Novruz bayramında hər evdə səməni cücərdilməlidi və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətiniz çin olacaq deməkdir. Novruzda, əsasən də, qızların etdiyi əyləncəli fallar olur. Bu fal ilə nə zaman ailə quracağı və gələcək nişanlısının adı aydınlaşır.
Stəkan falı - Əvvəlcə 2 stəkan götürülür. Daha sonra stəkanlardan birini seçib arzu tutursunuz. Başqa bir nəfərdə stəkanların ikisindən birinə su tökməlidir. Əgər suyu arzu tutub seçdiyiniz stəkana tökərsə, arzunuz yerinə yetəcək.
Sap falı - Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər sevildiyini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox sevir. Əgər aça bilməsə, deməli, əksinə.
Başmaq falı - Axır çərşənbə axşamı qız ayağının sağ başmağını tutub qapı ağzında başının üstündən atır. Başmağın pəncə hissəsi üzü üstə qapıya tərəf düşsə, deməli, həmin qız bu il nişanlanacaq.
Xeyir-Şər - Ürəyinizdə niyyət tutursuz və naməlum sayda çöpləri düzüb, "xeyir", "şər" sayırsız. Əgər axırıncı çöp "xeyir" olarsa, məqsədinizə çatacaqsız. "Şər" olarsa, ürəyinizdə tutduğunuz arzuya nail ola bilməyəcəksiz.
Alma falı - Axır çərşənbədə alma yeyirlər, gecə isə həmin almanın toxumlarını sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsınız və yuxuda qismətinizi görürsüz.
Sevgilinin adı - Paltara sap ilişəndə onu şəhadət barmağına dolaya-dolaya əlifba sırası ilə hərfləri sadalayırlar. Hansı hərfdə sap dolanıb qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.
Yumurta və karandaşlar - Axır çərşənbə günü ağacın altına bir yumurta, iki qara və iki qırmızı karandaş qoyulub arzu tutulur. Səhər həmin yumurtanın üstündə xətt əmələ gəlir. Əgər qırmızı karandaşla xətt çəkilibsə, arzu yerinə yetir, qara ilə çəkilibsə fal alınmır.
Duzlu kökə yemək - Adətə görə axır çərşənbə axşamı gec yatırlar. Yatanda isə əvvəlcədən hazırlanmış duzlu kökə yeyilir və su içilmir. Gecə yuxuda sizə içməyə kimsə su verəcək. İnanclara görə həmin su verən şəxs yuxu görənin qismətidir.
Qapı pusmaq - Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, qismət haqqında fərqli fikirlər söyləyirlər. (Bu səbəbdəndir ki, həmin günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur). Məsələn, ilk eşidilən sözlər "işığı yandır", "yaxşı olacaq" və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, "söndü", "viran qalsın" və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Neçə yaşında gəlin köçəcəksiz? - Axır çərşənbə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saçlarına taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə dəyirsə, demək, o yaşda gəlin köçəcəksiz.
Başqa bir adətə görə isə, axrıncı çərşənbə axşamı bulaqdan, yaxud çaydan "lal su" gətirilir. Ona ona görə, "lal su"deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən izlənilir.
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən ehtiyatla suya qoyurlar. Sonra, həmin iynələrin hərəkəti ilə müəyyən fikirlər söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edərək bir-birinə qovuşurlar. İynə suyun dibinə çökürsə deməli, su "lal su" deyil. Su gətirən adam üstündə danışıb.
Ayşən Sadıxzadə