Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 13-də saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində vizual effektlər üzrə rəssam Hacı Qədirovun ustad dərsi keçiriləcək.
Dövlət Rəsm Qalereyasından SİA-ya bildirilib ki, ustad dərsi rəqəmsal incəsənətin yeni sahəsi kimi film, oyun sənayesində istifadə edilən vizual effektlərin tətbiqini, bu sahədə olan müasir alətlər və metodları göstərmək məqsədilə reallaşacaq.
Kanadada yaşayan rəssam Hacı Qədirov “Justice League”, “Underwater”, “Godzilla King of Monsters”, “Aquaman”, “X-Men”, “Dark Phoenix” və digər xarici filmlərdə “FX artist” kimi çalışıb.
Ustad dərsinin “Zoom” proqramı vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.
Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.