Azərbaycan sənəyesində quraşdırma sahəsində uzun illər xidmət etmiş və ölkəmizin sənaye quruculuğunda əvəzsiz xidmətləri olan insanlar çox olub. Amma əfsus ki, onların çoxunun əmyi layiqincə qiymətləndirilməyib və onların bu böyük zəhməti haqqında heç nə yazılmayıb. Belə insanlardan biri də Vahid İbadulla oğlu Süleymanovdur. Çox keşməkeşli bir ömür yaşayan Vahid Süleymanov 1941- ci ilin 15 fevral tarixində Şəki rayonunun ( əvvəlki Nuxa) Cünüd kəndində anadan olub. Böyük Vətən Müharibəsi başlayanda Vahidin atası müharibəyə gedib. O, müharibəyə gedəndən 3 ay sonraVahid anadan olub. Vahidin atası Böyük Vətən Müharibəsində igidliklər göstərərək həlak olub. Anası Məkkə 8 il həyat yoldaşının yolunu gözləyəndən sonra, kənddə müəllim işləyən Məmmədlə ailə həyatı qurub. Onların beş qız övladı olub. Məmməd kişi Vahidi öz doğma övladı kimi böyüdüb.
Vahid Süleymanovun anası Məkkə sakit təbiətli bir qadın olub. Çoxlu bayatılar, şeirlər, hekayələr, nağıllar bilirmiş. Vahid uşaq yaşlarından anasından eşitdiyi həmin inciləri öz yaddaşında möhkəm saxlayıb sonralar oxuduqlarını və mənimsədiklərini də onlara əlavə eləyib. Bu gün Vahid müəllim də çoxlu şeirlər, hekayələr, bayatılar söyləməklə ətrafına yığışan insanları feyziyab eləyir. Məhz buna görə də onun dostları, tanışları çox olub. Anası Vahidi ədəbiyyata necə həvəsləndirmişdisə, o, məktəbin kitabxanasında olan bütün kitabları oxumuşdu. O, ədəbiyyatla birlikdə tarixi, coğrafiyanı da yaxşı bilirdi. Vahid Laysk kəndindəki orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Bakıya gəlir. Arzusu tarix fakültəsinə daxil olmaq olsa da, amma taleyin hökmü ilə Politexnik İnstitutunun “istilik, qaz təchizatı və ventilyasiyası” şöbəsinə daxil olub. Burada dərslər əsasən rus dilində keçirilirdi. Rus dilini bilməyən Vahid üçün ilk əvvəl çətin olsa da az bir vaxtda müəllimlərinin köməkliyi ilə bu dili yaxşı öyrənib və ali məktəbi əla qiymətlərlə bitirib. Onu təyinatla Qazaxıstana göndəriblər. Vahid Süleymanovu Şərqi Qazaxıstan vilayətinin Ust-Kamenoqorsk şəhərində yerləşən “Santexquraşdırma” idarəsində işə götürüblər. Gənc mütəxəssislər üçün ayrılan yataqxanada ona yer veriblər. Savadlı, bacarıqlı və təşkilatçı olduğunu görüb, Vahidi quraşdırma işlərinə rəhbər təyin ediblər. O, az bir vaxtda bu işdə özünü doğrultduğuna görə onu vəzifə pillərində böyüdüblər. Burada işləri yaxşı getsə də Azərbaycan üçün çox darıxan Vahid Süleymanov 1965-ci ildə Bakıya qayıdıb və Bakı “Sənaye ventilyasiya” quraşdırma idarəsində iş icraçısı vəzifəsinə qəbul olunub. Həmin vaxtı metronun “Bakı soveti” ( indiki “İçəri şəhər”), “Sahil”, “28 may”, Gənclik və Nərimanov stansiyalarında ciddi iş gedirdi. Bu stansiyaları təhvil verməyə hazırlaşırdılar. Burada görüləcək və çox çətin olan ventilyasiya işlərini Vahid Süleymanova tapşırdılar. 1967-ci ildə metro stansiyaları təhvil veriləndə buradakı fəal əməyinə görə Vahid Sülüymanov Bakı şəhər İcraiyyə Komitəsinin şəhadətnaməsi və döş nişanı ilə təltif olundu. Bundan sonra onun vəzifə pillərində inkişafı başladı. 1970-ci ildə Meyvə-Tərəvəz Saxlama kamerasının tikintisində ventilyasiya işlərinin qurulmasına rəhbərlik etdiyinə və bu işin yüksək səviyyədə qurduğuna görə, həm də burada görülən işlərlə şəxsən ulu öndər Heydər Əliyev özü gəlib maraqlandığı vaxt işlərin gedişi haqqında Vahid Süleymanovun savadlı çıxışı xoşuna gəldiyi üçün onun əməyi az bir vaxtda yüksək qiymətləndirilib.Beləliklə, az bir vaxtda o, “Lenin” ordeni, “Qırmızı əmək bayrağı” ordeni və “Şərəf nişanı” ordenləri ilə təltif olunub. 