Rusiya və Ukrayna müharibə astanasında

8 Aprel 2021 08:58 (UTC+04:00)

Hazırda Rusiya ilə Ukrayna arasında getdikcə böyüyən gərginlik yaxınlaşan müharibə qorxularını artırır. Maraqlıdır ki, məşhur bir ravvin bütün bu baş verənləri Məsihin yaxın gələcək gəlişinə işarə olduğunu iddia edir.

SİA xarici mətbuata istinad edir.

Xatırladaq ki, iki ölkə arasındakı qarşıdurma yeddi ildir ki, Rusiyanın Ukraynadakı inqilabdan sonra Krımı ilhaq etməsindən bəri davam edir.

Qeyd edək ki, mart ayının 24-də Ukrayna prezidenti Vladimir Zelenski, “Krım Muxtar Respublikasının müvəqqəti işğal olunmuş ərazilərinin və Sevastopol şəhərinin işğaldan azad edilməsi və reinteqrasiyası” haqqında fərman imzalayıb. Bildirək ki, çoxları bu fərmanı, əslində, Ukraynanın Rusiyaya müharibə elan edən bir fərman kimi dəyərləndirirlər.

Təsadüfi deyil ki, bu fərman təsdiq edildikdən sonra, hər iki tərəf qüvvələrini cəmləşdirmək istiqamətində fəaliyyətə başlayıblar. Hətta bu günlərdə Ukrayna tanklarının Luqansk və Donetsk bölgələrində göründüyü də bildirilir. Bu arada NATO rus təyyarələrinin Şimali Atlantika, Şimal dənizi, Qara və Baltik dənizləri üzərində fəallıq göstərməyə başladığı barədə də məlumatlar yayıb.

Bir müddət bundan əvvəl, dəqiq desək, ötən həftə Ukrayna Prezidenti Zelenskiyə zəng edən amerikalı həmkarı Cozef Bayden Rusiyadan gələn “təcavüz” qarşısında Ukraynaya dəstək verəcəyini bəyan edib.

Bildirək ki, Rusiya buna cavab olaraq NATO-ya Ukrayna ərazisinə qoşun yeritməməsi barədə xəbərdarlıq edərək, belə bir addımın sərhədləri yaxınlığında gərginliyi artıracağını və Kremlin güclə cavab verməkdən başqa çarəsi qalmayacağını bildirib.

Maraqlısı isə budur ki, bəzi ilahiyyatçılar hərbi gərginliyin həyəcanverici bir şəkildə artmasını 1700-cü illərdə edilən qiyamət peyğəmbərliyinin yerinə yetirilməsi kimi qələmə verirlər. Yeri gəlmişkən onu da bildirək ki, Xristianlar İsa Məsihin Məsih olduğuna və ikinci gəlişdə dünyaya qayıdacağına inanırlarsa, Yəhudilər Məsihin hələ gəlmədiyinə inanaraq, onun ilk gəlişini gözləyirlər.

…Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna Nazirlər Kabineti Rusiya ilə iqtisadi əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. Onu da xatırladaq ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədərki dövrü əhatə edib. Proqramda iki ölkənin bütün iqtisadi sahələrdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutulmuşdu.

Ağasəf Babayev

.