Azərbaycan Prezidentindən gənclərə növbəti tarixi istiqamət

12 Mart 2021 15:35 (UTC+04:00)

YAP-ın Gənclər Birliyində yeni mərhələ

Ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olan Yeni Azərbaycan Partiyasının VII qurultayında Azərbaycanda baş verən hadisələr, verilən qərarlar, atılan addımların uğurunun arxasında qərarların zamanında qəbul edilməsidir. Bəlkə də bu gün atılan hər hansı addım 1 il, 2 il və hətta deyərdim ki, 1 ay öncə atılsaydı, bu qədər effektiv nəticə əldə etmək olmazdı. Biz bunun 26 il danışıqlar prosesindən sonra torpaqlarımızn işğaldan azad olunması barədə hücum Əmrinin verilməsində də əminliklə şahidi olduq. Bütün bunlar ölkə başçısının düşünülmüş, uzaqgörən siyasətindən irəli gəlir. Mart ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının VII qurultayı zamanı partiyada edilən yeniliklərin gənclər birliyini də əhatə etdiyini söyləyib.

Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, gənc nəslin tərbiyə edilməsi hər bir dövlət üçün xüsusi əhəmiyyət daşıyan məsələdir: “Əgər gənc nəsil tərbiyə edilməsə, əgər gənc nəslə ümumbəşəri dəyərlər aşılanmasa, o zaman gələcəkdə problemlər qaçılmazdır. Çünki biz bu gün də görürük ki, nəsillər dəyişdikcə bəzi ölkələrdə radikal qüvvələr ya hakimiyyətə gəlir, ya da ki, ildən-ilə, seçkilərdən-seçkilərə onlara verilən səslərin sayı çoxalır. Onların arasında faşist partiyaları var, onların arasında islamofob şüarlarla hakimiyyətə gəlmək istəyənlər var, onların arasında radikallar var. Bütün bunlar onu göstərir ki, tərbiyə işində boşluqlar olub. Sadəcə olaraq, ölkələrin təhsil sistemi bu sahəyə diqqət yetirməyib. Amma tərbiyə həm dərslər zamanı verilməlidir, eyni zamanda, ölkədə hökm sürən ab-hava ilə - o da tərbiyə üsullarından biridir. Məsələn, əgər Azərbaycanı misal gətirsək, bizdə iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Harada ki, xalqın maraqları ön plandadır, o ölkələrdə nəsildən-nəslə keçən ənənələrlə yaşayır və biz bu ənənələri yaşatmalıyıq. O ölkələrdə ki, milli identifikasiya artıq arxa plana keçir, o ölkələrdə ki, ənənəvi dəyərlər demək olar ki, deqradasiyaya uğrayır, o ölkələrin gələcəyi çox problemli ola bilər”.

“Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar”

Dövlət başçısı onu da bildirib ki, ölkəmizin imicini aşağı salmaq, ölkə daxilində inamsızlıq yaratmaq, saxta faktlar ortaya atmaq – bütün bunların bir məqsədi var, çaxnaşma, xaos şəraitində gələcəkdə, hansısa xarici dairələr üçün zəmin yaratmaq: “Biz buna imkan verə bilmərik. Ona görə gənc nəslin tərbiyə edilməsi gündəlik fəaliyyətimiz olmalıdır. Həm ali məktəblərdə, ilk növbədə, ailələrdə və eyni zamanda, siyasi partiyalarda buna fikir verilməlidir. Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, onlar ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar”.

“Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır”

Prezident İlham Əliyev YAP-ın qurultayında onu da söyləyib ki, burada, əlbəttə ki, təcrübəli nəslin fəaliyyətindən çox şey asılıdır: “Misal üçün, Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradılıb. Hesab edirəm ki bu, çox önəmli addımdır. Bu Veteranlar Şurasının tərkibində tanınmış hörmətli insanlar fəaliyyət göstərəcəklər. Mən onlardan da xahiş edirəm ki, onlar da çox fəal olsunlar, bölgələrdə olsunlar, gənc nəslin nümayəndələri ilə görüşsünlər. Ölkə haqqında həqiqətləri gənc nəsil bilmir, hansı ki, 1991-1992-ci illəri görməyiblər. Bu haqda məlumat verilməlidir ki, onlar bilsinlər, biz nəyin bahasına bugünkü reallıqları əldə etmişik. Vətən müharibəsi ilə bağlı, postmüharibə dövrü ilə bağlı məlumatlar verilməli, bütün bunlar izah edilməlidir. Çünki xaricdən, oradan-burdan yalan, saxta məlumatlar gəlir və bəzi hallarda gənc insanlar buna inanırlar. Məhz o hesabat da bunun üzərində qurulur və gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir. Ənənələrimiz, dəyərlərimiz, yaşayış tərzimiz – bütün bunlar bizim sərvətimizdir, biz bunu itirə bilmərik və itirməməliyik. Ona görə gənc nəslin tərbiyə edilməsi çox önəmli məsələdir və burada milli-mənəvi dəyərlər ön plandadır. Digər önəmli məsələ isə odur ki, - Yeni Azərbaycan Partiyası həmişə bu sahədə fəal olub, bizim dövlət siyasətimiz də bu sahədə birmənalıdır, - Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Bu, bizim böyük sərvətimizdir. Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”.

Məhz Azərbaycan Prezidentinin tarixi tövsiyələrinə əməl edərək Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iclası keçirilib

Martın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin keçirdiyi iclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının VII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Tahir Budaqov qeyd edib ki, qurultayda partiyamızın sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqi YAP üzvləri qarşısında yeni vəzifələr müəyyələşdirir. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu deyən YAP sədrinin müavini bununla da müasir Azərbaycanın tarixində yeni səhifənin açıldığını söyləyib. Onun sözlərinə görə, qazanılan Zəfərdən sonra Azərbaycanın qarşısında daha möhtəşəm vəzifələr dayanır. Ona görə də, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində bu vəzifələrin yerinə yetirilməsi xüsusi diqqət mərkəzində olacaq.

Yeni Azərbaycan Partiyasının ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Tahir Budaqov qeyd edib ki, hər bir şəxs üçün Ulu Öndərin yaradıcısı olduğu partiyanın üzvü olmaq böyük şərəfdir. YAP-ın yaranma tarixindən, o dövrün ictimai-siyasi proseslərindən bəhs edən Mərkəzi Aparatın rəhbəri bildirib ki, 1990-cı illərin əvvəllərində respublikada xaos, anarxiya hökm sürürdü və dövlətçilik məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanın gələcəyini düşünən ziyalılar ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciət etdilər. YAP yarandıqdan qısa müddət sonra xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, ölkəni məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı. YAP-ın ötən dövrdə böyük yol keçdiyini deyən Tahir Budaqov söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsini yaşayır. YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsinə çevrilib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, artıq ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Bu baxımdan, YAP qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini yeni, müasir tələblərə uyğun olaraq davam etdirməlidir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir.Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin həyata keçirildiyini deyən Tahir Budaqov ölkəmizdə gəncliyin inkişafı üçün bütün imkanların yaradıldığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği, Prezidentimizin siyasətinin fəal təbliğatı, milli mənəvi dəyərlərin qorunması və s. sahələrdə fəallığını gücləndirməlidir. YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyanın yeni Nizamnaməsinə əsasən, YAP Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir. Artıq bu barədə müvafiq qərar qəbul olunub. Belə ki, Bəxtiyar Qabil oğlu İslamov YAP Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər YAP Gənclər Birliyinin üzvü seçilib. Tahir Budaqov, bütövlükdə YAP gənclərinin ölkəmizin inkişafı prosesinə öz töhfələrini fəal şəkildə vermələrini deyib.

RƏFİQƏ HÜSEYNOVA