Kreml dairələrinə yaxın ekspertlər “İskəndər M” faktını etiraf edirlər ANALİTİK

7 Aprel 2021 12:14 (UTC+04:00)

“Sudan quru çıxma” cəhdi, yoxsa beynəlxalq öhdəliklərə göz yummaq həyasızlığı?

“İskəndər M”lə bağlı məsələ və həmin məsələ ətrafındakı fikirlər sürət yığmağa başlayıb. Belə ki, bir neçə günlük susqunluqdan və iddiaların rədd edilməsindən, eləcə də istifadə olunmuş “İskəndər” qalıqlarının guya Suriyadan gətirilməsinin informasiya məkanında sızdırılmasından sonra, Rusiyada da təsdiq etməyə başlayıblar ki, azərbaycanlı minaaxtaranların aşkarladıqları ixracı qadağan olunan raketlər və onların parçaları ruslara məxsusdur. O cümlədən, rusiyalı hərbi ekspertlərin fikirlərindən belə bir nəticəni də çıxarmaq olar ki, əvvəlcə gizlədilən və beynəlxalq öhdəliklərin pozulmasını təsdiq edən fakt indi də necə deyərlər, rəndələnir, hətta “İskəndər M”lərin Ermənistanın hərbi arsenalında yer alması təəccüb də doğurmurmuş (?!). Daha dəqiq desək, xüsusilə hakimiyyətə yaxın olan rus politoloqları sözügedən məsələdə “sudan quru çıxmaq” prinsipindən çıxış edirlər.

SİA xəbər verir ki, Rusiyanın tanınmış hərbi eksperlərindən biri olan Pavel Felqenqauer “Kavkazskiy Uzel”ə verdiyi müsahibəsində qeyd edib ki, Ermənistanda ixrac variantı olmayan “İskəndərlər” (“İskəndər M”lər-red.) mövcuddur və onların üzərində ixrac nişanları yoxdur.

Pavel Felqenqauer: “Əgər Ermənistanda məhz rus ordusu üçün istehsal edilən “İskəndərlər” varsa, mən buna təəccüb etmərəm”

“Deyilənə görə, Əlcəzair üçün ixrac “İskəndər” istehsal edilib, lakin digərləri üçün belələri istehsal olunmur, yalnız sadələri istehsal edilir. Düzünü desəm, mən Ermənistan üçün ixrac variantının istehsal edilməməsinə, sadəsinin satılmasına şübhə ilə yanaşırdım – bu haqda danışmırdılar, ancaq onun ixrac məqsədli olmasını da təsdiq etmirdilər, susurdular. Nəyə görə məxsusi olaraq ixrac məqsədli raketləri düzəltmək və istehsal prosesini pozmaq lazımdır, hansı ki, bu raketlər Rusiya silahlı qüvvələri üçün istehsal edilir? Ermənistana müəyyən bir miqdar göndərməkdənsə, daha aşağı səviyyədə olan ixrac məhsullarının istehsalını təşkil etməkdən daha asandır”, deyən analitik xatırladıb ki, “İskəndər” kompleksi daha əvvəl məhz ixrac istiqamətinə yönəldilməyə planlaşdırılmışdı. SİTAT: “Ona görə də adını “İskəndər” qoydular – Aleksandr Makedonskini şərq ölkələrində belə adlandırırlar. Düşünürdülər ki, bu yaxşı marketinq gedişi olacaq, axı verilən adın özü rus silahı üçün tipik deyil. Ancaq “İskəndər”lə bağlı ixrac xüsusilik təşkil etmədi və onu “Toçka U”nun əvəzinə kütləvi olaraq raket briqadaları üçün düzəltməyə başladılar”.

Ekspert etiraf edib ki, əgər Ermənistana məhz Rusiya ordusu üçün nəzərdə tutulan məhsullar verilibsə, bu, beynəlxalq öhdəliyin pozulması deməkdir. Onun sözlərinə görə, çətin ki, bu olay neqativ siyasi nəticələrə səbəb olsun. Lakin hər şeyə rəğmən, Rusiya Federasiyası ixrac məqsədli raket texnologiyaları üzrə beynəlxalq öhdəliyi pozur. Çünki raketin uçuş məsafəsi 300 km-i keçməməlidir.

Felqenqauer Rusiyanın bu öhədliklərini təmin edənlərin sözügedən məsələyə göz yumduqlarını istisna etməyib. “Əgər Ermənistanda məhz rus ordusu üçün istehsal edilən “İskəndərlər” varsa, mən buna təəccüb etmərəm”, deyən rus hərbi eksperti hesab edir ki, erməni silahlı qüvvələri müharibənin sonunda məğlub hissinə qapıldıqlarına görə “İskəndərlərdən” istifadə edib, halbuki praktiki tələb olmadan bu kompleksləri həmin situasiyada istifadə etməyə ehtiyac yox idi.

Konstantin Sivkov: “Ermənistanda “İskəndər” varsa, bu zaman nəyə görə onlardan istifadə etməməliydi?”

Hərbi elmlər doktoru və eksperti Konstantin Sivkov da hakimiyyət mediasına yaxın olan şəxs kimi irəli sürdüyü fikirlərində düşündürücü məqamalara toxunub. Onun iddiasına görə, ixracına icazə verilməyən “İskəndərlərin” birbaşa Ermənistana göndərilməsi mümkündür. “Ermənistan Rusiya Federasiyasının etibarlı müttəfiqidir, ona görə də ixrac məqsədli olmayan “İskəndərlər” göndərilə bilərdi, heç bir xüsusi və ya təəccüblü nə isə yoxdur. Və əgər Ermənistanda “İskəndər” varsa, bu zaman nəyə görə onlardan istifadə etməməliydi – bu məntiqli deyil, əgər onları istifadə etməsəydi, onda təəccüblü olardı”, deyə Sivkov etiraf edib.

Göründüyü kimi, əgər Rusiyanın hakimiyyət dairələrinə yaxınlıqları ilə seçilən hərbi ekspertlər, politoloqlar Azərbaycanın ərazisinə satışı qadağan olunan “İskəndər M” raketlərinin atılmasını etiraf etməyə başlayıblarsa, bunu dolayısı ilə Rusiyanın beynəlxalq öhdəliklərə göz yumması ilə əlaqələndirmək olar. Hər halda bu, çox ciddi və düşündürücü bir məsələdir. Sual isə açıq qalmaqdadır – bütün bunlar “sudan quru çıxma” cəhdidir, yoxsa beynəlxalq öhdəliklərə göz yummaq həyasızlığı?

Rövşən RƏSULOV