30 yaşlı bir mütəxəssisin belə ordenlər alması doğrudan da böyük hadisə idi. Artıq 1975-ci ildən Vahid Süleymanov “Azsantexquraşdırma” Trestinin rəis müavini vəzifəsində işləməyə başladı. O, Azərbaycanın hər yerində tikilən obyektlərin, zavodların, fabriklərin texniki quraşdırma və ventilyasiya işlərinə rəhbərlik edirdi. Həmin vaxtlar da respublikanın hər yerində çox geniş tikinti-quraşdırma işləri gedirdi. Vahid Süleymanovun daha böyük işlərə rəhbərlik etməyə qadir olduğunu görüb, onu 1977-ci ildə, bir vaxtlar Politexnik İnstitutunda müəllimi olmuş və axırıncı 5-6 ildə onun tabeçiliyində işləmiş, Azərbaycanda tikinti-quraşdırma sahəsində əvəzsiz xidətləri olan və həmin vaxtı bu sahənin naziri olan Telman Kazımov, Vahid Süleymanovu yanına çağırıb dedi: “Səni, Bakı “termoizolyasiya” Quraşdırma idarəsinə rəis təyin etmək istəyirəm. Orada işlər çox pis gedir. İnanıram ki, burada da öz işini doğruldacaqsan”. Beləliklə, 1977-ci ildən Vahid Süleymanov burada rəis işlədi və az bir vaxtda bu müəssisədə işləri dirçəldib, müəlliminin inamını doğrultdu. Bundan sonra onların iş dairəsi daha da genişləndi. Onlar təkcə Bakıda yox, Sumqayıtda, Gəncədə və başqa yerlərdə termoizolyasiya işlərini görməyə başladılar. Bütün bu işlərinə görə Vahid Süleymanov “Əməkdar mühəndis” fəxri adına təqdim olundu. Amma yuxarıdan hansısa “qara bir əl” həmin adın Vahid Süleymanova verilməsinin qarşısını aldı. Azərbaycanın çoxlu rayonlarında tikilən Şərab zavodlarındakı böyük çənlərin istidən və soyuqdan qorumnası üçün orada olan termoizolyasiya işlərinin də görülməsinə Vahid Süleymanov rəhbərlik etdi. Tələbəsinin bu uğurlarını görən Telman Kazımov, Vahid müəllimi 1987-ci ildə yaradılan “Azəristilikquraşdırma” Trestinin rəisi təyin elədi. Artıq respublikadakı bütün termoizolyasiya idarələri bir yerdə cəmləşdi və bütün bunlara Vahid Süleymanov rəhbərlik etməyə başladı. 1989-cu ildən isə Quraşdırma və Xüsusi Tikinti naziri Telman Kazımov onu özünün müavini vəzifəsinə irəli çəkdi. 1991-ci ildə bu təşkilat “Azqur” Səhmdar Firmasına çevriləndə Vahid Məmmədov vitse-prezident oldu. Bu təşkilat yenə də əvvəlki kimi Azərbaycanda bütün quraşdırma və tikinti işlərini yüksək səviyyədə həyata keçirirdi. Bakı-Tiflis- Ceyhan beynəlxalq kəmərinin də bilavasitə çəkilişi ulu öndər Heydər Əliyev tərəfindən məhz bu təşkilata həvalə olunmuşdu. Telman Kazımovun rəhbərliyi və Vahid Süleymanovun maraqlı ideyaları nəticəsində bu iş yüksək səviyyədə və vaxtından əvvəl yerinə yetirildi. Dahi rəhbər Heydər Əliyev onların bu əməyini çox yüksək qiymətləndirmişdi.
Bütün bu illərdə Vahid Süleymanovun bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə təkcə Azərbaycanda yox, MDB məkanında da yüzlərlə zavodlar, fabriklər və başqa obyeklər qurulub. Bütün bunları sadalasam, böyük bir kitabın mövzusu eləyər. Və adam inana bilməz ki, bu qədər işlərə məhz bir insan, Vahid Süleymanov rəhbərlik eləyib.
Artıq ömrünün 80-ci baharını arxada qoyan Vahid İbadulla oğlu Süleymanovun fevral ayının 15-də keçirilən yubileyində mən də iştirak elədim. Vahid müəllim əgər istəsəydi həmin ad gününə 100-dən artıq adam dəvət eləyə bilərdi. Amma həmin yubileyə özünün ən yaxın adamları, yaxın dostları və ailə üzvləri gəlmişdi. Cəmi 30 nəfər. Burada olan dostları Vahid Süleymanovun keçdiyi şərəfli, çətin həyat yolunu danışdıqca, mənim onun haqqında bilmədiyim çox söhbətlər aydınlaşır və Vahid müəllim gözlərim qarşısında bir daha böyüyürdü...
Evə qayıdanda çox şən və maraqlı keçən bu yubileyi və Vahid müəllimin həyat yolunu gözlərim qarşısında canlandırdıqca, fikirləşirdim ki, axı niyə bizdə həyatda belə haqsızlıqlar olur? Niyə bu vaxta qədər Vahid Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilməyib? Niyə insanlara sağlığında bütün layiq olduğu qiymətlər verilmir? Görəsən bu, niyə belədir? Axı Vahid Süleymanov kimi çoxlu böyük mütəxəssislərimiz var ki, onlara fəxri adlar, Prezidentin fəxri təqaüdü verilməyib və özlərinin layiqli qiymətlərini ala bilməyiblər. Amma heç bir xidməti olmayanlara fəxri adlar, ordenlər, medallar verilib. Bunun günahkarı kimdir?
Belə insanlar dünaysını dəyişəndə heyfislənirik ki, niyə vaxtında öz qiymətini almadı... Həmin vaxtı da bir-birimizi günahlandırırıq... Axı günahın yarısından qayıtmaq, bu özü böyüklük əlamət, ürəyigenişlikdir. Dahilər də deyib ki, “ədalətsizlik zorakılıqdan daha dözülməzdir”.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi