"Bu artıq beynəlxalq hüquqla bağlı məsələdir" MÜSAHİBƏ

7 Aprel 2021 16:33 (UTC+04:00)

SİA Beynəlxalq ekspert Asif İbrahimovun müsahibəsini təqdim edir:

- Azərbaycanın Vətən müharibəsindəki zəfərinin ölkəmizin iqtisadiyyatına qatqısı nədən ibarət olacaq?

- Bildiyimiz kimi, Azərbaycanın işğaldan azad olan ərazisində iki əsas iqtisadi rayon mövcuddur. Yuxarı Qarabağ və Laçın-Kəlbəcər iqtisadi rayonu. Həmin rayonlar təbii ehtiyatlarına görə çox zəngin ərazidir. Ermənilər həmin ərazilərdəki təbii ehtiyatlarımızı istismar edərək, öz dövlət büdcələrini, öz iqtisadiyyatlarına xeyir veriblər. Bildiyimiz kimi, Ağdərədə və Kəlbəcərdə qızıl ehtiyatlarımız, civə, mis və molibdən yataqlarımız var. Təbii ki, müharibədən sonra Azərbaycan "Zod" yatağının 70%-ni nəzarəti altına qaytardı. Zəngilandakı "Vejnəli" yatağı, mis molibdən yataqlar bizə qayıtdı. Dünyada rəngarəng dağları ilə seçilən Zəngəzur geri qaytarıldı.

- Qarabağdakı quruculuq planlarından başqa daha nə kimi yeniliklər olacaq?

- Doğrudur, bir sıra islahatlar həyata keçirilir. Son illərdə 100 milyarda yaxın investisiya regionların inkişafına sərf olunmuşdur. Amma bundan əvvəl bu iqtisadi inkişafa mane olan məsələləri biz özümüzdə müəyyənləşdirməli və onları aradan qaldırmalıyıq. İlk növbədə struktur islahatlar aparılmalıdır. Bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir. Bütün dünya artıq yeni idarəetmə modelinə keçib, lakin biz hələ də icra hakimiyyətləri strukturlarını saxlayırıq. Daha sonra bir çox qurumlar ləğv edilməlidir. Analoji qurumlar birləşdirilməlidir. Belə olduqda biz investisiyalarımızı nəzarətdə saxlayacayıq. Orada bürokratik aparat və təşkilati struktur sadələşdiyində idarəetmə də çox asan olacaq. Beləliklə, hökumətin sahibkarlığa, regionların inkişafına yatırdığı vəsaitlər asanlıqla gedib sahibkarlara çatacaq.

- İşğal olunmuş ərazilərimizə artıq Qayıdışla bağlı planlar var. Hansı təşviqedici proqramlar hazırlana bilər ki, proses daha sürətli şəkildə həyata keçirilsin?

- İlk növbədə ənənəvi modellərdən imtina etməliyik. Düşünürəm ki, orada heyvandarlıq, kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bununla yanaşı, biz daxili bazardan çox xarici bazara hədəflənməliyik. Mən hər zaman deyirəm ki, bizim əsas problemimiz - bir çox fermerlərimizin, sahibkarlarımızın, ixrac həyata keçirən insanlarımızın Rusiya bazarına hədəflənməsidir.

- Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu zərərin təzminatı mütləq ödətdiriləcək. Bir iqtisadçı olaraq, təzminatın məbləği və işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün lazım olacaq ilkin vəsaitin məbləği ilə bağlı konkret rəqəmlər səsləndirməniz mümkündürmü?

- Bilirsiniz ki, bizim ərazilərimizdən əldə etdikləri xammal əsasında qurulan müəssisələr ilk onluqda olan vergi ödəyəcəyi siyahısındaydı. Onlar bizim tarixi abidələrimizə ziyan vurublar təbii ki, bunların bir qarşılığı olmalıdır. Bu kimi məsələlərin həm iqtisadi, həm də sosial tərəflərini qiymətləndirdikdə mətbuatda gəzən 50 milyard rəqəmi çox az səslənir.

- Ermənistan bu təzminatı ödəməkdən bir növ imtina edərsə?

- Bu artıq beynəlxalq hüquqla bağlı məsələdir. Onun bir çox nümunələri var. Ən çox eşitdiyimiz məsələ ərazi ilə təmin etmə və yaxud da müəyyən siyasi güzəştlərə getməsi ilə bağlı məsələlərdir.

- Dünyanın maliyyə qurumlarının yenidənqurma işlərinə cəlb edilməsi hal hazırda nə yerdədi?

- Ümumiyyətlə investisiya yatırımları ilə bağlı xarici investr hər hansı bir ölkəyə yatırım etdikdə bir neçə reytinqlər var. İlkin olaraq, xarici investr həmin o reytinqlərə baxır və həmin ölkə haqqında fikir formalaşır. Bu ölkədə məhkəmə hüquq islahatları lisenziya və icazələrin alınma müddəti bir çox məsələlərin geri dönüşü ilə bağlı, iqtisadi-siyasi mühitlə bağlı kriteriyalarda, meyarlarda qiymətləndirmə keçirilir. Azərbaycan son 3 il ərzində 25 pillə ilərləyərək, özünü investisiya yatırılmağa maraqlı tərəf kimi tanıtdı.

- Bir dövlətin iqtisadi inkişafı həm də onun partnyorlar ilə əməkdaşlığına söykənir. Bu mənada Azərbaycanın hansı ölkələrlə partnyorluğunu diktə edir?

- Azərbaycan çox önəmli geostrateji əhəmiyyətə malik ölkələrdəndir. Bildiyimiz kimi, İpək yolu Azərbaycan ərazisindən keçəcək. Bizim Avropa İttifaqında ən çox ticarət dövriyyəsi olan ölkələrdən biri də İtaliyadır.

Arzu Qurbanzadə