Yaradılış bayramının gerçək mahiyyəti - ARAŞDIRMA

19 Mart 2021 15:10 (UTC+04:00)

Novruz insanlığın, sülhün, humanizmin, mənəviyyatın - bir sözlə, yaradılışın bütün dəyərlərini özündə birləşdirən bayram şənlikləridir

Yaranışın ən qədim beşiklərindən hesab olunan Odlar Yurdu Azərbaycanda möhtəşəm mədəniyyət yaradan xalqımızın dünya sivilizasiyasına verdiyi misilsiz töhfələrdən olan Novruz bayramının mahiyyəti göründüyündən daha dərinlərə dayanır. Zəmanəmizdə məqsədli şəkildə bu bayramın təhrif edilməsi cəhdləri belə min illər boyu bu bayramı yaşadan xalqların gen yaddaşından onun dəyişməz ənənələrini silə bilməyib.

Yaradılış və yenilənmə bayramı

Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Bahar bayramı haqda məlumatlara qədim Şümer mətnlərində, 5-6 min illik tarixə dayanan ilk müqəddəs kitabda- Avestada, ilk peyğəmbər Zərdüştün qatlarında, həmçinin bir o qədər də yaşı olan Dədə Qorqud dastanlarında və digər qədim mənbələrdə rast gəlinir.

Əslində, Bahar bayramının fəlsəfəsinin özü yenidən doğuluşdur. Köhnə il “ölür”, yeni il doğulur. Novruz bayramı mərasimlərində "Kosam ikicanlıdır” ifadəsi işlədilir. Burada “ikicanlı olmaq” Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosanın ölməsi-dirilməsi əslində ilin dəyişməsi, təbiət qüvvələrinin oyanması deməkdir.

Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Qabaqlar valideynlər balalarına Novruz bayramında nəsə yeni paltarlar alardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır

Yunan tarixçisi Plutarx yazır: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu, Omani adlanır”.

Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilib. Onu da qeyd edək ki, əvvəllər Səmənini satmazdılar, hər kəs öz evində, öz əli ilə Səməni göyərdərdi. Çünki Səməni evin, yurdun bolluq və bərəkət rəmzi sayılırdı.

Ruhi təmizlənmə mərasimləri

Bahar bayramında və onun 4 ünsürə aid edilən çərşənbələrində ocaqlar yandırar, bayram mərasimlərində Tanrını vəsf edən mərasim nəğmələri oxunar, məbədlərdə böyük bayram tədbirləri keçirilərmiş. İmkansızlara yardlm edilər, küsülülər barışar, yurdda sülh və əmin-amanlıq hökm sürərmiş.

Fikrimizcə, bu mərasimlər ən qədim inancların, Tanrıya saf qəlbdən tapınmanın əyani nümayişi olaraq, maddi təbiətin 4 ünsürünün insan həyatında oynadığı əvəzedilməz rolun layiqli qiymətləndirilməsinə xidmət edir. Məhz bu səbəbdən 4 çərşənbənin hərəsi təbiətin bir ünsürünə həsr olunarmış.

Su, Od, Yel və Torpaq çərşənbələrində insanlar bu ünsürlərin vasitəsilə ruhi cəhətdən təmizlənərmişlər. Məsələn, Od çərşənbəsində odun üzərindən tullanmaqla, su çərşənbəsində saf su ilə yuyunmaqla, torpaq çərşənbəsində həyətdə lağım qazıb içindən sürünərək keçməklə, yel çərşənbəsində isə açıq havada çox gəzməklə təmizlənərmişlər.

Qansız qurban bayramı

Od çərşənbəsində Tanrının ən güclü maddi enerjisı saydıqları Odun vasitəsilə Yaradana minnətdarlıq əlaməti olaraq onun öz nemətlərindən qansız qurbanlar verərlərmiş. (Bu bayramın bu əsas elementi- Odun vasitəsilə Tanrıya qansız qurban mərasimi ilə bağlı Tovuzda səhnələşdirərək çəkdiyimiz qısametrajlı televiziya filminə buradan baxa bilərsinis- https://www.youtube.com/watch?v=H54k30G8WiE&t=18s)

Axırıncı, ilaxır çərşənbə gecəsi ən əziz çərşənbə hesab olunur. Bu cərşənbə Danatma adlanir. Həmin gecə hec kim yatmaz, çillə keçirər, Ulu Danı- müqəddəs Günəşi qarşılayardı.

İnsanlar səhər tezdən hündür bir təpənin üstündə tonqal qalayar və həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin doğmasını gözləyərmişlər. Elə ki, Günəş doğdu, hamı xorla təbiətin bu “odlu qızı”nı salamlayan “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər.

Torpaq çərşənbəsində həm də qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu qədim ənənəni Tovuz televiziyasında çalışarkən apardığımız çəkiliş zamanı Düz Qırıqlı kəndində müşahidə etmişəm. Bu cür səhnələr bizə Dədə Qorqud dastanlarından da tanışdır.

Novruz mifoloji və kosmoqonik biliklərə əsaslanır

Novruz bayramının nəyə görə məhz martın 21-də qeyd olunması çox mətləblərə aydınlıq gətirir. Məhz bu gün astronomik təqvim ili başlayır. Bu fakt sübut edir ki xalqımız ta qədim zamanlardan yüksək kosmoqonik və astronomik biliklərə, kainat haqda təsəvvürlərə malik idi. Bu haqda qədim biliklər və belə dəqiqlik yalnız heyrət doğura bilər. Elm isə yalnız son əsrlərdə sübut edə bilib ki, gecə-gündüz bərabərliyi və təbii qüvvələrin tam oyanması məhz həmin gecə baş verir.

