Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ölkədə yaratdığı yeni reallıqların bir ifadəsi olmaqla, gələcək siyasi gedişlərin istiqamətlərinin aydın proqramı idi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədrinin sözlərinə görə, qurultay bütün dünyaya göstərdi ki, YAP ölkədə alternativi olmayan, Heydər Əliyev siyasi kursuna əsaslanan və dövlətimizin başçısının ideyalarını dəstəkləyən, müstəqilliyi, həmrəyliyi, humanizmi, sülhü, əmin-amanlığı həyat amalına çevirən insanların partiyasıdır.
“YAP həm də qarşıya bəşəri məqsədlər qoyan, xalqın iradəsinə arxalanan və ölkə vətəndaşlarının mənafelərini hər şeydən üstün tutan və müəyyən etdiyi hədəflərə çatan bir partiyadır. Partiyamızın sədri Cənab İlham Əliyev deyir: “Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”.
Əgər dövlətimizin başçısı müqəddəs saydığı birinci hədəfə - torpaqlarımızın azğın düşməndən azad olunmasına, şəhidlərimizin ruhunun sevinməsinə, niskilli ürəklərin fərəhlənməsinə, qürurlanmasına nail olubsa, xalqının böyük hörmət və etiramını qazanıbsa, qarşıdakı hədəflərə çatmaq o qədər də çətin deyildir. Sözsüz ki, Prezidentimizin təşkilatçılığı və iradəsi sayəsində işğaldan azad olunmuş torpaqlarımızda bərpa işləri də uğurla aparılacaq, yaxın illərdə sakinlər öz ata-baba yurdlarına qayıdacaqlar. Qarabağda torpaqlar dirçələcək və yeni, gözəl bir həyat başlayacaq. Prezidentimizin sayəsində bu da hər birimiz üçün çatdığımız, qovuşduğumuz yeni, unudulmaz bir hədəf olacaqdır”, deyə Tahir Rzayev bildirib.