Polşada koronavirusa gündəlik yoluxma sayı rekord həddə çatıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Polşa ardıcıl ikinci gündür infeksiya sayının gündəlik artımına görə rekord vurur.
Cümə axşamı ölkədə 34 151 yeni yoluxma halı aşkar edilib. Bu, pandemiyanın başlamasından bəri ən yüksək göstərici idi. Ötən gün ərzində aparılan laborator müayinələr nəticəsində 35 143 nəfərdə infeksiya aşkarlanıb. Bu, ötən cümə ilə müqayisədə 9 min çoxdur. Pandemiyanın başlamasından bəri ümumi yoluxma sayı 2189 966 nəfərə çatıb.
Dünən 443 koronavirus xəstəsinin vəfat etməsi fonunda ölkədə ümumi ölüm sayı 51 305 nəfər təşkil edib.
Son məlumatlara görə, Polşada 27 799 koronavirus xəstəsi xəstəxanaya yerləşdirilib. 461 317 nəfər (ölkə əhalisinin 1.2% -dən çoxu) karantinə alınıb. İndiyədək 1 747 223 nəfərin infeksiyadan sağaldığı bildirilib.