Elmar Məmmədyarov: “Danışıqlar prosesinin uğurla nəticələnməsi beynəlxlaq ictimaiyyətin müvafiq aktiv dəstəyindən asılıdır”

24 May 2011 09:59 (UTC+04:00)

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilən səfərinə dair ölkədə ingilis dilində yeganə çap edilən "The News" qəzetində geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən SİA-ya verilən xəbərə əsasən, məqalədə nazir E.Məmmədyarova istinad olunaraq qeyd edilib ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib və eyni zamanda, Meksika Hökuməti tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənməsinə ümid edir.

Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır.

Həmçinin məqalədə bildirilir: "Ermənistanla münaqişənin həll edilməsi Azərbaycan üçün prioritet məsələ olaraq Azərbaycanın xarici siyasətinin formalaşması üçün əsas təsiredici faktordur və münaqişənin həllində Azərbaycanın mövqeyi BMT Nizamnaməsi və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır." BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərə istinad edilərək vurğulanıb ki, sözügedən sənədlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində suverenliyi və ərazi bütövlüyünün tanındığının əsas göstəricisidir. Eyni zamanda bildirilib ki, danışıqlar prosesinin uğurla nəticələnməsi Ermənistanın da eyni şəkildə konstruktiv mövqeyindən və beynəlxalq ictimaiyyətin müvafiq aktiv dəstəyindən asılıdır.

Məqalədə, həmçinin Azərbaycan tərəfindən Latın Amerikası regionunda lider ölkələrdən biri və beynəlxalq təşkilatlar çərçivəsində xüsusi rolu olan Meksika ilə əməkdaşlıq məsələlərinə mühüm əhəmiyyət verildiyi qeyd edilib, ölkələrimiz arasında mümkün əməkdaşlıq sahələri, o cümlədən enerji, informasiya texnologiyaları, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi perspektivlərinin araşdırıldığı qeyd edilib.

Bildirilib ki, 2008-ci ildən etibarən Azərbaycanın Meksikadakı Səfirliyi fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha intensiv şəkildə inkişaf etməyə başlayıb. Bu xüsusda, Meksikada keçirilən Azərbaycanın mədəniyyət günləri, habelə Meksikanın iqtisadiyyat və biznes dairələrinin nümayəndələrinin Bakıya səfəri, iki ölkənin gənclər və idman və informasiya texnologiyaları sahələrində yaradılmış əməkdaşlıq əlaqələri və bir sıra digər tədbirlər və yüksək səviyyəli rəsmi səfərlərin həyata keçirildiyi məqalədə qeyd edilib.