Rusiya yeni imperiya arzusundadır...

11 Aprel 2021 10:23 (UTC+04:00)

Polşanın keçmiş müdafiə naziri Romyald Şeremetev Ukrayna ətrafında yaranmış vəziyyətə münasibət bildirib. SİA bu barədə xarici mətbuata istinadən dərc edir.

Beləliklə, ilk olaraq, Putini elə də ağılsız bilməyən Şeremetev, onun atdığı hər addımını “dəqiqliklə” də olmasa, amma hesabladığını istisna etmir. Sabiq müdafiə nazirinə görə, hazırda Rusiyanın gücünü qiymətləndirən Kreml rəhbəri Ukraynanı zəiflətmək məqsədi ilə ona qarşı hibrid müharibəsi aparır.

Şeremetevin fikrincə, Kremlin bütün bu addımları Ukraynanı Qərbdən “qoruyub” (buna “qoparmaq” da demək olar-A.B.) öz təsiri altına almağa hesablanıb.

Putinin aqressiv hərəkətlər etmək ehtimalı ilə bağlı hansı hesablamalar apardığını bilmədiklərini deyən Şeremetev amma Rusiyanın hər zaman atacağı addımları diqqətlə düşündüyünü etiraf edir.

“Bildirilməlidir ki, bu gün bizim hibrid müharibənin elementləri kimi təqdim elədiyimiz hər şeyi Rusiya uzun müddətdir ki, aparır. Yəni hər zaman özünə tabe etmək istədiyi ölkəni zəiflətməyə çalışan Kreml ilk növbədə. həmin ölkənin cəmiyyətini parçalamaq, elitalarını pozmaq istəyir. Strategiyada isə Moskva əvvəlcə ilk olaraq ölkəni sözdə uğursuz bir dövlət halına gətirmək və daha sonra kiçik bir hərbi kontingentdən istifadə edərək nəzarəti ələ keçirməkdir. Moskvanın Ukrayna ilə əlaqəli olaraq bu taktikadan daim istifadə etdiyini görürük”. Bunlar Romyald Şeremetevin fikirləridir.

Siyasətçiyə görə, təsəvvür edək ki, bütün Ukraynanı ələ keçirə bilməyən Rusiya “üsyançı” Luqansk və Donetsk bölgələrini ayırmağa qərar verir. Bunun üçün ruslar öz qoşunlarını separatçılarla Ukrayna qoşunları arasında yerləşdirirərək, açıq şəkildə, Rusiya sərhədinin məhz buradan keçəcəyini bildir: “Görən,bu halda Avropa Birliyi və ya NATO nə edəcək?”.

Polşalı siyasətçiyə görə, rusların məqsədi də budur. Yəni onların məqsədi Ukraynanın müttəfiqlərinin itirməsinə, heç kimdən kömək ala bilməməsinə nail olmaqdır.

Hazırda Moskvanın imperatorluq gücünü bərpa etməyə çalışdığını bildirən Şeremetev Kremlin bunu dünya müharibəsinə səbəb olmayacaq şəkildə həyata keçirmək istədiyini deyir. Siyasətçiyə görə, çünki bu ölkənin məğlub olacağı qaçılmazdır: bu ölkə kifayət qədər potensiala sahib deyil.

Bundan əlavə, hazırda ruslar Kremlin atacağı addımların ABŞ tərəfindən necə münasibət göstəriləcəyini də sınayırlar. Çünki hazırda Amerikada hakimiyyətə yeni prezident gəlməklə, yeni bir mərhələyə start verib.

…Bu gün rus şüurunda imperator istəklərinin mühüm yer tutduğunu bildirən Şeremetev, onların Rusiyanın siyasəti, gücü, digər ölkələrdə qorxu yaratması ilə qürrələndiklərini gizlətmədiklərini də bildirir.

Ağasəf Babayev