Novruz bayramı faktiki olaraq, təbiətin, dünyamızın yeni il bayramıdır. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Yəni, Tanrının xeyir və şər enerjisi arasındakı mübarizədə hansı tərəfin qalib gəlməsi insanların özündən asılıdır.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim dini-fəlsəfi biliklərə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, 2-ci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: 3-cü gün su, 4-cü gün od, 5-ci gün torpaqla bağlanan varlıqları yaratmış; 6-cı gün yaranışların hamısına ruh (can) vermiş, 7-ci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Novruz gününə Hürmüz günü, yəni, Tanrı günü deyilərdi. Bu bayram həm də insanların Uca Tanrıya ehtiramı və yaradılışa görə Ona minnətdarlığıdır.

Novruz süfrəsi unikal və zəngindir

Novruzun öz spesifik süfrəsi var. Bayram yeməklərin şahı təbii ki, xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, Novruz şirniyyatları olan paxlava, şəkərbura və sair şirnilər, qoz-fındıq, boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır.

Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir. Novruz xonçası düz süfrənin ortasına qoyulur. Xonçanın mərkəzində isə, bu bayramın əsas atributlarından biri olan Səməni olur. Səməninin şər qüvvələri evdən qovduğuna, bərəkət və şadlıq gətirdiyinə inanan xalqımız onu süfrənin ən şərəfli yerində qoyur. Səməninin ta qədimdən bəri Azərbaycan xalqının müqəddəs rəng hesab etdiyi qırmızı rəngli sarğı ilə əhatələnməsi də təbiidir. Qırmızı Tanrıya sevginin, müsbət enerjinin, xeyir quvvələrin və toy-bayramın rəngidir.

Novruzun əsas bayram ritualları

Bahar bayramının atrubutları da zəngindir- “Atıl-Batıl”, “Kosa-kosa”, “Yeddiləvin”, “Səməni”, “Cıdır”, “Od qalama və üstündən atılma”, “Axar su başına getmə və su üstündən atılma”, “Evə təzə il suyu gətirmə”, “Qulaq falına çıxma” və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər zorla olsa da barışdırılır.

İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla çöllərə çıxır, elliklə gəzinti keçirir şənlənirlər. Cavanlar evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların bayram payını qoyur papağın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.

Səməd Vurğunun kəndində unikal Novruz mərasimləri

Yeri gəlmişkən, hazırda Novruzun ən qədim koloritləri, zəngin adət-ənənələri ilə birlikdə keçirilməsinə Səməd Vurğunun doğulduğu kənddə- Qazax rayonunun Yuxarı Salahli kəndində rast gəlmək olur. Bahar bayramı martın 21-dən 22-nə keçən gecə bu kənddə o qədər maraqlı adətlər və zəngin ənənələrlə keçirilir ki, sanki qədim dövrlərə düşmüsən. Hər il buraya ölkəmizin hər yerindən qonaqlar gəlir ki, bu gecəni canlı seyr etsinlər.

Bu sətirlərin müəllifi də bir neçə il əvvəl Novruz gecəsini həmin kənddə keçirib, həmin kənddə keçirlən mərasimlərlə bağlı kiçik bir televiziya filmi çəkə bilib və bu film Tovuz televiziyası (SmTv) ilə nümayiş olunub. Ümumiyyətlə, orada təşkil olunan mərasimlər tam bir kitablıq söhbətdir. Düsünürəm ki, hələlik itirilməyən ən qədim elementləri özündə cəmləyən bu mərasimin araşdırılması ilə tarixçilərimiz və folklorsunaslarımız ciddi məşgul olsa yaxşıdır.

Sovet dövründə Novruz bayramı necə keçirilib?

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda, Sovet hakimiyyəti zamanı rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, Sosialist Respublikanın banisi Nərimanovun təşəbbüsü ilə ilk dəfə Novruz bayramı 1921-ci ildə dövlət səviyyəsində qeyd edilmiş və həmən günü qeyri iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir və sonra bəziləri tərəfindən dini bayram kimi qələmə verildiyi üçün, rəsmi bayramlar siyahısından çıxarılıb. Müəyyən müddət rəsmi dövlət bayramı kimi keçirilməsə də, hər il Novruz ümumxalq bayramı kimi qeyd edilmişdir. Televiziyada, teatrda, kinoda, ədəbiyyatda Novruza geniş yer verilir, məktəb kitablarında Bahar bayramıyla bağlı şerlər dərc olunurdu.

Xalqımızın layiqli oğulları, xüsusən də Şıxəli Qurbanov bunun xalq bayramı olduğunu ortaya qoydu və 1967-ci ildən Bahar bayramı yenidən dövlət səviyyəsində keçirildi.

Bahar bayramı birmənalı olaraq, yaradılışın ad günü, dünyanın yaranmasını özündə ehtiva edir və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan və hazırda çoxsaylı Asiya xalqları tərəfindən keçirilən Novruz bayramı dünya sivilizasiyasına məxsus elə bir zəngin xəzinədir ki, bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb