Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanında qrupunun onlayn formatda növbəti plenar iclası keçirilib. SİA xəbər verir ki, iclasda UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, eləcə də qurum yanındakı daimi nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev tədbiri açaraq iclasın gündəliyini təqdim edib.
Gündəlik qəbul edildikdən sonra UNESCO-nun Baş direktorunun müavini Qabriela Ramos Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini bildirib və bununla bağlı təbriklərini çatdırıb. O, Qoşulmama Hərəkatının beynəlxalq siyasətdəki mühüm rolundan söz açıb.
Postpandemiya dövründə dünyanı daha yaxşı bərpa etmək üçün mədəniyyətlərarası dialoqun təşviqinin vacibliyinə toxunan Qabriela Ramos mövzu ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, xalqlar arasında qeyri-səmimi münasibətlərin hökm sürdüyü dünyada COVID-19 pandemiyası səbəbindən ayrı-seçkilik halları daha da kəskinləşib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə fəaliyyəti ilə bağlı hesabatı təqdim edib, həyata keçirilmiş işlər barədə məlumat verib.
Daimi nümayəndə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsindən söz açıb.
“Azərbaycan Prezidenti İlham Əliyev COVID-19 əleyhinə peyvəndlərin qlobal miqyasda ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi faktına diqqət çəkərək, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu məsələyə laqeyd qalmayacağını bildirib”, - deyə E.Abdullayev vurğulayıb. Diqqətə çatdırıb ki, Cenevrədə İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində ölkəmiz tərəfindən qətnamə layihəsi irəli sürülüb. Azərbaycanın layihəsi Ekvador tərəfindən irəli sürülmüş layihə ilə oxşar olduğundan, iki layihə birləşdirilərək İnsan Hüquqları Şurasının katibliyinə təqdim edilib və qəbul olunub.
Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində qurduğunu, bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşdüyünü bildirib.
Ölkəmizin müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı sahələrində həyata keçirdiyi layihələr diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə təqaüdlər təklif edir. Ölkəmizin sədrliyi ilə onlayn görüşlər keçirilib, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələri səfərbər olub. BMT Baş Assambleyasının bununla bağlı xüsusi sessiyası çağırılıb.
E.Abdullayev UNESCO İcra Şurasının apreldə keçiriləcək 211-ci sessiyasında təqdim ediləcək Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun üzvləri ilə razılaşdırılmış birgə bəyanat haqqında da məlumat verib. Bildirilib ki, Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin Bandunq Prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynayıb. Qoşulmama Hərəkatı daim sülh mədəniyyətinin təşviqinə dair çağırışlar edir.
Sonra 24 aprel - Qoşulmama Hərəkatı Gününün qeyd edilməsinə dair fikir mübadiləsi aparılıb.
Plenar iclas müzakirələrlə davam edib.