmamaq üçün bu texnikanı bir çox mənbələrdən almışıq. Buna nail olmaq üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.

“İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq”

“İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə artıq vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi»,-deyən Prezident bildirib ki, hər kəs nəticəni gördü: “Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini. BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi, ondan başqa ciddi bir sənəd yox idi. BMT Baş Assambleyasının qərarı, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti. Avropa Şurası Parlament Assambleyası həmişə bizə düşmənçilik mövqeyi sərgiləyir, hətta onlar da məcbur olub ərazi bütövlüyümüzə dəstək nümayiş etdiriblər. Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu, olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər”.

Öz torpağında vuruşan, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyinin ədalətsizlik, vicdansızlıq olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVID ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər. Düzdür, hər hansı bir qətnamə qəbul olunsaydı belə, bizi dayandıra bilməzdi. Heç kim və heç nə bizi dayandıra bilməzdi».

Prezident qeyd edib ki, əgər biz hansısa bir ölkədən və yaxud da hansısa beynəlxalq maliyyə qurumundan asılı olsaydıq, müharibəni apara bilməzdik. Çünki min cür təzyiq edəcəkdilər, bizi təhdid edəcəkdilər, imkanlarımızı kəsəcəkdilər.

“İqtisadi müstəqillik əsas məsələlərdən biri idi, ona da nail olduq”

Dövlət başçısı iqtisadi müstəqilliyin əsas məsələlərdən biri olduğunu və ona da nail olduğumuzu vurğulayıb: “Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı”.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən amillərdən danışarkən bildirib: «Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq”.

Prezident qeyd edib ki, Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi: “Mən nə qədər təzyiqlə üzləşdim - yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə. Mən özüm Gürcüstana 725 milyon dollar kredit vermişəm. Nail olduq, bunu tikdik, Ermənistan dalana çevrildi. Bu, özlüyündə ona gətirib çıxardı ki, Ermənistandan kütləvi köç başlanmışdı. Köç olan kimi bazar daralır. Bazar daraldıqca, heç kim investisiya qoymaz. Adam gərək dəli olsun ki, Ermənistana investisiya qoysun, həm o illərdə, xüsusilə indi. Beləliklə, Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq».

«44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi»

«Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. Ancaq 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq».

Bu fikirləri Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə söyləyərək bildirib ki, İkinci vətən müharibəsi başlanan gündən hər gün düşməni qovurduq: «Biz düşməni hər gün qovurduq, hər gün. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdılar, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur. Ermənistan bir dəfə də uğurlu əməliyyat apara bilməmişdir. Ermənistan ordusunda 10 min fərari olub, özləri bunu etiraf ediblər. İndi onları əfv etmək istəyirlər. İndi 5 minini əfv etmək istəyirlər. Bəs, qalan 5 min? Yəqin ki, çıxıb gedib, artıq Ermənistanda yoxdur. Azərbaycan Ordusunda, Silahlı Qüvvələrimizdə bir nəfər də fərari olmamışdır. Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar».

Azərbaycan xalqının, Azərbaycan əsgərinin, zabitinin yüksək mənəvi ruh göstərdiyini diqqətə çatdıran Prezident deyib: «Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu. Deyə bilərəm ki, nəzərdə tutduğumuz bütün məsələlər əksər hallarda öz həllini tapdı. Əlbəttə, bəzi yerlərdə yubanmalar oldu, bəzi yerlərdə daha da tez, yaxud da ki, daha da böyük həcmdə əməliyyat aparıla bilərdi. Ancaq bu, müharibədir, onu planlaşdırmaq mümkün deyil. Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular».

“Bu gün Ermənistanda bəzi revanşist qüvvələr də bilməlidir, dəmir yumruq yerindədir”

“İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik».

Bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.” Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır».

Bunu Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Bu təntənəli mərasim bu gün keçirilir. Bunun səbəbləri yəqin ki, sizə bəllidir. İlk növbədə, bu yeni hərbi mükafatlar hazırlanmalı idi, onlar yox idi. Onların dizaynı hazırlanmalı idi, onların hazırlanması təşkil edilməli idi. Bu, vaxt apardı. Eyni zamanda, pandemiyaya görə qapalı yerlərdə belə mərasimlərin keçirilməsi mümkün deyil və hava şəraiti də uyğun olmalı idi. Bir də ki, Hərbi Qənimətlər Parkı hazır olmalı idi. Mən istəyirdim ki, biz Parkın açılışı günüdə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və Parkın ilk ziyarətçiləri siz olasınız. Buna görə bir qədər vaxt apardı. Ancaq bu gün bu mərasim keçirilir. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün tük dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.

Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”

RƏFİQƏ KAMALQIZI