Qarabağ zəfərinin başlanğıc nöqtəsi: Aprel müharibəsindən 5 il ötür ŞANLI TARİX!

1 Aprel 2021 11:40 (UTC+04:00)

Müzəffər Ali Baş Komandan İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq"

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi qeydə alındı və dördgünlük müharibə olaraq şanlı qələbə tariximizə yazıldı.

Aprel döyüşləri Azərbaycan Ordusunun birmənalı qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifinin alt-üst edilməsinin ilk addımı atıldı.

Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Yağı düşmənin əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Bu əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və ətrafındakı strateji ərazilər azad edildi

Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində - Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Rəsmi məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

Azərbaycan Ermənistan rəhbərliyinin yalvarışlarından sonra qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu

Həmin vaxtda da Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləri ilə bağlı Azərbaycan əleyhinə heç bir söz deyə bilməzdilər. Azərbaycan Ermənistan rəhbərliyinin yalvarışlarından sonra qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

O cümlədən, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı bu sözlərini bəyan etmişdi. SİTAT: “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, Aprel döyüşləri Ermənistanın təxribatı idi".

Prezident İlham Əliyev bu sözləri ilə onu da vurğulamışdı ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcək. "Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".

Artıq bu sözlər də yerinə yetirilib – ötən ilin sentyabr ayının 27-də düşmənə qarşı başladılan əks-hücum əməliyyatları 44 gün davam etdi və torpaqlarımızın yağı düşməndən azad olunması ilə nəticəsini tapdı. Cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı özünü Qarabağ cəbhəsində isbatladı. Məhz bu gün qələbədən ruhlanan Azərbaycan xalqı da qürurla xatırlayır ki, Qarabağ zəfərinin başlanğıc nöqtəsi Aprel müharibəsində qazanılan qələbənin nidalı sübutudur!

Rövşən NURƏDDİNOĞLU

P.S. Bu gün Aprel döyüşləri kimi tarixə düşən dördgünlük müharibənin 5-ci ildönümüdür. Döyüşlərdə həlak olan bütün hərbçilərimizi dərin hüznlə anırıq.