F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Günəşdən gələn pay” adlı layihəsinin növbəti mövzusunu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müəllim, şair, dramaturq və tərcüməçi Abdulla Şaiqin 140 illik yubileyinə həsr edib.
SİA-nın məlumatına görə, layihənin əsas məqsədi hazırlanmış videoçarxda şairin ev muzeyindən görüntülər təqdim etməklə, ədəbin irsini yaşatmaq, uşaq və yeniyetmələrə tanıtmaqdır.
Videoçarxın süjet xəttində kitab və kitabxanaların əhəmiyyətli rolu vurğulanır, uşaqların bir şəxsiyyət kimi formalaşmalarında, dünyagörüşlərinin artmasında, söhbətcil, hazırcavab olmalarında mütaliənin əvəzolunmaz olduğu qeyd olunub.
Videoçarxda, ədibin sevilən əsərləri sırasında yer alan “Tıq-tıq xanım” mənzum nağılının baş qəhrəmanları Tıq-tıq xanımla Siçan bəyin barış səhnəsi təqdim edilib.