“Naxçıvan: dörd fəsildə” kitabının təqdimatı olub FOTOLAR

11 Aprel 2021 09:07 (UTC+04:00)

Aprelin 8-də "Saat Meydanı" turistik istirahət mərkəzində Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Naxçıvan: dörd fəsildə" kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli kitabın müəllifinə və nəşrində əməyi keçənlərə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəkkürünü çatdırıb.

Qeyd olunub ki, Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir, sosial-iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Muxtar respublikada aparılan geniş quruculuq işləri və yaradılan müasir infrastruktur yaradıcı insanlar üçün geniş mövzu seçimidir. Müstəqilliyin ilk illərində Naxçıvanla bağlı məlumat toplamaq istədikdə, məhdud sayda ədəbiyyat və kitablara müraciət olunurdu. Lakin müstəqillik illərində Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, bu ərazidə min illər ərzində xalqımızın formalaşmış milli dəyərlər və adət-ənənələr sistemi geniş öyrənilib, beynəlxalq simpozium və konfranslar keçirilib, nəticədə Naxçıvanşünaslıq mühüm elmi istiqamət kimi müəyyənləşdirilib, minlərlə sanballı kitab və ensiklopediyalar nəşr olunub, tədqiqat əsərləri yazılıb. Nəşr olunmuş kitablar tariximizi, milli dəyərlərimizi və Naxçıvanın müasir inkişafını öyrənmək üçün dəyərli elmi mənbələr olmaqla yanaşı, həm də muxtar respublikanın kompleks şəkildə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Ülvi Hüseynli deyib ki, bir yer haqqında kitab yazılanda, ilk növbədə həmin ərazinin tarixinə, təbiətinə, dəyərlər sisteminə, ən əsası isə müasir inkişafına daha çox diqqət yetirilir. Bu gün müasir Naxçıvan zəngin tarix-mədəni irsi, təbiəti və kompleks inkişafı ilə ölkə və dünya müəlliflərinin diqqətini cəlb edir. Yüksək tərtibatla və min tirajla nəşr olunmuş "Naxçıvan: dörd fəsildə" kitabı da bu mənada mühüm əhəmiyyətə malikdir. Kitab oxuculara qədim diyar haqqında geniş məlumat verməklə yanaşı, həm də yüksək peşəkarlıqla çəkilən fotoşəkilləri ilə vizual tanışlıq imkanı yaradır. Kitabı oxuyanlar Naxçıvanın gözəlliklərini dörd fəsildə görəcək, qədim tarixi abidələri, müasir inkişafı, iqtisadiyyatı və sosial həyatı ilə yaxından tanış olacaqlar. Müəllif kitabda Naxçıvanı öz yaradıcı təxəyyülü və yanaşması ilə təqdim etməyi bacarıb. Məlumat və fotoşəkillərin ahəngdar yerləşdirilməsi, Naxçıvan gözəlliklərinin poetik dillə təqdim olunması kitabın təsir gücünü daha da artırır. Eyni zamanda, Azərbaycan və ingilis dillərində nəşr olunması kitabı daha böyük oxucu kütləsi üçün əlçatan edib. "Naxçıvan: dörd fəsildə" kitabı Naxçıvanşünaslığa töhfə olmaqla yanaşı, həm də turizm sahəsində çalışanlar, eləcə də ali məktəblərin Turizm və otelçilik ixtisasının müəllim və tələbələri üçün dəyərli vəsaitdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, müstəqillik illərində muxtar respublikada çox sayda kitablar, monoqrafiyalar, albom-kataloqlar nəşr olunaraq geniş ictimaiyyətə təqdim edilib. Tarixi yazmaq tarixi yaratmaq qədər çətin və şərəflidir. Ziyalıların və elm işçilərinin də qarşısında duran əsas vəzifə yaradılan tarixi tədqiqat obyektinə çevirərək mahiyyətini ortaya çıxarıb yazmaq, geniş şəkildə təbliğ etməkdir. Bu mənada yüksək poliqrafik keyfiyyətdə hazırlanan "Naxçıvan: dörd fəsildə" kitabı da elmi tutumu və çoxcəhətli fotoları ilə diqqəti cəlb edir. Nəşrin ön sözünü yazan akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, Naxçıvan elə bir diyardır ki, çoxcəhətli əlamətləri ilə hər kəsin marağına hakim kəsilir. İlk növbədə ona görə ki, Naxçıvan Dədə Qorqud yurdudur, oğuz torpağıdır. Muxtar respublikamız çox zəngin landşaft quruluşuna malikdir, yayı isti, qışı sərtdir. Bütün bu məziyyətlər qədim diyarımızda unikal təbiətin yaranmasına, buna uyğun tarix və mədəniyyət abidələrinin formalaşmasına öz təsirini göstərib.

Kitabda yer alan şəkilləri ayrı-ayrılıqda təhlil edən akademik İsmayıl Hacıyev qeyd edib ki, yeni nəşrdə, ilk növbədə bütün fəsillərdə Naxçıvanın ecazkar təbiətinin, tarixi-mədəni abidələrinin fotoları öz əksini tapıb. Yekun hissədə də qeyd edildiyi kimi oğuz yurdunun təbiətinin sözlə müfəssəl şəkildə ifadəsi çətin olduğu kimi, onu fotoların dili ilə də tam dolğun formada geniş oxucu kütləsinə çatdırmaq asan deyil.

Ümumilikdə, "Naxçıvan: dörd fəsildə" kitabında yer alan şəkillər adi gözlə görünməyən, diqqət yetirilməyən nüansları ortaya çıxarmaqla özünəməxsusluğu, fundamentallığı ilə seçilir və Naxçıvanın turizm potensialının, tarixinin, mədəniyyətinin təbliğində əvəzsiz rol oynayır. Turizm Departamentinin direktoru Əkbər Novruzov qeyd edib ki, Naxçıvanda turistlərin cəlbi baxımından yaradılmış infrastrukturun və geniş turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, bukletlər, turist xəritələri hazırlanır, tanıtım işləri həyata keçirilir. Təqdimatı olan "Naxçıvan: dörd fəsildə" kitabı da təbliğat-təşviqat sahəsində görülən işlərin davamı olmaqla yanaşı, muxtar respublikanın turizm sektoru üçün də mühüm töhfədir.

Naxçıvanşünaslıq Mərkəzinə, ali təhsil müəssisələrinə, ziyalılara və ictimaiyyət nümayəndələrinə, turizm sektorunda çalışanlara "Naxçıvan: dörd fəsildə" kitabı təqdim olunub. Tədbir iştirakçıları yeni kitab və nəşrdəki fotoşəkillərdən ibarət sərgi ilə tanış olub, Naxçıvanın turizm potensialından bəhs edən filmə baxıblar.

Qeyd edək ki, "Naxçıvan: dörd fəsildə" kitabının müəllifi fotoqraf Hüseyn Bağırovdur.