Biri ala göz deyir, biri qara göz… - ARAŞDIRMA

19 Mart 2021 15:57 (UTC+04:00)

Gözlərin yeni dəbi olan linzalar dünyada hər gün 3 insanı kor edir

Bir müddət əvvəl dünya mətbuatı göz linzaları ilə bağlı maraqlı və qəribə bir məlumat yaydı. İngiltərədə yaşayan Eşli Haydın başına təhlükəli bir hadisə gəlib. 18 yaşlı qız linza istifadə etməyə başladıqdan sonra gözlərində bulanıqlıq və qaşınma başlayıb. Həkimə müraciət edən qıza dəhşətli bir diaqnoz qoyulub– gözünü parazit yeyir! Ətraflı analizlərdən sonra məlum olub ki, parazit gözə linzalar vasitəsi ilə daxil olaraq onun gözündə “akantamoba” adlı infeksiyanı yaradıb. Mikroskopik bir parazit olan “akantamoba” su və hava yolu ilə linzaya yapışaraq gözə daxil ola bilir. Göz bəbəyinə yapışan parazit və süfrələri əməliyyat vasitəsi ilə təmizlənib. Qızın kor olmaqdan son anda qurtulduğunu deyən həkimlər Eşlinin hələ uzun müddət müalicə alacağını deyib. Eşli kor olmaqdan son anda qurtuldu, amma bu dünyada hər gün 3 nəfərin linzalar səbəbindən kor olması gerçəyini dəyişmir.

“Eynəyimə lağ edirdilər deyə…”

İki ildir linzadan istifadə edən Aytac Məmmədova deyir ki, əvvəllər gözlərinin görmə qabiliyyəti zəif olduğu üçün eynəkdən istifadə edib: “Amma ailə qurduqdan sonra gəlin köçdüyüm rayonda eynəyimə qəribə baxırdılar. Hamı ya dəb, ya da maraq üçün eynək taxdığımı düşünürdü. Yoldaşım da linza ilə əvəzləməyi təklif etdi. Paytaxtda bir həkim 6 aylıq linza təyin etdi, istifadəyə başladım. Əvvəllər narahat olurdum, alışa bilmirdim. Bəzən gözüm qaşınırdı, sulanırdı, bəzən isə quruluq yaranırdı. İki aydan sonra müayinəyə getdim, həkim gözümdə problem olduğunu dedi, müalicə yazdı. Linzaların keyfiyyəti yaxşı deyilmiş. Yenisi ilə əvəzlədi, amma yenə də narahatam. Evdə istifadə etmirəm, eynək taxıram, yalnız bayıra çıxanda gözümə qoyuram. Üstəlik, maksimum 6 ay istifadə etmək olur, sonra yenisini almaq lazım gəlir. Eynəyi isə bir dəfə aldıqda uzun illər istifadə edirsən”.

Ya ehtiyacdan, ya kefdən…

Ümumiyyətlə, bu gün dünyada daha çox gənclərin istifadə etdiyi linzalar iki məqsədlə istifadə edilir. Birinci səbəb gözlərin görmə qabiliyyətinin zəif olmasıdır, eynəkdən istifadə etmək istəməyən insanlar görmə qabiliyyətini linzalar vasitəsi ilə bərpa edir. İkinci səbəb isə rəngli gözə sahib olmaq istəyidir. Gözlərinin rəngindən məmnun olmayan insanlar rəngli kontakt linzalar vasitəsi ilə istədiyi rəngdə gözə sahib olur.

Linzaların gözə zərərlərini, sağlamlıq üçün təhlükəli olub-olmamasını öyrənmək üçün mütəxəssislərlə söhbətləşdik. Həkim-oftalmoloq Reyhan Əliyeva deyir ki, linzalar indi daha çox gənclər tərəfindən istidadə edilir: “İndi rəngli gözlər dövrümüzün dəbi hesab edilir. Çox pasiyent rəngli gözdən xoşu gəldiyini və göz rəngini də bu linzalar vasitələri ilə dəyişdiyini deyir. Amma təəssüf ki, bir çoxu linzaların doğru istifadə qaydalarını bilmir, təmizliyinə diqqət etmir. Bir çox gənc linzanı kosmetik vasitə hesab edir. İstər yəni rəngli gözə sahib olmaq üçün istifadə edilən nömrəsiz linzalar, istərsə də görmə qabiliyyətini artırmaq üçün optik linzalardan istifadə edən hər kəs eyni təhlükəni daşıyır – doğru istifadə etməməklə gözə zərər verə bilər”.

