Yaxşılıq da cəzasız qalmırmış, amma..! KÖŞƏ YAZISI

5 Aprel 2021 10:54 (UTC+04:00)

Sən demə, yaxşılıq da cəzasız qalmırmış. Əslində bu sözün, bu kəlamın arxasında bir həqiqət dayanıb və bu həqiqəti incələmək yerinə düşərdi. Yaxşılıq edən kəslərin cəzalanmaları heç də həyatın sürprizi olaraq qəbul olunmamalıdır. Çünki həyat, yaxud həyatı bəşəriyyətə bəxş edən Allah ədalətlidir və ədalətsizliyi dünya yaranandan bəri Allahla mübarizəyə giriən, bütün yaxşıları pisliklərlə örtmək üçün and içən Şeytan yaradır – yaxşılıq edənlərə qarşı pislik törədənləri, ümumiyyətlə, ağ rəngi qaralayanlanların, saf suyu bataqlığa çevirənlərin qəlblərinə daxil olmaqla. Yəqin bu mənada bəlkə də özündə həqiqətləri əks etdirən bir misal da yaranıb – düz olan düzdə qalır. Ona görə ki, qəlbində Allah xofu, Allah sevgisi var və heç vaxt, əsla pisliklərə bulaşmaz, özü haqqında düşünməz, yalnız başqalarına məhz Allah naminə yaxşılıqlar etməklə onların sevinclərinə baxıb feyz alar, şərəflənər. Belə olanda isə...

Belə olanda isə şeytanqəlblilər məğlub olacaqlarını, dünya malından qısır qalacaqlarını görüb dərhal hərəkətə keçirlər – yaxşıları əzməklə, onları məhv edib, bütün yaxşılıqların üzərindən çalın-çarpaz xətlər çəkməklə, cəmiyyətin düşüncələrinə şübhə toxumları səpməklə, şər atmaqla - ümumiyyətlə isə pisliklər törətməklə. Nəticədə gözəl dünyamız qaralır, məhv olur, insan oğlu, bəşər övladı parçalanır, məhv olur. Niyə? Məhz həmin şeytanqəlblilər öz kirli, çirkin, bəd əməlləri sayəsində yaxşıları sözün əsl mənasında cəzalandırırlar, Allahın bizə bəxş etdiyi imtahan dünyasında dünya malından bəhrələnmək üçün. Söz var e, qarnı doydu, gözü doymadı, bax bu mənada. Fəqət, haqq dünyasında alacaqları əbədi cəzaları əsla düşünmürlər binəvalar. Şeytan onları bu yolla özünün cəhənnəm səltənətinə doğru istiqamətləndirir.

Yəqin ki, bir çoxlarınız, elə özüm də daxil olmaqla həyatımızın müxtəlif dövrlərində, eləcə də üzərimizdə dəfələrlə haqqın nahaqqa qurban verildiyini görmüşük. Bəzən belə də düşünmüşük ki, gözəgörünməz bizi imtahan edir, deyir görüm, bu bəndəm verdiyim imtahanımdan necə çıxacaq? Səbr edən, sınmayan, əyilməyən söz yox ki, həmin imtahandan üzüağ-alnıaçıq çıxır və bu da Allah qatında yazılan və əbədiyyətə qədər silinməz qalan qanundur. Əvvəl-axır o mükafat verilir və şərə, böhtana düşən kəs imtahandan çıxandan sonra elə bir mükafat alır ki, onu izhar etmək, anlatmaq çox çətindir əslində.

Və əgər yaxşılıq cəzasız qalmırsa, yəni həmin cəzanı şeytanqəlblilər müxtəlif pislik əməlləri ilə verməyə çalışırlarsa, bu bəşəri cinayətlərinə görə mütləq və mütləq cəzalarını da alacaqlar. Bu cəzanı isə Allah verir – istər bu dünyada, istərsə də haqq dünyasında cinayət cəzasız qalmır. Yeri gəlmişkən, bu ifadə də elə-belə bəşər övladının dilinə düşməyib. Bax, budur reallıq, budur həqiqət.

Rövşən RƏSULOV

P.S. Ədalət, düzgünlük və təmizlik kimi ali meyarlara xas olan şəxslər, şəxsiyyətlər nə qədər çətinliklərlə üz-üzə qalsalar da, etdikləri yaxşılıqlarının əvəzində namərdliklərlə qarşılaşsalar da bilirlər, dərk edirlər ki, onlara bu dünyada ver(dir)ilən cəzanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq da. Çünki sonda ədalət və haqq zəfər qazanır, cəzanı isə onu haqq edənlər alırlar – həm burada, həm də ötəki dünyada...