Növbəti mühazirə Novruz ənənələrinə həsr edilib
14 Mart 2021 10:30 (UTC+04:00)
Azərbaycan Milli Xalça Muzeyində filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımovanın təqdimatında "Unudulan Novruz adətləri" mövzusunda mühazirə keçirilib. Xalça Muzeyindən SİA-ya bildirilib ki, tədbirdə milli mədəniyyətimizin ən qədim və zəngin hadisəsi olan Novruz bayramının tarixi, onunla bağlı mərasim ənənələri, inanclar barədə ətraflı məlumat verilib. Həmçinin tarixən mövcud olan və tədricən unudulan Novruz adətlərindən danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. S.Qasımova müəllifi olduğu 2 kitabı muzeyin kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, karantin qaydalarına əsasən, tədbirdə 10 nəfər iştirak edib. Mühazirə muzeyin "Instagram" səhifəsindən canlı yayımlanıb.