İtaliyada koronavirusla əlaqədar ölənlərin sayı 100 min nəfəri ötüb

9 Mart 2021 06:08 (UTC+04:00)
İtaliyada koronavirusla əlaqədar ölüm hallarının sayı rəsmi olaraq 100 min nəfəri ötüb. SİA xəbər verir ki, bu məlumatı yeni Baş nazir Mario Draqi ölkədəki epidemioloji vəziyyət barədə danışarkən verib. O, hazırda yoluxma hallarının yenidən artması fonunda ölkə əhalisini səbrli olmağa və karantin qaydalarına riayət etməyə çağırıb. Baş nazir videomüraciətdə vaksinasiya kampaniyasının plana uyğun şəkildə genişlənməsindən sonra vəziyyətin yaxşılaşacağına ümidvar olduqlarını bildirib. Qeyd edilib ki, ötən ilin mart ayının 10-dan karantin rejimində olan ölkədə vəziyyətin yenə də gərgin qalacağını və ölüm hallarının 100 minə çatacağını heç kim təsəvvür etmirdi. Bir həftə ərzində hər yüz min nəfərə düşən yeni yoluxma hallarının sayı fevralın sonunda 195-ə çatıb, bu isə ölkənin bəzi regionlarında karantin qaydalarının yaxın gələcəkdə sərtləşdirilməli olacağına işarədir. Bir sıra ekspertlər isə İtaliyanın vaksinasiya kampaniyasındakı strategiyasını tənqid ediblər. İtaliya dünyada ən çox yaşlı əhaliyə malik ölkələr sırasında yer almasına baxmayaraq, rəsmi Roma vaksinasiya prosesində ilk növbədə tibbi heyətin peyvəndlənməsinə diqqət verib. İndiyədək ölkə üzrə tətbiq olunan 5,4 milyon peyvənd dozasının 2,5 milyonu tibb işçilərinin payına düşür. Tənqidçilər hesab edirlər ki, yaşlı əhalinin peyvəndlənməsindəki ləng proses bu yaş qrupundakı insanlar arasında ölüm hallarının yüksək qalması ilə nəticələnib.