Rus həkim “poxmel”in dərmanını tapıb...

7 Aprel 2021 10:37 (UTC+04:00)

Spirtli içki qəbul etdikdən sonra asma (ruslar buna "poxmel" deyirlər-A.B.) sindromunun təzahürlərinin olmaması alkoqolizmin inkişafının başlanğıcını göstərə bilər. Bunu tibb elmləri doktoru, qaraciyər xəstəlikləri üzrə mütəxəssis, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Aleksey Bueverov söyləyib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Rusiyalı mütəxəssis alkoqol qəbul edərkən, fərdi alkoqol dozasını aşmamaq halında asmanın ("poxmel"in) qarşısını ala bilməyin yolunu da göstərib. Həkimə görə, burada ən vacib şey daha yüksək alkoqollu içkilərdən çəkinməkdir. Bundan başqa, uğuz şərablar, zəif distillə edilmiş içkilər də qəbul etmək məsləhət görülmür.

Xatırladaq ki, bir müddət bundan əvvəl rusiyalı həkimlər koronavirus infeksiyasına qarşı peyvənd dövründə alkoqollu içkiləri qəbul etməməyi məsləhət görmüşdülər.

Ağasəf Babayev