Türkiyə Cümhuriyyətinin kənd təsərrüfatı nazirinin xanımı Milli Kitabxanada olub

17 Mart 2021 15:50 (UTC+04:00)

Türkiyə Cümhuriyyətinin kənd təsərrüfatı nazirinin xanımı Ahu Pakdemirli və Türkiyənin Azərbaycandakı səfirinin xanımı Milli Kitabxanada olub. Kitabxanadan SİA-ya bildirilib ki, direktor, professor Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu ifadə edərək iki qardaş ölkənin Milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstəkdən danışaraq Azərbaycan və Türkiyənin daim bir millət, iki dövlət olduğunu vurğulayıb.

Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq martın əvvəlində Türkiyənin İstanbul və Ankara şəhərlərində geniş kitab sərgisinin təşkil olunduğunu qonaqların diqqətinə çatdırıb. Bildirib ki, səfər zamanı Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla görüşüb. Görüş zamanı o, Əli Odabaşdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etdiyini və buna dünən ilkin cavab olaraq Türkiyə Milli Kitabxanasından 8 ədəd əlyazma surətinin göndərildiyini bildirib. Vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın Milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində Türkiyə, Pakistan, Hindistan və digər ölkələrdən 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunub.

Sonra direktor bildirib ki, Türkiyə Milli Kitabxanasında olarkən orada Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı müzakirə olunub və bu məqsədlə Türkiyə Milli Kitabxanasına 147 kitab göndərilib.

Söhbət zamanı qonaqlar Milli Kitabxanada olmalarından məmnunluğunu ifadə edərək, iki qardaş ölkə arasında olan əlaqələrin əhəmiyyətindən danışıblar.

Daha sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara öz tərtibçisi olduğu analar haqqında bütün dövrlərdə yazılmış şeirlərdən ibarət “Ana” adlı kitabını, “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını, “Azərbaycan filmləri” CD-i, eyni zamanda professor Ahu Pakdemirli öz müəllifi olduğu yeni nəşrdən çıxan “Çocuklar için ilkyardım” kitabını Kərim Tahirova hədiyyə edib.

Sonda qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.