Xankəndidə dövlət bayrağımız yüksəldiləcək: proseslər inkişaf edir! ANALİTİK

8 Aprel 2021 11:48 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının “QARABAĞ AZƏRBAYCANDIR!” kəlamı nəinki azad edilmiş torpaqlarımızda, bütünlükdə Qarabağımızda öz səs-sədasını əks etdirmək üzrədir

Məlum olduğu kimi, Prezident İlham Əliyev Ağcabədi rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (109 km)–Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,6 milyon (on üç milyon altı yüz min) manatın ayrılmasını tapşırıb.

Digər tərəfdən, onu da xatırlada bilərik ki, artıq Azərbaycan Dəmir Yolları da Yevlax-Xankəndi dəmir yolunun Ağdam, Xocalı və Xankəndindən keçən yeni qolunun inşasını müzakirə edib və bu istiqamətdə də işlərin başlanılması gözlənilir.

Bir vaxtlar həsrətlə xatırladığımız Qubadlıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Ağdamda, Fizulidə artıq bu gün Azərbaycan dövlət bayrağı dalğalanırsa, bu zaman müqəddəs üç rəngli bayrağımızın istiqamət aldığı növbəti marşrutun Xankəndi olduğunu da unutmamalıyıq!

Xankəndidə, Xocavənddə, Xocalı və Əsgəranda tikinti-quruculuq işləri həyata keçiriləcək

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizin yol-infrastruktur və s. layihələrinin qısa zamanda reallaşdırılması istiqamətində başladılan işlər, o cümədən, Şuşaya çəkilən yol, həmçinin digər tikinti-inşaat layihələri fakt olaraq belə qənaətə gəlməyə zəmin yaradır ki, azad Qarabağ yaxın illər ərzində özünün əsrarəngiz inkişafı ilə dünyaya səs salacaq. Bu, həm də o deməkdir ki, hazırda Xankəndidə, Xocavəndin bir hissəsində, Xocalı və Əsgəranda və s. Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgələrdə də çox yaxın vaxtlarda tikinti-quruculuq işləri həyata keçiriləcək. Daha dəqiq desək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının “QARABAĞ AZƏRBAYCANDIR!” kəlamı nəinki azad edilmiş torpaqlarımızda, bütünlükdə Qarabağımızda öz səs-sədasını əks etdirmək üzrədir.

Tural Gəncəliyevin tvitter hesabında yazdığı statusu separatçıları yerlərindən oynadıb

Yeri gəlmişkən, verilən bu qərarlar, həyata keçirilən layihələr separatçı və quldur rejim qalıqlarını da ciddi şəkildə təlaşlandırmağa başladıb. Misal üçün, daha bir faktı göstərə bilərik. Bugünlərdə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin tvitter hesabında yazdığı statusu separatçıları yerlərindən oynadıb. Belə ki, o statusunda tezliklə ofisinin Xankəndidən fəaliyyət göstərəcəyini bildirmişdi. O qeyd edib ki, hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir. "Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!", deyə o statusunda vurğulayıb.

Bütün bunlar isə bir faktı sübut edir ki, Prezident İlham Əliyev özünün qətiyyətli və çevik qərarları, əzmkarlığı, eləcə də verdiyi vədlərini tam şəkildə yerinə yetirən dövlət başçısı olaraq çox yaxın zamanlarda Qarabağımızın digər ərazilərimizdə də Azərbaycanın dövlət bayrağını yüksəldəcək. Qarabağda aparılan işlər və inkişaf edən proseslər məhz bu istiqamətdə doğru sürətlə irəliləyir. Buna isə kimsənin şübhəsi olmamalıdır.

Rövşən RƏSULOV