Ötən gecə saat 23:00 radələrində Hacıqabulda güllələnmə hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Hacıqabul rayon sakini 1975-ci il təvəllüdlü Bayramov Anar Oqtay oğlu qonşusu 1987-ci il təvəllüdlü Əliyev Ramil Rəhim oğlunu qısqanclıq zəminində tapança ilə güllələyib. Hadisə hər iki şəxsin yaşadığı Xətai küçəsində baş verib.
Hadisə yerinə gələn Hacıqabul rayon hüquq-mühafizə orqanları müayinə zamanı müəyyən ediblər ki, A.Bayramovun açdığı atəşdən "VAZ2106"markalı maşında olan R.Əliyevə güllə dəyib. Cinayəti törədən şəxs qaçsada polislər onu 2 saatdan sonra yaxalaya biliblər. Yaralı isə Hacıqabul xəstəxanasına yerləşdirilib.
Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri Hacı Həmidov bildirib ki, yaralının bədənində 3 güllə yarası aşkar olunub. Güllələr R.Əliyevin boyun nahiyəsinin sağ yan hissəsinə, döş qəfəsinə və sağ qoluna dəyib. Xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanılıb.