YAP yarandığı gündən bu günə kimi öz inkişafında mühüm irəliləyişlərə nail olub - ŞƏRH ÖZƏL

8 Mart 2021 16:30 (UTC+04:00)

"Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin bütün sahələrində Yeni Azərbaycan Partiyasının ideologiyası özünü göstərməkdədir. Bu gün, YAP nəinki regionda, eləcə də, beynəlxalq aləmdə özünün böyük nüfuzu ilə tanınan siyasi bir təşkilatdır. Məhz Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik olan partiyamız hazırda Cənubi Qafqazda və ümumilikdə beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənir. YAP-ın təsis olunduğu 1992-ci ildən keçən dövr ərzində həm Azərbaycan dövləti, həm də partiya öz inkişafında mühüm irəliləyişlərə nail olub. Azərbaycan keçmiş SSRİ-nin yarımmüstəqil bir respublikasından dünya birliyinin bərabərhüquqlu üzvünə, tam müstəqil, demokratik və hüquqi dövlətə çevrilmişdir. Tarixi faktlar göstərir ki, həqiqətən də Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanmışdır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, o zamankı hakimiyyətin yarıtmaz, səriştəsiz fəaliyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirirdi: "Həmin dövrdə bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atıldı. Partiya yarandıqdan az sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı. Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir. 2003-cü ildən etibarən Azərbaycanın demokratik prinsiplərə əsaslanan inkişafı, əldə etdiyimiz böyük uğurlar Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyətli, güclü fəaliyyəti, onun dövlətimiz və xalqımız üçün həyata keçirdiyi misilsiz xidmətləri, eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasətin bariz nümunəsi olaraq, Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş və son 17 il ərzində ümumi daxili məhsul 3 dəfə artmışdır. Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enmişdir. Həmçinin uğurlu proseslərin davamı kimi söyləyə bilərəm ki, Azərbaycanın xarici dövlət borcu dünyada ən aşağı səviyyələrdədir, ümumi daxili məhsulun təqribən 20 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir. Faktlara əsaslanaraq söyləyə bilərəm ki, neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbaycandır. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 6 dəfə çoxdur. 1990-cı illərin başlanğıcında torpaqlarımızın 20%-i erməni mənfurları tərəfindən işğal olunduqdan sonra bir milyondan çox soydaşımız məcburi köçkün və qaçqın vəziyyətinə düşmüşdür. Cənab Prezidentin bütün vətəndaşlarımıza, xüsusilə də bu həssas qrupdan olan şəxslərin ehtiyaclarının təmin edilməsi üçün bu günədək 8 milyard manata yaxın və ya təqribən 5 milyard dollar həcmində vəsait sərf edilmişdir. 300 mindən artıq məcburi köçkün pulsuz ev və mənzillərlə təmin olunmuşdur. Azərbaycan dünyada humanist ölkə missiyasını həyata keçirir və qlobal problemə çevrilən yeni növ koronavirusla mübarizədə həm ölkəmizdə modul tipli xəstəxanalar, klinikalar, tibbi maska istehsal edən müəssisə açılmış və vətəndaşlarımızın sağlamlığı prioritet məsələ kimi əsas götürülmüşdür, həm də COVID-19 ilə bağlı dövlətimiz 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib".

İ.Məmmədov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizdə, həmçinin, regionda baş verən əsaslı dəyişikliklər və yeni reallıqlarla əlaqədardır: "Bu tədbir ölkəmizin ictimi-siyasi həyatına müsbət təsir göstərəcək qədər xüsusi rola malikdir. YAP-ın Sədri cənab İlham Əliyevin hesabat dövrünü təhlil edən xüsusi məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Xüsusi olaraq qeyd etməliyəm ki, altı siyasi partiyanın YAP-a qoşulması əlamətdar hadisədir. Ölkə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq qarşıdakı 3 ay ərzində yeni proqram hazırlanacaq. Bütün bunlar ölkə vətəndaşlarına olan xüsusi diqqət və qayğının göstəricisidir. Həmçinin fəxarət hissi ilə qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz torpaqlarımızı düşməndən azad etdi və möhtəşəm zəfər Qələbəsi ilə torpaqlarımızın ərazi bütövlüyü bərpa olundu. Tam əminliklə söyləyə bilərəm ki, YAP Böyük Qayıdış proqramı çərçivəsində uzun illərdir öz doğma dədə-baba torpaqlarına həsrət qalan soydaşlarımızın azad olunan ərazilərə qaytarılması prosesində öndə olacaq və hər zaman olduğu kimi, gələcəkdə də öz müsbət fəaliyyətini davam etdirəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan öz müstəqilliyini tam təmin edib. Yəni bu gün Azərbaycan, sözün həqiqi mənasında, müstəqil dövlətdir və bu, hər bir azərbaycanlının daxilində bir qürur hissi yaradır".