Rezidenturaya qəbulla bağlı yalançı kurslar və müəllimlər peyda olub

21 May 2011 13:10 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydalarına həsr olunmuş bu tədbirdə TQDK sədri M.Abbaszadə və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov rezidenturaya qəbul qaydaları barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşdə TQDK-ya heç bir aidiyyatı olmayan və Rezidentura səviyyəsinə hazırlıq keçən müxtəlif kursların açıldığı, həmin kurslarda guya TQDK və Tibb Universiteti ilə əməkdaşlıq edən müəllimlərin dərs deməsi barədə tələbələr tərəfindən məlumat səslənib. TQDK sədri bu faktın təxirəsalınmadan araşdırılacağını, əgər həmin müəllimlərdən Komissiya ilə əməkdaşlıq edənlər aşkar edilərsə, dərhal bu əməkdaşlığın dayandırılacağını bildirib.

Eyni məzmunlu məlumat komissiyanın elektron ünvanına da daxil olub. TQDK-dan verilən xəbərə görə, komissiya sədrinin göstərişi ilə bu faktlar araşdırılıb və məlum olub ki, müxtəlif kurslarda rezidenturaya hazırlıq keçməsi iddia olunan müəllimlərdən 4 nəfəri TQDK ilə əməkdaşlıq edən şəxslərdir. Araşdırma nəticəsində həmin müəllimlərin heç bir kursda hazırlıq dərsləri keçmədikləri məlum olub. Onlara kurs tərəfindən belə bir təklif edilib, lakin onlar bundan imtina ediblər. Hazırlıq kursunda dərs deyən müəllimlərin isə TQDK-ya heç bir aidiyyatı yoxdur.