Günay Əfəndiyeva türk dünyasını təbrik edib

22 Mart 2021 13:07 (UTC+04:00)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə bizə qədim dövrlərdən, uzaq keçmişdən gəlib çatan Novruz bayramının türk dünyasının bütün ölkələrində böyük şövqlə qeyd olunduğu bildirilir. Vurğulanır ki, bu bayram mənəvi dəyərlərin və humanist ideyaların təntənəsi, sevgi və tolerantlığın rəmzi, yeni ümid və arzuların yaranmasıdır. Novruz bayramı insanları sülhə, həmrəyliyə və yeniliyə çağıraraq, həm də tarixi dəyərlərə diqqətli yanaşmanı aşılayır. Bu bayram adət və ənənələri dirçəldərək nəsillər arasında daimi bağlılığı nümayiş etdirir.

Qeyd edilir ki, bu il Novruz bayramının əlamətdar xüsusiyyətlərindən biri də əsrlərin sınağından çıxan Novruzun doğma Qarabağda, həm Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsisçi-ölkəsi olan Azərbaycanın, həm də bütövlükdə bütün türk dünyasının tarixi torpağında keçirilməsidir. 30 ildən sonra burada yenidən bayram tonqalı alovlanır.

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bütün türkdilli xalqları bu gözəl bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, bahar əhval-ruhiyyəsi və bolluq arzulayıram”, - deyə təbrikdə qeyd edilir.