İlham Əliyevin xalqın etimadını qazanaraq yenidən Prezident seçilməsindən 3 il ötür 2018-ci il aprelin 11-də

11 Aprel 2021 18:34 (UTC+04:00)

Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan Ümummilli Lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər əldə edir. Bu uğurların qazanılmasının digər bir mühüm səbəbi isə Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

11 aprel 2018-ci ildə İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsindən üç il keçir. Ötən bu illər ərzində Azərbaycanda bütün sahələrdə inkişaf prosesləri baş verib. Bu baxımdan xarici siyasət kursu da uğurla həyata keçirilib və dövlət və milli maraqlarımızı tam təmin edilib. Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində ölkəmiz dünyanın yeganə qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu orqanına - Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyini qazanaraq qeyri-daimi üzvü olub. Bu da ölkəmizin milli maraqlarını beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaradıb. Müstəqil Azərbaycan özünün xarici siyasət prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur və onlara qarşı bitərəf siyasətini saxlayır. Digər bir uğur Azərbaycanın daha bir mötəbər təşkilata rəhbərlik etməsidir. Məlumdur ki, 2019-2022-ci illərdə Azərbaycan BMT-dən sonra, dünyada ikinci mötəbər, böyük təşkilat olan, 120 ölkəni öz ətrafında birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. 2019-cu ilin payızında bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.

Xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. Bu gün bir çox Avropa rəsmiləri qitənin enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edirlər. Rusiya, Almaniya, Türkiyə, İtaliya və dünyanın digər qabaqcıl ölkələrinin prezident və baş nazirlərinin ölkəmizə səfərləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparmaları və müvafiq ikitərəfli razılaşmaların imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir. Artıq TAP və TANAP layihələri yekunlaşıb, Azərbaycan qazı Avropaya çatıb. Bu əlbəttə, ölkəmiz üçün böyük nailiyyətdir.

Prezident İlham əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmiz nəqliyyat sektorunda beynəlxalq körpü rolu oynayır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ bir nəqliyyat marşrutu olmaqla yanaşı, Prezidentimizin də dediyi kimi, iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər. Qeyd edək ki, bu yazınlarda Süveyş kanalında baş vermiş qəza nəticəsində dünya iqtisadiyyatı hər günü 10 milyard dollar ziyanla başa vurdu və bu problem 10 günə yaxın davam etdi. Məhz belə bir məqamda Azərbaycanın dominantlıq etdiyi Şərq-Qərb nəqliyyat dəhlizi nə qədər əhəmiyyətli olduğunu bir daha büruzə verdi. Təsadüfi deyil ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu: "Ötən ilin I rübündə təxminən 78 min ton olan Bakı-Tiblisi-Qars dəmir yolu xətti ilə yük daşımaları, bu ilin eyni dövründə 2 468 vaqona və ya 154 min 836 tona çatıb”, deyib.

Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənən bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olub. Bu əməyin nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilib.

Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə ediləndən sonra təmas xəttində də bunun davamı gəldi. Ermənistanın təxribatlarından sonra başlanan 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar Ermənistan adlı işğalçı dövlətin kapitulyasiyası ilə nəticələndi. 30 il ATƏT-in Minsk qrupunun apardığı danışıqlar, BMT-nin qəbul etdiyi qətnamələr Ermənistanın işğalçı ordusunu Azərbaycan torpaqlarında çıxarılmağa yetərli olmadı. Amma Azərbaycan xalqının dəstəyi, Ordumuzun qəhrəmanlığı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ erməni işğalından azad olundu. İndi fəxrlə "Qarabağ Azərbaycandır!" demək olar.

Yeni prezidentlik dövrünə şəhid ailələrinə kompensasiya verilməsi barədə Fərmanın imzalaması ilə başlayan ölkə başçısı bu müddət ərzində Azərbaycan vətəndaşının rifahını daim prioritetdə saxlayıb. Şəhid ailələrinə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib. Prezidentin Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb. 2019-cu il 30 yanvar tarixli “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Son illər dərin biznes islahatları ilə də yadda qalıb. Bu illərdə mikro, kiçik və orta sahibkarlığın meyarlarının yenilənməsi, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparıldı, həmçinin yeni sənaye, aqro və texno parklar və sənaye məhəllələri yaradıldı. Vergi və gömrük islahatlarında əsas məqsəd sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business"in hesabatlarında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi oldu. Bu hesabatda Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəldi, BRICS ölkələrinin hamısını, G20 ölkələrinin isə hər dördündən üçünü üstələdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezidentin müəyyənləşdirdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional baza mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Dövlət başçısının apardığı struktur islahatlar iqtisadiyyatın əsas prinsipi olan səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezidentin tapşırıqlarına uyğun olaraq, məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir. Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. İnstitutsional və struktur islahatları çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Enterpriseazerbaijan.com, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradıldı və fəaliyyətə başlayıblar. Beləliklə, Prezidentin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir.

Azərbaycan xalqının Prezident İlham Əliyevə etimadı artmaqda davam edir. Görülən işlər nəticəsində ötən 3 il dövlət başçısına etimadın ən yüksək səviyyəyə çatmasının göstəricisi kimi çıxış edir. Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs 2018-ci il 11 aprel prezident seçkilərində növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş cənab İlham Əliyev tərəfindən son 3 il ərzində yeni məzmunla zənginləşdirilmişdir. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir.