Azərbaycanın xarici siyasətdə əsas prioriteti milli maraqların təmin olunmasıdır

9 Mart 2021 13:14 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi və regionda söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Belə ki, Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq etmək üçün kifayətdir. Ölkəmiz artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və s.-tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Əlbəttə ki, keçirilən hər tədbir, konfrans, yarış respublikamızın dünyada müsbət imicinin formalaşmasına, turizm potensialının yüksəldilməsinə və digər dövlətlərlə ikili əlaqələrinin inkişaf etməsinə və ya möhkəmlənməsinə yönəldilən düşünülmüş siyasətin nəticəsidir.

Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin son 17 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi Azərbaycanın bu gün sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkəyə çevrilməsidir. Dünyada baş verən sürətli və ziddiyyətli geosiyasi dəyişikliklər hər bir müstəqil dövlətin xarici siyasət kursunu daha da aktuallaşdırır. Azərbaycanın xarici siyasət kursunun əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmişdir. Təcrübə göstərir ki, bu, çox uğurlu, səmərəli, demokratik məzmunlu və praktiki nəticələri yüksək olan prinsiplər sistemidir. Qeyd edək ki, xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr həm də gələcəyə ümidlə baxmağa əsas verir.

Bu gün Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev xarici siyasətdə sistemlilik, davamlılıq, ardıcıllıq və reallıqları nəzərə almaqla, ədalətlilik və beynəlxalq hüququn normalarına tam əməl etmək kimi amillərə böyük önəm verir. Hər birimizə məlumdur ki, Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşir və buna görə də xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən isə bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Əminliklə demək olar ki, artıq gənc Azərbaycan Respublikası balanslaşdırılmış xarici siyasət həyata keçirərək etibarlı, məsuliyyətli tərəf müqabili kimi dünya tərəfindən qəbul olunur. Bununla yanaşı, ölkəmiz birmənalı, açıq və prinsipial mövqeyini əsla tərk etməyərək, heç bir ölkəyə ikili standartlar tətbiq etmir. İstər beynəlxalq səsvermələrdə, istərsə də digər platformalarda daim ədalətli mövqedən çıxış edir. Xarici siyasətimizin əsasında beynəlxalq hüquq normaları, insani məsuliyyət daim əsas prioritet olaraq qəbul edilir.

Əlbəttə ki, bizim bu mövqeyimiz sonrakı mərhələlərdə özümüz üçün də ədalətin tələb olunmasında əsaslı rol oynayır. Bunu, 44 günlük Vətən müharibəsində də müşahidə etdik. Belə ki, Azərbaycanın daha əvvəl ərazi bütövlüyünü dəstəklədiyi ölkələr, həmin çətin situasiyada Azərbaycana dəstək oldu. Xüsusilə vurğulamaq istədiyim bir məsələ də xarici siyasətimizdə əsaslı yer tutan beynəlxalq təşkilatlarla birgə fəaliyyət mövzusudur.

Yəqin ki, heç birimiz Vətən müharibəsində bir çox böyük dövlətin Ermənistana dəstək olma cəhdlərini unutmamışıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İqtisadi Əməkdaşlıq Təşkilatının, GUAM-ın və digər təşkilatların münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələrinə baxmayaraq bəzi özlərini demokratiyanın beşiyi olaraq adlandıran ölkələr işğalçı ölkəyə dəstək olmağa cəhd edirdilər. Həmin ölkələr hətta münaqişə ilə bağlı BMT-nin qətnamələrini unudaraq, yenidən, bu dəfə Ermənistanın mövqeyini dəstəkləyən qətnamə qəbul etdirməyə çalışırdılar. Amma onların bu əməlləri baş tutmadı. Onlara maneə olan isə İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin kimi ölkələr idi. Bu ölkələrin Azərbaycanın ərazi bütövlüyünə dəstək olaraq, “böyük” ölkələrin işğalçıya dəstək təklifinə qarşı çıxması və sözü gedən qətnamələrin qəbuluna maneə olması isə onların hər birinin Qoşulmama Hərəkatına üzv olmalarının nəticəsi idi. Əlbəttə ki, bu hadisə tarixə keçəcək mahiyyətdə idi. Azərbaycanın illərdir apardığı düşünülmüş siyasət, həmin günlərdə öz bəhrəsini verdi. Beləliklə, ölkə başçımızın da dediyi kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Buna görə də dövlət başçımıza hər məsələdə arxalanmaq bizim borcumuzdur. Azərbaycan xalqı şübhə etmir ki, bütün sahələr kimi, xarici siyasətimiz də əmin əllərdədir.

Azərbaycan bundan sonra da dünyəvi, demokratik və ədalətli dövlət kimi beynəlxalq aləmdə fəaliyyətini yeni səviyyəyə yüksəltməkdə qərarlıdır. Bütün çətinliklərə, fərqli ölkələrin maraqlarının toqquşduğu Cənubi Qafqaz kimi bir regionda olmağımıza baxmayaraq Azərbaycan öz etibarlı tərəfdaş imicini qoruyub saxlamağı və azad siyasət yeritməyi bacarır. Bu o deməkdir ki, gələcəkdə də bizi xarici siyasətdə yeni-yeni uğurlar gözləyir.

Sailə Salahova

YAP Pirallahı rayon təşkilatının fəalı