Yaponiya və Hindistan arasında “2+2” formatında görüş keçiriləcək

11 Aprel 2021 11:40 (UTC+04:00)

Yaponiya və Hindistan hökumətləri cari ay ərzində Tokioda xarici işlər və müdafiə nazirlərinin görüşünə hazırlaşırlar. SİA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, görüşdə Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişi, Hindistan tərəfdən isə onların həmkarları Subramanyam Cayşankar və Racnath Sinqh iştirak edəcəklər.

Qeyd edilir ki, bu, Yaponiya və Hindistan arasında iki il bundan əvvəl Hindistanda keçirilmiş görüşdən sonra sayca ikinci görüş olacaq. Görüşdə tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin əsas mövzu olacağı bildirilir.

Xatırladaq ki, ötən il Yaponiya və Hindistan arasında bir-birinin silahlı qüvvələrini ərzaq və yanacaqla təchiz etmək barədə saziş imzalanıb.