Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, martın 20-də açılacaq sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq məqsədilə açılacaq.
Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramı, tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir.
Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer verib və bədii dəyərə malik əsərlər yaradıblar.
Sərginin virtual ekspozisiyasında rəssamların milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri nümayiş olunacaq.
Sərgidə nümayiş ediləcək əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “Instagram” sosial şəbəkələri, eyni zamanda www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanacaq.