Ermənistanda mitinq başladı Parlamentə giriş bağlandı

9 Mart 2021 20:05 (UTC+04:00)

Baqramyan prospektində "Vətənin Qurtuluşu Hərəkatı"nın mitinqi Baqramyan prospektində başlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, mitinq iştirakçıları hər zamankı kimi baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb edirlər.

“Vətənin Qurtuluşu Hərəkatı”nın nümayəndəsi Vaqram Baqdasaryan da bu barədə jurnalistlərə açıqlama verib.
Bildirilir ki, hərəkatın tərəfdarları Ermənistan parlamentinə xidməti girişləri bağlayıblar. Qeyd olunur ki, mitinq iştirakçıları Dəmirçiyan küçəsində çadır qurmağa hazırlaşırlar. Ermənistan mediasında yayımlanan məlumata görə, polis etirazçıların hərəkətlərinin qanunsuz olduğunu elan edir və onları dağılışmağa çağırır. Bununla yanaşı, hüquq mühafizə orqanlarının əlavə qüvvələri Dəmirçyan küçəsinə yığılır və buna məhəl qoymayan etirazçılar bu anlarda çadır qururlar.
Xatırladaq ki, 25 fevral tarixində Baş Qərargah baş nazir Nikol Paşinyanın və hökumətin istefasını tələb etdikdən sonra Ermənistanda daxili siyasi vəziyyət kəskin şəkildə pisləşib. Baş nazir isə bu bəyanatı hərbi çevriliş cəhdi kimi qiymətləndirib və Baş Qərargah rəisi Onik Qasparyanın istefası təklifi ilə prezidentə müraciət edib. Prezident Baş nazirin vəsatətini imzalamayıb, amma Paşinyan bunu ikinci dəfə təkrarən prezidentə göndərib.
Göründüyü kimi, Ermənistanda vəziyyət get-gedə daha da pisləşir və böhran sürətlə böyüyür. Müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın və mövcud hakimiyyətin istefasında israrlı olduğunu bəyan edir. Hətta müxalifətçilər bütün vətəndaşları mitinqlərə çağırır və siyasi proseslərə qatılmağı tövsiyə edir. Bununla yanaşı, Ermənistanın baş naziri hansısa vasitələrlə, həvəsləndirmə ilə, hansısa maraqlar müqabilində meydanlara tərəfdarlar çıxarmaqla qarşı tərəfə “əzələ nümayiş etdirir”. Qüvvələr və tərəflər arasında qarşıdurmalar və toqquşmalar da müşahidə edilir. Bu da ondan xəbər verir ki, hazırda bu ölkə məhz vətəndaş müharibəsi astanasındadır və Ermənistanda istənilən anda vətəndaş müharibəsi başlaya bilər. Beləliklə də, nəinki Ermənistanın, ümumilikdə erməni xalqının məhvi reallığa çevrilər, hansı ki, bu işğalçı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da bunu proqnozladırıb və “Ermənistanda vətəndaş müharibəsi erməni xalqının məhvinə səbəb olacaq“, deyib.