Əldə edilən uğurlar görülən işlərin nəticəsidir

9 Mart 2021 12:57 (UTC+04:00)

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması dövlətin beynəlxalq iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu əlaqələrin yüksək temp ilə inkişafında mövcud olan faktorlardan biri kimi layihələrin inkişafında ölkəmiz etibarlı bir tərəfdaş kimi böyük uğurlara imza atmasıdır. Qazanılan müsbət imic, əldə olunan qarşılıqlı etibar və inam müstəqillik qazandığı dövrdən bu günədək Azərbaycanın iştirak etdiyi layihələrdə tərəfdaş kimi öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən irəli gəlir. İqtisadi əlaqələrdə qazanılan əməkdaşlıq digər sahələrdə - siyasi və hərbi-təhlükəsizlik sahələrində də əməkdaşlıqların əldə edilməsilə nəticələnib. Layihələrin icrası, əməkdaşlığın davamlı inkişaf etdirilməsi üçün Azərbaycanın üzərinə düşən öhdəlikləri qətiyyətlə yerinə yetirməsi tərəfdaş ölkələr tərəfindən rəğbətlə qarşılanıb.

Dünya birliyində Azərbaycanın müsbət imicinin formalaşması müttəfiqləri ilə birmənalı mövqe nümayiş etdirməsindən irəli gəlir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici siyasət kursunun əsasını təşkil edən ardıcıllıq və birmənalı prinsiplərinə daim öz çıxışlarında toxunaraq, onları çox açıq və prinsipial siyasət adlandırıb. “Deyilən sözə, verilən vədə əməl etmək” Azərbaycanın müttəfiqləri ilə əməkdaşlığında əsas prinsipi olub. Heç bir gizli məqam olmayan və milli maraqlara söykənən xarici siyasətimizin bu prinsipi əməkdaşlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulur.

Qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması Azərbaycanı beynəlxalq aləmdəki etibarlı tərəfdaş kimi tanıtmışdır. Əsasən iqtisadi əlaqələr üzərində qurulan bu əməkdaşlıq prinsipləri Azərbaycanın enerji resurslarına digər dövlətlərin ehtiyacından irəli gəlir. Beynəlxalq enerji layihələrinin reallaşdırılması, təkcə region ölkələri deyil, Avropa dövlətlərinin də Azərbaycan neftinə və qazına olan tələbatı Azərbaycanın dünyada liderlik qabiliyyətini artırır. Düzgün aparılan xarici iqtisadi-siyasət kursumuz nəticəsində Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib.

Beynəlxalq iqtisadi əlaqələrin reallaşdırılması yeni layihələrin, xüsusilə, nəqliyyat dəhlizlərinin artırılması istiqamətində geniş imkanlar açır. Xarici və daxili siyasətimizin özəyi iqtisadi inkişaf və bu inkişaf nəticəsində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır.

Bakının ən gənc və əhali sayına görə ən balaca rayonu olan Pirallahıda da dövlətimizin daxili siyasətinin əsasını təşkil edən əsas istiqamətinin - insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən sosial və iqtisadi layihələrdən rayon ictimaiyyəti yararlanır. Neft rayonu olan rayonumuzda sənayenin inkişafı üçün Pirallahı rayonunda yaradılmış Sənaye Parkı və Yüksək Texnologiyalar Parkında istifadəyə verilən sənaye müəssisələri rayon iqtisadiyyatının inkişafı ilə yanaşı yerli əhalinin işlə təminatında da mühüm rol oynamışdır. Ərazi və əhali sayına görə kiçik bir rayonda abadlıq-quruculuq işlərinin həcmi və sürətlə həyata keçirilməsi ölkə başçısının diqqətindən kənarda qalmamışdır. Fəxrlə qeyd etmək istərdim ki, yarandığı 8 il müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 7 dəfə rayonumuza səfəri ictimaiyyətə göstərilən xüsusi diqqətin nəticəsidir.

Vətən müharibəsində əldə edilən Zəfər Qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi qarşıda görüləcək abadlıq-quruculuq işləri, yeni ifrastruktur layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratmışdır. Enerji layihələrinin icrası üçün yaradılacaq yeni nəqliyyat dəhlizlərinin açılması layihələrin müvəffəqiyyətlə icrası üçün əlverişli şəraiti labüd edir. Azərbaycanın xarici siyasətinin əsasını təşkil edən etibarlı əməkdaşlığın qarşıda görüləcək işlərdə də öz əksini tapacağı heç kimdə şübhə oyatmır. Azərbaycanın əldə etdiyi uğurlar və dünya birliyində, beynəlxalq aləmdə formalaşdırdığı müsbət imic bu günədək apardığı düzgün xarici siyasətin və görülən işlərin nəticəsidir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı

Aparatının əməkdaşı Məmləkət Qaraçobanova