Fransız vəkillərdən erməni lobbisinə ağır zərbə

6 Aprel 2021 21:05 (UTC+04:00)

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə XXI əsrin əvvəllərində hərb sahəsində yeni səhifə açdı. Azərbaycanın Qələbəsini həzm etməyən qüvvələr, xüsusilə də erməni lobbisi ölkəmizə qarşı qarayaxma kampaniyasına başladı. Fransa mətbuatında reallığı təhrif edən, böhtan xarakterli yazılar yer alsa da, erməni lobbisi istəyinə nail ola bilmədi. Bir qrup fransız vəkilin Azərbaycan reallıqları ilə bağlı Fransa hökumətinə ünvanladığı petisiya da məhz erməni lobbisinin bu istiqamətdə fəaliyyətinin iflasa uğradığını göstərir. SİA xəbər verir ki, "Musulmansenfrance” portalında Fransa Vəkillər kollegiyalarının bir qrup vəkilinin hökumətə ünvanladığı petisiya ilə bağlı "Fransız vəkillər Dağlıq Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edirlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının bir qrup üzvü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələri sadalayaraq, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırladıblar. Fransanın özünün dəfələrlə səs verdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tərtib edilmiş bu qətnamələrə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.

Fransız vəkillər hökuməti beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişafın qorunub saxlanmasında məhz beynəlxalq hüquqa hörmət olunmasının vacibliyini bildiriblər. Bəzi fransız deputat, mer və siyasətçilərin Azərbaycana və xalqımıza qarşı qanunsuz, təcavüzkar və məsuliyyətsiz hücumlar etməklə, Fransanın nüfuzuna və etibarlılığına, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və inkişafa xələl gətirdiklərini qeyd ediblər.

Vəkillər Fransa hökumətini 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı dəstəkləməyə çağırıblar. Həmçinin BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinə dair Beynəlxalq Hüququn Prinsiplərinə dair Bəyannamə əsasında diplomatik əlaqələr qurmaqda Ermənistan və Azərbaycanı fəal şəkildə dəstəkləməyi tələb ediblər.

Petisiyada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Ermənistan və Azərbaycana qarşı balanslı münasibəti təmin etmək məqsədilə münaqişə zamanı zərər çəkmiş azərbaycanlı məcburi köçkünlərə və mülki qurbanlara da humanitar yardım göndərilməsi tələb olunub.

Fransız vəkillər hökuməti Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə, ərazilərimizin işğalı zamanı mədəni irsimizə vurulmuş ziyanın qiymətləndirilməsi, eləcə də "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının digər müddəalarının pozulmasını müəyyən etmək məqsədilə UNESCO-nun nümayəndə heyətinin Azərbaycana göndərilməsini təşviq etməyə çağırıblar.

Qeyd edək ki, sənəd Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının 22 üzvü tərəfindən imzalanıb.