Türkmənistanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

13 Mart 2021 09:36 (UTC+04:00)

Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı və Türkmənistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə online canlı bağlantı və konsert keçirilib.

SİA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında təşkil edilən tədbir Türkmənistan Respublikasının müstəqilliyinin 30 illiyi və Türkmənistanın 2021-ci ili “Beynəlxalq sülh və etimad ili” elan etməsi münasibətilə təşkil olunub.

Konserti Türkmənistan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq namizədi Rasul Amanqeldiyev, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açıq elan ediblər. Hər iki rektor öz növbəsində iki qardaş ölkənin, xalqın daim həmrəy olduğunu, bir-birini dəstəkləməsini, mədəniyyətimizin və incəsənətimizin yaxınlığını vurğulayıblar. Həmçinin konserti təqdir edərək belə tədbirlərin tez-tez, mütəmadi təşkil edilməsini təklif ediblər.

Natiqlər konsertin təşkilatçılığına görə Türkmənistanın Azərbaycandakı səfirliyinə təşəkkürlərini bildiriblər.

Sonra Türkmənistan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələrinin ifaları dinlənilib.

Konsert proqramı böyük maraqla qarşılanıb.