Gözümüz “nəfəs almır”

Gözün buynuz qişasının göz yaşı və oksigenlə qidalandığını deyən müsahibimiz bütün linzaların buynuz qişasının bu vacib qidaları almasını əngəllədiyini deyir. Göz quruluğuna uyğun olmayan linzaların qısa və uzun müddətli istifadəsi gözdə quruluq və ya allergik problemlərə rəvac verdiyini deyən oftomoloq bildirir ki, mikroorqanizmlər və yad cisimlər üçün əlverişli mühit yaradan linzalarla doğru davranmaq vacibdir. Belə ki, yaz aylarında gözdə linza olarkən dənizə, hovuza girmək məsləhət deyil. Çünki göz qapaqları tez-tez ötrülüb-açılır və beləcə göz bəbəyi davamlı təsirə məruz qalır. Linza isə buynuz qişasında istifadə edilən bir protez olduğu üçün gözdə mikrob yuvası yaratması riskini daşıyır. Xüsusilə də çox tozlu, dumanlı, çirkli mühitlərdə və siqaret çəkilən yerlərdə bu risk yüksəkdir. Bundan başqa da linzalar davamlı gözdə qalanda qızarmalara və qaşınmalara səbəb olur.

Həkimsiz linza almayın

Müsahibimiz deyir ki, bütün linzalar – istər optik, istərsə də nömrəsiz rəngli linzalar hər gün çıxarılmalı, gecə linzasız keçirilməli, səhər yenidən gözə bərkidilməlidir: “Düzdür, indi istənilən şəxs normal qiymətə linza alıb istifadə edə bilər. Amma həkimin təyinatı olmadan istənilən insan istənilən vaxt linza istifadə edə bilməz, bu təhlükəlidir. Çünki bəzi kimyəvi xüsusiyyətləri olan linzalar gecə istifadə edildikdə gözün qidalanma problemlərinə səbəb olur. Linzalar buynuz qişasının damarlarının ağarmasına səbəb ola bilər. Eyni zamanda mikroblanan gözdə iltihablanma və başqa xəstəliklər yaranar”.

Həkim eynək təyinatı yazılmış reseptlə linza almaq istəyənlər barədə də danışdı: “Linzaların markası, markanın modeli, əyrilik radiusu, diametr və tərkibi çox vacib detallardır. Həmçinin, həkim sadəcə linzanın nömrəsini yazıb resepti pasiyentin əlinə verməməlidir ki, get al istifadə et. Həkim özü bir neçə dəfə istifadə qaydalarını pasiyentə başa salmalıdır. Eyni zamanda, linzaların optika eynəklərinin satıldığı yerdə satılması doğru deyil. Linzalar alınarkən qablaşdırılması və paketinə diqqət edilməlidir. Sağ və sol göz linzalarını bir-birindən ayırmaq vacibdir. Barmaqla istifadəsi çətin olduqda naqqaşdan istifadə etmək olar. Amma əllər və naqqaş təmiz olmalıdır”.

Təyinatı da müxtəlifdir

Bakıda fəlaiyyət göstərən klinikalardan birindən bildirdilər ki, kontakt linzalar həkim nəzarəti ilə klinika şəraitində tətbiq edilir. Linzaların kosmetik, tibbi məqsədli olaraq təyin edildiyini deyən klinika rəsmisi bildirdi ki, tətbiq edilən linzaların miopiya, hipermetopiya və astıqmatizm, qaz keçirən yarı sərt linzalar, ktarakta əməliyyatı keçirmiş yetkin insanlar və uşaqlar üçün afak linzalar, uzağı və yaxını göstərən multifokal linzalar, keratokonus linzaları, təbii şəkli pozulmuş gözlər üçün olmaqla bir neçə təyinatı var.

