"Ermənilər Qarabağdan biryolluq gözlərini çəkməlidirlər” MƏRKƏZ SƏDRİ AÇIQLADI

18 Mart 2021 13:19 (UTC+04:00)

“İşğaldan azad olunmuş ərazilərə təşkil olunan hər bir səfər xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, həmin səfərlər ölkə başçısı tərəfindən gerçəkləşdiriləndə onun əhəmiyyəti ikiqat artır. Çünki medianın diqqəti bu istiqamətə yönəlir, təkcə yerli deyil, həm də xarici KİV-lər Azərbaycan Prezidentinin mesajlarını tirajlayırlar. Nəticədə Ermənistan növbəti dəfə ifşa olunur, onun törətdiyi cinayətlər yenidən müzakirə obyektinə çevrilir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Seymur Verdizadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə səfərlərin intensiv xarakter alması cəmiyyətdə xoş qarşılanır, “Böyük Qayıdış”ın çox da uzaqda olmadığı qənaəti yaradır: “Dövlət başçısının, ölkənin birinci xanımının tez-tez Qarabağ bölgəsinə səfər etməsi, çətin relyefə malik olan ərazilərə baş çəkməsi, bir müddət əvvəl Şuşada gecələməsi təkcə Azərbaycan cəmiyyətinə deyil, həm də Ermənistan cəmiyyətinə verilmiş mesajdır. Ermənilər dərk etməlidirlər ki, biz Qarabağı təkcə ərazi bütövlüyümüzü xəritə üzərində bərpa etmək üçün qaytarmamışıq. Biz Qarabağı qurub yaratmaq, o torpaqları dirçəltmək, orada yaşamaq üçün işğaldan azad etmişik. Torpağın əsl sahiblərinin geri dönməsi o deməkdir ki, ermənilər Qarabağdan biryolluq gözlərini çəkməlidirlər”.