Ümumiyyətlə, linzalar yumşaq və sərt olaraq 2 növə ayrılır. Sərt linzalar tozu keçirə bildiyi üçün pasiyentlər daha çox yumşaq linzalara üstünlük verir. Sərt linza istifadə edilərkən külək zamanı gözə təmas edən tozu hopdurur. Linzalar maksimum 6 aylıq istifadə üçün yararlıdır. Amma həkimlər adətən pasiyentə linzanı bir, ya iki ay istifadə etdikdən sonra yeniləməyi məsləhət görür.

20 manatdan 100 manatadək…

Optik eynəklərin satışı ilə məşğul olan Ceyhun Ələsgərov isə bildirir ki, 1 günlük, bir aylıq, 6 aylıq və 1 illik linzalar var. Onların istifadəyə yararlılığı da məhz bu müddət bitdikdə bitir. Linza növləri arasında ən çox istifadə edilən və təlabat olan isə kontakt linzalardır: “Əslində, onun digər linzalardan fərqi çox deyil. Sadəcə o bəbəyimizin ölçüsündən bir qədər böyükdür və gözümüzün giləsindən əlavə ağ hissəsinin az hissəsini də örtə bilir. Dolayısı ilə göz giləsi daha böyük görünür. Təbii ki, bunun zərərləri yarana bilər. Fikrimcə, məcbur olmadıqdan sonra onu gözümüzə salmağa ehtiyac yoxdur. Çünki nə qədər həssaslıqla hazırlansa da o bir yad cisimdir. Həmçinin, daha böyük hissəni örtdüyü üçün gözümüzə daha az hava dəyir. Həkimlər deyir ki, gözümüzün hava almasını və lazımı qidalanmasını çətinləşdirir”.

O ki qaldı linzaların qiymətinə, bu, standart deyil. Belə ki, kosmetik linzaların qiyməti 20-30 manat, optik linzanın qiyməti isə 50-100 manat arasındadır. Gözün tibbi cihazla ixtisaslı həkim tərəfindən müayinəsi üçün ödəniləcək məbləği də əlavə etsək, linza pasiyentə ən azı 100 manata başa gəlir.

“Bu, dəb xatirinə hoqqabazlıqdır”

Psixoloq İlham Bayramov deyir ki, indi linza taxanların böyük əksəriyyəti bunu dəb xatirinə, göz rəngini dəyişmək üçün istifadə edir, lakin bunun gələcəkdə hansı fəsadlar yaradacağını düşünmürlər: “Göz zəifdirsə, bunun üçün müalicələr var, eynəklər var. Gözü gücləndirməyin təbii üsulları var. Nadir hallarda məcburi çıxış yolu olaraq linzadan istifadə edilə bilər, lakin düşünürəm ki, belə hallar 1 faizdən artıq ola bilməz. Yaradanın bizə bəxş etdiyi ən qiymətli nemətlərdən olan gözümüzü dəb xatirinə korlamaq lazım deyil”.

Pxisoloq deyir ki, linzalara əsasən gənc qızlar üstünlük verir: “Nə oldu, bütün kateqoriyalardan ancaq gənc qızlardamı gözlərə linza taxmağa tibbi ehtiyac olur? Demək bu sadəcə özünüreklam, dəb xatirinə hoqqabazlıqdır. Özü də ən zərif orqanımız olan gözlə belə zarafatlara ehtiyac yoxdur. İndi bəzi həkimlər də pul xatirinə linza məsləhət görürlər, lakin bununla pasiyentlərinə zərər vurduqlarını nəzərə almırlar. Linzadan istifadə düşünürəm ki, 99 faiz halda fizioloji-tibbi yox, psixoloji səbəblərlə bağlıdır. Bu barədə düşünsünlər, əks halda gələcəkdə nəticələri ağır olacaq”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb